Avstriya “Eurovision Mahnı Müsabiqəsi 2026”ya ev sahibliyi etməyə hazırlaşır.
Modern.az xəbər verir ki, ölkədə qələbə sevinci ilə yanaşı tədbirin harada keçiriləcəyi və xərclərin necə qarşılanacağı ciddi müzakirə mövzusuna çevrilib.
Qeyd edək ki, Avstriyanın təmsilçisi, 24 yaşlı operatik müğənni Yohannes Pietsç – səhnə adı ilə JJ, “Wasted Love” adlı mahnısı ilə gecənin qalibi olub. Bu, Avstriyanın Eurovision tarixində üçüncü qələbəsidir.
Müsabiqənin finalı İsveçrənin Bazel şəhərində baş tutub. Qələbədən dərhal sonra Avstriyanın ictimai yayımlayıcısı ORF və hökumət nümayəndələri tədbirin təşkilinə dair ilkin planlarını açıqlayıblar. ORF rəhbəri Roland Vayssman bildirib ki, xərclərin qarşılanması ilə bağlı konkret cavab hələ yoxdur: “Əgər bu gün buna dəqiq cavab verə bilsəydim, bu bir növ sehr olardı. Amma hələ finaldan əvvəl qələbə şansımızın olduğunu nəzərə alaraq düşünməyə başlamışdıq.”
Onun sözlərinə görə, artıq rəsmi dairələrlə intensiv müzakirələr aparılır və tədbirin harada keçiriləcəyi şəffaf şəkildə müəyyən olunacaq.
Hazırda əsas namizəd təbii olaraq Avstriyanın paytaxtı Vyana sayılır. 2014-cü ildə Conçita Vurstun qələbəsindən sonra müsabiqə məhz bu şəhərdə keçirilmişdi. JJ də ORF-ə açıqlamasında yarışmanın məhz Vyanada baş tutmasını istədiyini deyib: “Mən istərdim ki, açılış mərasiminə havadan uçaraq daxil olum. Bu, klipimdəki səhnəyə bənzəyərdi. Hələlik bu ideyanı müzakirə etməliyik.”
Avstriyada yeni qurulmuş mərkəzçi koalisiya hökuməti bu yaxınlarda qənaət yönümlü büdcə təqdim edib. Ölkə ardıcıl üçüncü ildir ki, iqtisadi durğunluq yaşayır və büdcə kəsiri Aİ-nin 3%-lik limitini aşıb.
Belə bir vəziyyətdə milyonlarla avroya başa gələcək Eurovision tədbiri bəzi dairələrdə narahatlıq doğurur. Baş nazir müavini və mədəniyyət naziri Andreas Babler ORF efirində çıxış edərək, hazırda yalnız “ciddi müzakirələr”in aparıldığını söyləyib.
Qeyd edək ki, Eurovision-un maliyyələşdirilməsi əsasən iştirakçı ölkələrin yayımlayıcı ödənişləri, ev sahibi yayımçı və şəhərin payı, sponsorluq gəlirləri, bilet satışları və səsvermə vasitəsilə həyata keçirilir.
Maliyyə naziri Markus Marterbauer isə məsələyə yumorla yanaşıb. O, gecə Instagram-da bir satirik xəbər başlığını paylaşaraq yazıb: “Növbəti yarışmanın xərclərindən yayınmaq üçün İsveçə 3000 dəfə səs verdim. Yetərli olmadı...”