Mayın 13-nə keçən gecə Gəncə şəhər sakini 18 yaşlı Elgün İbrahimov Məmməd Xələfov küçəsi 115 ünvanında - Azərbaycan Texnologiya Universitetinə məxsus, hazırda istifadəsiz olan yataqxananın həyətində ağır vəziyyətdə tapılıb və xəstəxanaya yerləşdirilsə də, bir neçə saat sonra vəfat edib.
Modern.az xəbər verir ki, “qafqazinfo”nun əməkdaşı E.İbrahimovun yaralı halda tapıldığı ərazidə olub.
Görüntülərdən ərazinin nəzarətsiz olması məlum olur.
Qeyd edək ki, ölüm hadisəsi ilə bağlı Gəncə Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (Qəsdın sağlamlığa ağır zərər vurma – ölümlə nəticələndikdə) maddəsi ilə iş açılıb və istintaq tədbirləri davam etdirilir.
Bir neçə gün öncə mətbuata açıqlama verən mərhumun dayısı Rövşən Zeynalov Elgünün döyülərək tanınmaz hala salındığını deyib. Onu peşə məktəbinin mühafizəçisi tapıb. Ağır vəziyyətdə xəstəxanaya aparılıb və ertəsi gün dünyasını dəyişib.
Anası isə Modern.az-a açıqlamasında bildirib ki, Elgün nə dalaşqan, nə pis iş tutan uşaq olub, həm oxuyurdu, həm işləyirdi. "Repetitor yanında hazırlıqlarından başqa o bazar günləri restoranda ofisiant işləyirdi. İmtahanına 15 gün qalmışdı, istəmirdim dərslərindən yayınsın, gecə yorğun gəlib yatdı, ertəsi gün informatika hazırlığına hazırlaşdı, öpüb yola saldıq, axırıncı dəfə elə o hazırlıqda olub. Danışdım, dedi son zəng hazırlığına gedirəm. Ondan sonra neçə dəfə yığsam da, zəng çatmadı Elgünə".
18 yaşlı gənc Gəncə şəhərində yerləşən 34 saylı məktəbin 11-ci sinif şagirdi imiş. O, bir neçə gün öncə buraxılış imtahanında yüksək nəticə göstərib.
Faktla bağlı Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işinin ibtidai istintaqı aparılır.
Cinayət əməlini törətmiş şəxsin və ya şəxslərin müəyyən edilərək istintaqa cəlb olunması istiqamətində daxili işlər orqanları ilə birgə zəruri və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir.