Bəzi bələdiyyələrin bir torpaq sahəsini bir neçə dəfə satması faktları mövcuddur. Bunu deyən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədovun sözlərinə görə, bəzən elə bələdiyyələr olur ki, hətta qonşu sahələrə sərəncam verir:
“Bələdiyyədən sərəncam, möhürlü kağız almaq hüquqi sənəd demək deyil. Sənəd o vaxt olur ki, onu Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi təsdiqləyir və orada ilkin sənəd, yəni texniki pasport, kadastr planı var. Bundan sona o, sənəd sayılır".
Komitə sədri onu da bildirib ki, indiyə qədər 34 rayon üzrə 176 bələdiyyənin ərazi sərhədlərinin xəritəsi hazırlanaraq Milli Məclisə təqdim edilib, 35 bələdiyyənin xəritələrinin hazırlanması işi isə başa çatdırılıb.
Qərib Məmmədovun sözlərinə görə, 2013-cü ildə 422 torpaq qanunvericiliyinin pozulması halı müəyyən edilib ki, bundan 272 hal xəbərdarlıq edilməklə aradan qaldırılıb.
150 inzibati xəta halı ilə bağlı protokol tərtib edilib, 15372,5 manat cərimə olunub. Cərimə olunanlardan 4065,5 manat ödənilib, 11307 manat ödənilməmiş cərimə ilə bağlı müvafiq sənədlər tədbir görülməsi üçün məhkəməyə göndərilib. Qanun pozuntusunun hamısı fiziki şəxslər tərəfindən törədilib.
Modern.az