“Avropa Siyasi Birliyi”nin 6-cı Zirvə toplantısı keçirilir. Prezident İlham Əliyev toplantıda iştirak etmək üçün Albaniyanın paytaxtı Tiranaya işgüzar səfər edib. Toplantıya 50-yə yaxın ölkə dəvət edilib. Eləcə də Ermənistan Baş naziri Nikol Paşinyan tədbirdə iştirak üçün Albaniyadadır.
Burada Prezident İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyan arasında görüşün keçirilib-keçirilməyəcəyi maraq doğurur.
“İlham Əliyevlə Paşinyanın Albaniyada görüşünün baş tutması mümkündür”
Modern.az-a açıqlamasında sabiq xarici işlər naziri Tofiq Zülfüqarov bildirib ki, postkonflikt siyasi proses çox mürəkkəbdir:
“İndi Ermənistan və Azərbaycan arasında gedən danışıqlarda durğunluq var. Ermənistan Azərbaycanın şərtlərini icra etmək üçün vaxt istəyir. Hiss olunur ki, onlar bu mövzuya, artıq çox ciddi yanaşırlar. Amma siyasi baxımdan lazımı prosedurlar baş verməlidir. Söhbət konstitusiyadan gedir. Ümumiyyətlə, vəziyyəti, kommunikasiya mövzusunu,yenə də, müzakirə etməyə ehtiyac var. İndiki mərhələdə bu tədbirdə iki lider arasında görüşün baş tutub-tutmayacağını demək çətindir. Hesab edirəm ki, görüş mümkündür. Amma problem ondan ibarətdir ki, həmişə olduğu kimi müxtəlif Avropa liderləri bu prosesdə öz imicləri üçün xeyirli mənzərə yaratmağa çalışacaqlar. Guya onlar az qala vasitəçidirlər. Belə cəhdlər də istisna olunmur.İzləyək görək nəticə nə olacaq".
"Ermənistanla görüş birbaşa olmalıdır"
Azərbaycanın mövqeyi ondan ibarətdir ki, Ermənistanla görüş birbaşa olmalıdır. Sadəcə olaraq bu və ya digər ölkə sadəcə imkan yaradır ki, görüş baş tutsun, təbii ki, özləri iştirak etmir. Azərbaycan “vasitəçiliyi” qəbul etmir. Görüş bəlkə də, lazımdır. Amma orada istisna olunmur ki, hansısa cəhdlər olacaq ki, Avropa liderləri özlərinə imic qazandırmaq üçün görüşdə şəkil çəkdirməyə özlərini çatdırsın. Görək, mən burada böyük problem görür”.