Modern.az

“Onun fəaliyyəti həmişə mübahisə mövzusu olub” - Jurnalistlər deputat Rafael Hüseynovu xarakterizə edir

“Onun fəaliyyəti həmişə mübahisə mövzusu olub” - Jurnalistlər deputat Rafael Hüseynovu xarakterizə edir

12 Fevral 2014, 12:53


Milli Məclisin plenar iclaslarında deputatlar müəyyən fikirlərlə çıxış edir, təkliflər irəli sürür, fikirlərini səsləndirirlər. Milli Məclisdə akkreditə olunan jurnalistlər deputatların şəxsi keyfiyyəti, fəaliyyəti barədə nə düşünür, onları ayrı-ayrılıqda necə xarakterizə edirlər? Modern.az parlament jurnalistlərlə sorğulara davam edir. Bu dəfə həmkarlarımızdan 58 saylı Hacıqabul-Kürdəmir seçki dairəsinin deputatı Rafael Hüseynovu millət vəkili kimi necə xarakterizə etdiklərini soruşduq.

“Novosti-Azerbaydjan” İnformasiya Agentliyinin əməkdaşı Mürtəza Bünyadlı deputat Rafael Hüseynovu aktiv deputatlardan hesab edir. “O, AŞ PA da çox fəal deputatlardan biridir, beynəlxalq müstəvidə fəal iş aparır. Bundan əlavə, Milli Məclisdə bir sıra qanunvericilik təşəbbüsü ilə çıxış edib və irəli sürdüyü qanun layihələri qəbul olunub. Bu baxımdan onu aktiv hesab etmək olar”.

“Üç nöqtə” qəzetinin əməkdaşı Elməddin Muradlı bildirib ki, Rafael Hüseynovun parlamentdəki fəaliyyəti, çıxışları barədə danışmaq bir az çətindir.
“Onun çıxışlarını komitə iclaslarında eşitmişik ki, onda da hansısa qanun layihəsi təklif edib və ya təşəbbüslə çıxış edib. Amma deyim ki, beynəlxalq təşkilatlarda Rafael Hüseynov kimi bizi təmsil edən 5-6 deputat olsaydı, kürəyimiz yerə dəyməzdi. O, bütün dünyaya həqiqətləri necə lazımdır çatdırır, qərarlar yazıb Avropa Şurasına təqdim edir. Dəfələrlə onun hazırladığı sənədlər AŞ PA-da qəbul olunub və başqa ölkələr bu sənədlərdən bəhrələniblər. Ermənistana qarşı qəbul edilən sənədlərin əksəriyyətində Rafael müəllimin rolu böyükdür. Amma çox istərdim ki, onun parlament tribunasında da çıxışlarını tez-tez eşidək”.

“Ayna-Zerkalo” qəzetinin əməkdaşı Xaqani Səfəroğlu
digər həmkarları kimi bildirib ki, Rafael Hüseynov plenar iclaslarda xüsusi fəallığı ilə seçilmir. O, daha çox beynəlxalq təşkilatlardakı iclaslarda çıxışlar edir. “Seçicilərlə əlaqələrindən xəbərim yoxdur. Media ilə bu sahədə təmas saxlamır. Ara-sıra qəzetlərdə onun müxtəlif mövzularda publisistik yazılarını oxuyuram”.

“Yeni Azərbaycan” qəzetinin əməkdaşı Nardar Bayramlı
Rafael Hüseynovu ən fəal deputatlardan hesab edir. “Xüsusilə ölkəmizi AŞ PA-da yüksək səviyyədə təmsil edir. Onu ziyalı, elm xadimi kimi də çox yüksək dəyərləndirirəm, Azərbaycanın ən dəyərli ziyalılarından biri hesab edirəm”.

“Mediaforum” saytının əməkdaşı İmdad Əlizadə: “Rafael Hüseynovun fəaliyyəti həmişə ciddi müzakirə və mübahisə mövzusu olub. Çünki o, hələ 2000-ci ildə müxalifəti təmsil edən Vətəndaş Həmrəyliyi Partiyasının namizədi kimi seçkiyə qatılıb, deputat seçilib. Sonrakı dövrdə də Vətəndaş Həmrəyliyi Partiyasından namizəd olub, deputat seçilib. Rafael Hüseynovun deputat kimi əsas günü AŞPA-dakı fəaliyyətinə verib. AŞPA-nın ən fəal deputatlarından biridir. Daim Dağlıq Qarabağla bağlı məsələ qaldırır, qərar və qətnamə layihələri hazırlayır. Eyni zamanda Milli Məclisdə bir neçə dəfə qanunvericilik təşəbbüsü ilə çıxış etdiyinin şahidi olmuşam”.

“Kaspi” qəzetinin əməkdaşı İlham Quliyev qeyd edib ki, Rafael Hüseynov fəal millət vəkillərindəndir. “Onun fəaliyyətini bir neçə konteksdə ümumiləşdirmək olar. Birincisi, Rafael Hüseynovun AŞPA-dakı fəaliyyətini qeyd edərdim. O, uzun illərdir ki, bu sferada yorulmadan çalışır. Fəaliyyəti sözsüz ki, təqdirəlayiqdir. Digər sfera Mədəniyyət Komitəsindəki fəaliyyətidir. Burada da aktivdir. Vaxtaşırı müxtəlif məsələlərlə bağlı fəallıq nümayiş etdirir. Amma təəssüf ki, bu fəallığı sosial problemlərlə, ölkənin üzləşdiyi taleyüklü məsələlərlə bağlı müzakirələrdə hiss etmirik. Seçiciləri ilə hansı formada iş aparmasından xəbərsizəm. Amma jurnalistlərə münasibətinin də normal olmadığını qeyd etməliyəm. Hətta parlament jurnalistləri ilə belə normal ünsiyyət qura bilməyib. Hətta bir zamanlar parlament jurnalistləri bu münasibətinə görə onu boykot etmək qərarına da gəlmişdi. Ümumilikdə mən Rafael Hüseynova bir millət vəkili, ziyalı kimi hörmət edirəm!”

“Şərq” qəzetinin əməkdaşı Anar Bayramoğlu millət vəkili Rafael Hüseynovu nə aktiv, nə də passiv deputat kimi xarakterizə edir.
“Seçiciləri ilə necə işləməsindən xəbərim yoxdur. Parlamentdə də çıxışlarına o qədər də rast gəlməmişəm. Qanun layihələri ilə bağlı hansısa fikir bildirməsinin şahidi olmamışam. Amma jurnalistlərə zaman-zaman açıqlamalar verib. Təmsil olunduğu komitənin işi ilə bağlı normal fəaliyyət göstərdiyini deyə bilərəm. O mənada ki xarici səfərlərində, beynəlxalq təşkilatların iclaslarında Azərbaycanın problemləri ilə bağlı məsələlər qaldırdığını mətbuatdan oxumuşam. Onu eyni zamanda muzey rəhbəri kimi tanıyıram”.

“Gün.az”saytının əməkdaşı Kamil Həmzəoğlu qeyd edib ki, Rafael Hüseynov parlamentin ən işgüzar millət vəkillərindəndir. Onun sözlərinə görə, Rafael Hüseynov millət vəkili olduğu ötən 14 il ərzində həm parlament çərçivəsində qanunvericilik aktlarının hazırlanmasında, həm də AŞPA kimi nüfuzlu bir təşkilatda Azərbaycanla bağlı sənədlərin hazırlanmasında, onların avroparlamentarilər arasında yayılmasında, Azərbaycan, Qarabağ həqiqətlərinin Avropa və dünya ictimaiyyətinə çatdırılmasında böyük əməyi var və heç kim bunu dana bilməz.
“Düzdür, Rafael müəllim, parlamentin plenar iclaslarında nadir hallarda çıxış edir, ancaq qeyd etdiyim kimi, yeni qanun layihələrinin hazırlanmasında, xüsusilə, üzvü olduğu Mədəniyyət komitəsi çərçivəsində mədəniyyətimiz, elmimiz, milli kimliyimizlə bağlı sənədlərin işlənilib ortaya qoyulmasında, komitə iclaslarında yüksək fəallıq və işgüzarlıq nümayiş etdirir. Mətbuatla da münasibətləri normaldır. Şəxsən mənim üçün onunla əlaqə yaratmaq və ondan istənilən mövzuda söhbət etmək, müsahibə, açıqlama almaqla bağlı heç bir problemim yoxdur. Seçicilərinin-bildiyim qədər-problemləri ilə də maraqlanır və həllinə nail olur”.

“Yurd” TV-nin əməkdaşı Əhməd Məmmədov millət vəkilini belə xarakterizə edib: “Kobud, amma savadlı insan kimi xarakterizə edərdim. Fəaliyyətini müşahidə etməmişəm, deputat kimi passivdir”.

Publika.az-ın əməkdaşı Vasif Həsənlinin fikrincə, Rafael Hüseynovun fəaliyyətini qənaətbəxş hesab etmək olar.

“Gündəlik Teleqraf” qəzetinin əməkdaşı Nemət Orucov millət vəkilinin fəaliyyətindən xəbəri olmadığını bildirib.

“Ekspress” qəzetinin əməkdaşı Aqil Aslan bildirib ki, Rafael Hüseynov parlamentin iclaslarında demək olar ki, danışmır. “Amma deputat kimi Azərbaycanı beynəlxalq təşkilatlarda fəal təmsil edir. Konkret olaraq həmişə AŞ PA-da fəallıq göstərib. Müşahidələrimə görə jurnalistlərə açıq deputatdır. Seçiciləri ilə necə işləməsindən xəbərim yoxdur”.

“Olaylar” İnformasiya Agentliyinin əməkdaşı Alim Hüseynli: “Rafael Hüseynov Milli Məclisin ən fəal deputatlarından biridir. O, cari məsələlərdə təsadüfi hallarda danışır. Amma Mədəniyyət komitəsində maraqlı təkliflərlə çıxış edir. Bir millət vəkili kimi mədəniyyət sahəsində bir neçə qanun layihəsinin müəllifi kimi yadda qalıb. Bununla muğam, aşıq sənətinin qorunmasının əsasını qoyub. Rafael Hüseynov beynəlxalq tədbirlərdə də fəallıq nümayiş etdirir. Onun hazırladığı qətnamə layihələri AŞ PA-da yüksək səviyyədə qarşılanıb”.

“Həftə-içi” qəzetinin əməkdaşı Murad Əhmədin fikrincə Rafael Hüseynov müəyyən qədər aktiv deputatdır. “Parlamentdə təkliflərlə çıxış edir. Mədəniyyət sahəsində beynəlxalq əlaqələr qurur və ya müəyyən məsələlərə reaksiyalar verir”.

Aytən Əliyeva 

Sizə yeni x var
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...