filologiya üzrə fəlsəfə doktoru,
Milli Məclisin Mətbuat xidmətinin əməkdaşı
[email protected]
“İnformasiya haqqında düşüncələr” silsiləsindən
Azərbaycanda zəlzələ oldu. Fevralın 10-da ölkəni silkələyən təbiət hadisəsi insanları təşvişə saldı. Episentrdə 6 bal, digər yerlərdə 3-5 bal gücündə hiss edilən təkanlar çoxlarını qorxutdu. Heç yerdə dağıntı, uçqun və insan itkisi olmasa belə. AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzindən yayılan məlumata görə, episentri 55 km yerin dərinliyində olan bu güclü zəlzələdən sonra çoxsaylı avtoşokların da olacağı gözlənilir. Yəni zəlzələ baş verən ocaq tam sakitləşənədək zəif təkanlar hiss ediləcək. Təbiətdə hər hadisənin öz axarı olduğu kimi, gərginlik zonasındakı tektonik dərinlik qırılması da hələm-hələm aradan qalxan proses deyil.
İnformasiya haqqında düşüncələrimə niyə zəlzələdən başladım? Çünki bu təbiət hadisəsi ilə yazılı və internet mediasının az qala gündəlik mövzusuna çevrilmiş intihar xəbərləri arasında bir paralellik gördüm. CƏMİYYƏT də TƏBİƏT kimidir. Yazılanlar təsirsiz ötüşmür. İlk baxışda bizə elə gəlir ki, adicə xəbər yayırıq. Amma fərqinə varmırıq ki, neqativ hadisələri yaza-yaza, yaya-yaya dəbə çeviririk. Ölkəmizdə son vaxtlar bir-birini əvəzləyən silsilə özünəqəsdlər, özünüyandırmalar buna sübutdur.
Hansı qəzeti, saytı, xəbər portalını açırsan dəhşət saçan başlıqlar intihardan xəbər verir. Telekanallarda, radio dalğalarında ağızdolusu bu hadisələrdən bəhs olunur. Bəzi aparıcılar isə verəcəyi bəd xəbərin təsirini artırmaq üçün az qala qışqıra-qışqıra elan edir insan taleyinin bu məşum olayını. Sanki qədim dövrlərdəki carçılar yenidən peyda olub, camaatın toplu halda rast gəlindiyi dükan-bazarda mühüm xəbərləri yayır. Belə aparıcıların bircə şeypuru çatışmır.
Aparıcılıq özü böyük mədəniyyət, yüksək hazırlıq tələb edən peşədir. Xəbəri yaymağın həm etikasını, həm estetikasını nəzərə almalıdır mikrofon qarşısında oturan şəxs. 3-5 dəqiqəlik efir vaxtını ancaq bəd xəbərlərə həsr edən aparıcı və ya redaktor əslində vətəndaşın doğru-dürüst informasiya almaq hüququnu pozur. Özünün bədbin əhval-ruhiyyəsini, həyatı birtərəfli qavrayan dünyagörüşünü tamaşaçıya, dinləyiciyə aşılamağa çalışır. Nəticədə qətl, qarət, intihar, özünü və ya sözünün çəp gəldiyi doğmalarını, yaxınlarını yandırmaq o qədər təbliğ olunur ki, adi hala çevrilir. Bəlkə də alt qatında heç bir xəbis niyyətin olmadığı o bədxəbər “carçılığı” şüurlarda naqis izlər qoyur. Cəmiyyətə böyük zərbələr vurur.
Bəli, mətbuatın ümdə vəzifələrindən biri xəbər vermək, baş verən hadisələr barədə cəmiyyəti məlumatlandırmaqdır. Lakin yayılan informasiyanın doğuracağı nəticələri də düşünmək vacibdir. Çünki istənilən təsir, əks-təsirə bərabərdir. Cəmiyyətə nə verirsənsə, onu da alırsan.
Oxuyuruq, dinləyirik, baxıb görürük: Məktəbli qız özünü yuxarı mərtəbədən atıb intihar etdi, sevgilisi tərəfindən zorakılığa məruz qalmış gənc qız özünü yandırdı, məmurların əlindən təngə gəlmiş əlil özünə od vurdu, sevdiyi qız tərəfindən rədd edilən oğlan özünü öldürdü, iş tapmayan kişi özünü asdı, ailəsinə çörək gətirə bilməyən ata canına qəsd etdi, cavan oğlan üç dayısını bağ evində yandırdı, qayınanasının təhqiramiz davranışlarına dözə bilməyən gəlin canına qıydı... Bu siyahını istənilən qədər uzatmaq olar. Mətbuat səhifələri, elektron KİV-lər bu sayaq informasiyalarla doludur. Gəlin baxaq görək belə xəbərlər praktik baxımdan bizə nə verir: Ölənin yaxınlarının həyatında sözün əsl mənasında zəlzələ effekti yaradan intiharlar mövcud olan problemlərin həllinə köməklik göstərirmi? Əsla. Çünki İNTİHAR ÇIXIŞ YOLU DEYİL, HÜNƏR DEYİL. Bu vasitə ilə intihar edən yalnız özünü və sevənlərini cəzalandırmış olur, günahkarı yox. DÜNYADA ƏN ÇƏTİN HÜNƏR YAŞAMAQDIR, yaşadığın cəmiyyətdə öz haqqını qoruya bilməkdir, istəklərini reallaşdırmaqdır, sənə verilmiş ömürdən həm özün, həm də Vətənin, millətin, dövlətin və doğmaların üçün faydalı istifadə etməkdir.
Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının açıqlamasına görə, 2013-cü il ərzində nə az-nə çox, düz 922 nəfərin intiharı və ya özünü öldürməyə cəhd etməsilə bağlı müraciət daxil olub təcili yardıma. Xanımlar və cənablar! Bəlkə dayanaq?! Metodumuzu dəyişək? Hamımız bilirik ki, HƏR BİR ANTİREKLAMIN ÖZÜ REKLAMDIR. Atalarımız hədər deməyib: Qonşu qonşuya baxar, gorunu oda yaxar. Ona görə də, gəlin yaydığımız xəbərlərlə intiharı təlqin etməkdənsə, çətinə düşənlərə problemin daha məqbul çözüm yolunu axtarıb tapmaqda yardımçı olaq.
İnsanları intihardan çəkindirib, düşdüyü durumdan çıxış yolu axtarmağa sövq etmək üçün məncə, dördüncü hakimiyyətin əlində kifayət qədər imkan var. Bu məqsədlə maarifləndirici verilişlər və məqalələr hazırlamaq olar. Məsələn, məktəblinin intiharı barədə xəbərin ardınca studiyaya dəvət olunmuş psixoloqun, sosioloqun, din xadiminin, hüquqşünasın fikirləri verilə bilər. Bu uşağın ölümünün ailəsinə və sinif yoldaşlarına necə böyük zərbə olduğunu açıqlamaq, acı nəticənin təhlili həmin xəbərə baxan məktəbliyə təsirsiz qalmayacaq. Tamaşaçıya, dinləyiciyə xatırladılar ki, o mənasız intiharla cəmiyyət çox qiymətli bir vətəndaşını itirdi. Çünki kim bilir, həmin qız və ya oğlan böyüyəndə kim olacaqdı. Bəlkə o məktəblinin simasında xalqımız bir dahini itirib? Məlumat verilər ki, insanın özünə qəsd etməsi dini baxımdan günah sayılır və bu bilgi də inanclı olanları intihardan çəkindirər. İzah edilər ki, səbəbi naməlum qalan hər bir intihar cinayət faktı kimi araşdırılır, ilk növbədə ölənin doğmaları intihar həddinə çatdırma maddəsi ilə şübhə altına alınır, bu proses neçə-neçə günahsız insan üçün başağrısı olur... və bütün bu məlumatlar nəticədə faydasız ötüşməz.
Əziz jurnalistlər! Oxucu cəlb edilməsi, yazının tez diqqət çəkməsi məqsədilə olayın həcmini qat-qat şişirdən başlıqlara vaxt sərf etməkdənsə, çox incə mətləb olan və həmin ailələrin taleyində həssas duruma çevrilən intihar hadisələrinin qarşısını almağa cəhd göstərən materiallar hazırlayıb yaysanız cəmiyyətimiz üçün daha faydalı olar. İnanın mənə. Həyatımızın zəlzələsinə çevrilmiş intihar hadisələrindən heç bir məqsədlə manipulyasiya edilməz. Gərəksiz təbliğata çevrilən intihar xəbərlərini yaymazdan öncə acı nəticələrini göz önünə gətirin. Uca jurnalist peşəsini ucuz sensasiyalara qurban verməyin.