Modern.az saytı “Birinci ledilər” layihəsində xarici ölkələrin dövlət başçılarının xanımları barədə məlumatların təqdimatını davam etdirir. Növbəti yazımızda Moldovanın birinci xanımından bəhs edirik.
Marqarita Timofti 2012-ci il martın 23-də əri Nikolay Timofti Moldovanın prezidenti təyin olunandan sonra birinci ledi olub. Əri dövlət başçısı olana qədər Marqaritanı ictimaiyyət tanımayıb. Bununla belə, son illər müxtəlif tədbirlərdə iştirak etdiyindən məmurların arvadları arasında ən populyarlardan birinə çevrilib. Birinci ledi kitab oxumağı sevir, onun ürəkdən istirahət etdiyi yer isə kitabxanadır. O, milli və beynəlxalq konfranslarda, eləcə də xeyriyyə aksiyalarında da iştirak edir.
Marqarita Timofti 1956-cı il yanvarın 7-də Sorokski rayonunun Parkanı kəndində anadan olub. 1973-cü ildə yerli orta məktəbi bitirib. Ölkənin birinci ledisi Moldova Dövlət Universitetinin kitabxanaçılıq və biblioqrafiya fakültəsində ali təhsil alıb. 2005-ci ildə isə həmin universitetin hüquq fakültəsini bitirib. Marqarita Timofti Kişinyovdakı Respublika Gənclər Kitabxanasında kitabxanaçı, bölmə müdiri işləyib. 2010-cu ildən indiyədək əvvəlcə Moldova parlamenti katibliyində Avropa hüququ üzrə şöbənin baş məsləhətçisi, indisə baş hüquq idarəsində işləyir.
“Birinci olmaq çox çətindir”
O, kitab oxumağı, yaxşı musiqiyə qulaq asmağı, evdə və iş yerində özünün yetişdirdiyi güllərə qulluq etməyi çox xoşlayır. Birinci ledi müsahibələrindən birində deyib ki, yeni statusunun mənfi cəhətləri də var, bunlardan biri isə ailə üçün vaxtın azlığıdır. Marqarita Timofti deyir ki, onun yeni rolu çox böyük olduğu üçün üzərinə düşən öhdəlikləri də yaxşı anlayır: “Birinci olmaq, yaxud birincilər arasında olmaq çox çətindir. İstənilən səhvə, diqqətsizliyə görə cəzalandırılırsan”.
Prezidentin arvadının sözlərinə görə, bu cür dəyişiklikləri arzulamırdı: “Bu yeni status narahatlıq gətirir. İndi mən arzulamadığım statusa öyrəşməliyəm, çünki çox şey üçün hazır deyildim. Əsas xoşagəlməz cəhət odur ki, ailəmlə, xüsusilə oğlanlarımla ünsiyyət üçün sərbəst vaxtım çatışmır”.
Birinci ledi qeyd edir ki, onun əsas hobbisi kitab oxumaqdır, kitabxana isə ondan ötrü könül rahatlığı olan yerdir. Artıq neçə vaxtdır Timofti ingilis dili kursuna gedir. Bundan əlavə, Marqerata musiqi aludəçisidir. Tanqo və romanslara, eləcə də klassik musiqiyə, caza üstünlük verir.
Marqerata əri ilə münasibətindən danışır: “Biz hər şeyi məsləhətləşirik. Qərarların böyük əksəriyyətini birgə qəbul edirik. Karyeraya gəldikdə, buna o özü qərar verir, hətta hərdən məndən də məsləhət alır”. Bununla belə, xanım Timofti inandırmağa çalışır ki, ərinin həmişə uşaqlarının tərbiyəsində rolu olub, amma xırda nüansları çıxmaq şərtilə avtoritar ata olmayıb. Onların 3 oğulları var.
Marqareta Timoftinin sözlərinə görə, rəhmdillik, ürək genişliyi və birinin dərdinə şərik olmaq onun da mənsub olduğu xalqı xaraterizə edən əsas keyfiyyətlərdir: “Təəssüf ki, insanlar son zamanlar problemlərindən, çətinliklərindən danışmağa daha çox üstünlük verirlər. Amma onlar unudurlar ki, optimizmə əsas verən yaxşı şeylər də var. Mən gənclərə, hətta yaşlı insanlara da məsləhət görərdim ki, sabahkı günlə bağlı daha inamlı, daha ümidli olsunlar. Mən ömrüm boyu belə etmişəm. Deməliyəm ki, orta səviyyəli insanın istədiyi kimi maddi nöqteyi-nəzərdən təmin olunmamışam. Bizim ziyalıların bir hissəsinin kifayət qədər əlavə gəliri olmayıb ki, dostları ilə görüşəndə sevinsinlər. Amma düşünürəm ki, bizim yenə optimist olmağa əsasımız var”.
“Moldovadakı pullu adamlar qəlbən kasıbdırlar”
Birinci ledinin sözlərinə görə, Moldovada çoxlu pullu adam var, amma təəssüf ki, qəlbən kasıbdırlar:
“İstərdim ki, biz kimisə televizorda görürük, yaxud radioda dinləyiriksə, onlar qəlbən varlı olsunlar. Əlbəttə, mən hamını nəzərdə tutmuram. Mən işimlə əlaqədar çox müxtəlif adamlar tanıyıram. Bir müddət əvvəl Unqen rayonunun Sineşt kəndində çoxuşaqlı ailəyə yardım etmək məqsədilə getmişdim. Mənzilə girib ev sahibi ilə tanış olandan sonra ondan soruşdum: “Yəqin ki, sizə 9 uşağı böyütmək, tərbiyə vermək və yedizdirmək çətindir? Sizin daha nəyə ehtiyacınız var? Sizin daha çox nəyiniz çatmır? O qadın cavabında dedi ki, bəzən səhər yeməyində, yaxud naharda stol üstündə yalnız çörək və kompot olur. Sonra davam etdi: “Bizə çətindir, amma yəqin ki, elə insanlar var ki, daha çətindir”.
Bu qadın, sadəcə məni valeh etdi, göz yaşlarmı saxlaya bilmədim, ona görə ki, hər gün daha kalorili yeməklə qidalanmalıdır, çünki o körpəsini də əmizdirməlidir...
Mənim, eləcə də hər kəsin vəzifəsidir ki, o yerləri unutmasınlar, oradan gedənlər və vətənində öz imkanları daxilində onlara həm maddi, həm də mənəvi köməklik etsinlər”.
“Moldova Avropanın ən kasıb ölkəsidir”
“...Ümid edirəm ki, bunlar müvəqqətidir. Sanki bütün dünya bizi dəstəkləyir, hamı bizə kömək etmək istəyir, bununla belə, biz sevinə bilmirik ki, insanların əksəriyyəti yaxşı yaşayır. Bizdə ziyalılar, təhsilli adamlar var, onlar sovet dövründə institut və universitet qurtarıblar və ömrü boyu işləyiblər, indi onların pensiyası çox azdır. Hətta statistikaya görə orta aylıq gəlir üzrə biz Avropanın ən kasıb ölkəsiyik - ayda cəmisi 260 dollar, amma İsveçrədə bu göstərici 5600 dollardır. Orada gəlir bizdəkindən 21 dəfə çoxdur”.
- 2012-ci ilin mart ayından birinci ledisiniz. Ötən müddətdə sizin həyatınızda hansı dəyişikliklər baş verib?
- Bu gözlənilməz hadisə idi, bizim həyatımızı kökündən dəyişdirib. Bir çox dəyişikliklər etməli olduq. Biz ictimai simalar olmuşuq, necə görünməyimizə və nə danışmağımıza daha çox fikir verməliyik. Nə zaman yeni nəsə etməyə başlayıramsa, öhdəliklərimi və məsuliyyətimi ciddi qəbul edirəm. Bu asan iş deyil və mən cəhd edirəm ki, nəyi bilmirəmsə öyrənim, buraxdığım səhvləri düzəldim və irəli gedim.
Kələm dolmasını çox sevən birinci ledi
“...Prezidentin həyat yoldaşı olmaq böyük məsuliyyət tələb edir. Hərdənbir ailənlə keçirmək istədiyin istirahətə xələl gətirmək üçün nədənsə keçmək lazımdır. Zaman keçdikcə, buna alışmaq lazım gəlir. Hərdən şəxsi həyatından imtina edirsən, hətta daha çox sevdiyim kələm dolmasını da bir sıra tədbirlərdə iştirak etmək naminə bişirməkdən vaz keçirsən. İnsanların çoxuna – uşaqlar, ehtiyacı olan insanlara, yaşlılara, yaxud imkanları məhdud olanlara kömək etməyə cəhd edirəm. Bu insanlar istəyirlər ki, onları dinləsinlər. İmkanlarım xaricində olsa belə, mən bunu etməyə çalışıram”.
Prezidentlə birinci xanımın mübahisəsi
“...Nikolae Timofti məndən daha yaxşı bildiyim sahələr üzrə məsləhət verməyimi xahiş edir. Qərarların qəbuluna gəldikdə, onun professionallığını nəzərə alaraq, bu məsələdə təsir göstərməyə cəhd etmirəm, çünki o situasiyanı məndən yaxşı bilir. Bəzən mübahisə etməyə başlayırıq, çünki hərənin öz fikri var. Çox vaxt mübahisə kompromislə nəticələnir, bəzən yox”.
Prezidentin oğlu işsizdir
“...Oğlanlarımın həyatında hansısa dəyişiklik olduğunu hiss etmirəm. Onların həmişə öz dostlarının dairəsi olub. Onlar çox açıqdırlar, ünsiyyətcildirlər. Mənim haqqım deyil ki, onların həyatı haqda danışım, onlar özləri istəyərlərsə bunu edə bilərlər. Hika kütləvi informasiya vasitələrindən birində işləyir. Ştefan ali məktəbi qurtarsa da, hələ işə düzəlməyib. Futbol komandalarından birində çıxış edir...
...Mənim hüquq fakültəsində təhsil almağımın əsas səbəblərindən biri əmək haqqı ilə bağlı olub. Etiraf etmək lazımdır ki, kitabxanaçının əmək haqqı ən aşağı səviyyədə olub, bəli indi situasiya bir qədər dəyişib. Mən istərdim ki, yaxın gələcəkdə mədəniyyət, təhsil və digər sahələrdə çalışanların əmək haqları artırılsın. Hüquqşünas ixtisası qanunvericiliyin yaxşılaşdırılmasına, insan hüquqlarının müdafiəsinə, milli qanunvericiliyin Avropa İttifaqının qanunvericiliyi səviyyəsinə çatdırılmasına kömək edir. Ən vacibi odur ki, hər iki ixtisasım insanlara xidmət edir”.
Birinci xanımın qarderobu
“...Mən Moldova brendlərinə üstünlük verirəm. Düşünürüəm ki, bizdə yaxşı mütəxəssislər var. Buna sübut olaraq deyə biərəm ki, mən kostyumlarımı bizim dizaynerlərdən birinə tikdirərəm. Natalya Melniki birinci ledi olmamışdan əvvəl kəşf etmişəm. Onun məhsullarında özümü yaxşı hiss edirəm, onlar mənim fiqurama uyğun gəlir. Son geyimimi Parisə səfər üçün sifariş etmişdim, ora liderlik üzrə Avropa konfransında iştirak etməyə getmişəm. Mənim xaricdə istehsal olunan geyimlərim də var. Əynimdəki kostyumu Vaşinqtondan almışam. O, sərfəli qiymətədir və rahatdır. Deyərdim ki, mənim qarderobumdakı geyimlərin 50 faizi Mioldovada istehsal olunub, 50 faizi isə xarici brendlərdir.
...Son zamanlar ən böyük xoşbəxtliyimiz bütün ailə bir yerə yığışanda olur. Amma bu nadir halda baş verir, çünki böyük oğlumuz Aleksey öz ailəsi ilə ABŞ-da yaşayır. Biz sevinclə bir yerdə nahar edirik, söhbətləşirik. Mənə kəndə getmək çox xoşdur, orada valideynlərimin xatirəsini yad edə bilirəm, onlar artıq bizimlə deyillər, imkan düşən kimi qohum-əqrabamızla görüşürük. Bundan əlavə, uşaqlarla birgə təbiətə gedirik”.
“Ərimin prezident olması mənim üçün sürpriz idi”
- Tez-tez yemək bişirirsiniz? Cənab prezident hansı yeməyə üstünlük verir?
- Mən yalnız qonaq gələndə, yaxud ailədə hanısa hadisə ilə bağlı səfərbər oluram. Bu işdə mənə bacım yardım edir. Həftə ərzində ətdən, balıqdan tez başa gələn yemək bişirirəm, salat hazırlayıram. Bir qayda olaraq Moldova yeməkləri bişirirəm. Ərimin ən çox xoşuna gələn yemək mamalıqa - qarğıdalı aşıdır. Çalışırıq ki, sağlamlığa xələl gətirəcək yeməklərdən uzaq olaq, duzdan və yağdan az istifadəyə üstünlük veririk.
...Mənim üçün ərimin ən sonuncu sürprizi onun prezident olmasıdır. Bu, sözün həqiqi mənasında mənim üçün sürprizdir.
Modern.az