Ermənistanın keçmiş xarici işlər naziri (1998-2008) Vardan Oskanyanın Baş nazir Paşinyanla Prezident Əliyevin Tirana görüşünə dair reaksiyası – həm açıq ritorik təzyiq cəhdidir, həm də illərlə formalaşmış erməni siyasi diskursunun qapalı mətbəxindən sızan “içəridəki danışıqlar”ın etirafıdır. Bu cür çıxışlar ilk baxışda Paşinyanı tənqid edir kimi görünür, lakin əslində, bu mövqenin Azərbaycanla bağlı hansı köklü münasibətləri əks etdirdiyini, hansı illüziyaların dağılmaqda olduğunu və bu ritorikanın hansı “deyilməyənləri” deməyə başladığını görürük.
Fevralda 70 yaşı tamam olmuş bu Hələb ermənisinin (Vardan Minasi Oskanyan; Վարդան Մինասի Օսկանյան; 07.02.1955) Azərbaycanla bağlı mövqeyinin yaxud mövqesizliyinin mahiyyəti nədir?
- Oskanyan, uzun illər Ermənistanın xarici siyasətinin formalaşmasında iştirak etmiş bir fiqur kimi, bu açıqlamasında Azərbaycanın dominant aktor kimi təsvir olunmasından rahatsızdır. O, bunu bir təslimiyyət, fiasko kimi təqdim edir.
Lakin: -Əgər 30 il boyunca Ermənistan rəsmiləri, o cümlədən Oskanyan özü, Azərbaycanla sülh danışıqlarını “vasitələr”, “çərçivələr”, “status” və b. ritorika altında aparırdısa, bu açıqlama bir daha və təkzibolunmaz şəkildə göstərir ki, o danışıqlar heç vaxt səmimi olmayıb. Onlar, birmənalı olaraq görünür, yalnız “status-kvo”nun uzadılmasına, işğalın qanuniləşdirilməsinə və Azərbaycanın zəiflədilməsinə yönəlmişdi.
- İndi, Azərbaycanın hərbi, siyasi və diplomatik üstünlük qazandığı bir ortamda, əsl niyyətlər üzə çıxır: yəni, bu sülh çağırışları, əslində, Ermənistanda “sülh” deyil, “təslimiyyət” kimi qəbul olunur. Bu, onu göstərir ki, erməni siyasi elitası Azərbaycanla heç vaxt bərabərhüquqlu barışa hazır olmayıb və indi bu fikirlər daxili siyasi ixtilaflar vasitəsilə dilə gətirilir. Vardan “Sülh bərabərlik üzərində qurulmalıdır” ritorikasındadır. Deyir, “həqiqətən öz adına layiq sülh sazişi bərabərliyə əsaslanmalıdır”. Pəki. Amma görəlim bu fikrin arxasında nə var?
- Bərabərlikdən danışan Oskanyan, 30 il Qarabağda işğalçı vəziyyətdə olan tərəfin heç bir ədalət hissi olmadan davranmasını vurğulamır. Yəni onun “bərabərlik” anlayışı yalnız Ermənistanın istədiklərini danışıqlar masasına daşıya bildiyi dönəmlərlə məhdudlaşıb.
- Bu “bərabərlik” çağırışı əslində keçmiş “status-kvo”nu diriltmək cəhdidir. Halbuki bölgədə gerçəkliklər dəyişib, Azərbaycan öz ərazi bütövlüyünü təmin edib və dəngələr yenidən qurulub.
- Oskanyan möhtəməl “Sülh müqavilə”sini hüquqi cəhətdən legitim hesab etmir, deməzsənmi məgər “xalqın razılığı yoxdur”.
- Bax, bu dəqiq “klassik erməni siyasi ritorikası”dır: xalqı təhrik edərək qanuni öhdəlikləri qeyri-legitim göstərmək cəhdi. Açıqlamanın daxili-psixoloji səviyyəsi və erməni toplumuna hansı ismarıcı ötürməsi haqqında daha nə demək olar? Oskanyan bu açıqlama ilə əslində yalnız Paşinyana deyil, Ermənistan toplumuna də müəyyən açıq-örtülü siqnallar verir.
Yaramazın ağlınca: - Xarici siyasətdə güzəştlər - xəyanət ritorikası gücləndirilir deməkdir;
-Paşinyan rejimi zəiflədilir, amma eyni zamanda gələcək hər hansı konstruktiv sülh addımının da qarşısı alınır;
-Ermənilər arasında “ədalət” anlayışı təhrif edilir – ədalət yalnız onların istədikləri baş verdikdə mövcuddur. Əks halda – bu, “ədalətsiz sülh”dür. Bu, sülh deyil, revanşizmi ideoloji təməl üzərində dirçəltmək cəhdidir. Əgər gələcəkdə Ermənistan hakimiyyətində dəyişiklik olsa, Oskanyanın xəttinə yaxın yeni hökumət bu Sülh müqaviləsi və yardımçı bəlgələri ya tanımayacaq, ya da yeni tələblərlə gündəmə gətirməyə çalışacaq.
105 il öncə, 34 il öncə, bir sözlə, həmişə də belə olmayıbmı?..
Oskanyanın dedikləri “deyilməyənlər” də üzə çıxarır – bu, bir baxıma, ikiüzlü erməni diplomatiyasının ifşasıdır. Yəni bu açıqlama bir neçə vacib “deyilməyən”i də açır:
-Erməni diplomatiyası heç vaxt gerçək və ədalətli sülh istəyində olmayıb. Onların məqsədi hər zaman zamana oynamaq, bölgədə faktiki dəyişiklikləri “normallaşdırmaq” olub;
-İndi isə, işğal rejimi çökdüyü üçün sülh “ədalətsiz” adlandırılır – bu, erməni siyasi təfəkküründə hüququn deyil, gücün hakim olduğunu göstərir;
-Oskanyanın sözlərindəki əsl məğlubiyyət hissi, Azərbaycanın “istədiyi vaxt, istədiyi şərtlərlə diktə etmə imkanını əldə etməsi” ilə bağlıdır. Bu, həm də Ermənistan siyasi elitasının bölgədəki strateji dəyişiklikləri qəbul edə bilməməsidir.
Uzun sözün qısası, Bakıda istintaq olunan Vardanyanın xiffətini çəkən İrəvandakı Vardanın açıqlamasından və onun sətiraralarından dəxi oxuyuruq:
-Danışıqların illər boyu saxta və manipulyativ xarakter daşıdığı etiraf olunur;
-Paşinyanın daxili legitimliyi sarsıdılır, amma məqsəd Azərbaycanın qələbəsinin nəticələrini qeyri-legitim göstərməkdir;
-Ermənistanda revizionizm çağırışları artır, bu isə bölgə üçün yeni qeyri-sabitlik dalğası yarada bilər;
-Ən əsası – Azərbaycanla bərabərhüquqlu barış deyil, yalnız təzyiqlə qazanılmış “kompensasiya”lar Ermənistan tərəfi üçün “ədalət” hesab olunur.
Beləliklə, Oskanyanın açıqlaması, erməni toplumunun Azərbaycanın uğurunun təkcə hərbi deyil, həm də siyasi və digər kateqoriyalar, parametrlər baxımdan da sinirə bilmədiyini, eyni zamanda, köhnə ritorikaların da iflasa uğradığını göstərir.
Bu gün Azərbaycan yalnız sahədə deyil, həm də siyasi-diplomatik meydanda qalibdir. Bu qalibiyyət Dəmir Yumruğun - milli həmrəyliyimizin, prinsipial mövqeyimizin və əlbəttə, haqq-ədalətin təntənəsidir!
DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!
Əkbər QOŞALI