Britaniyalı alimlər Böyük Britaniyanın keçmiş baş naziri Marqaret Tetçerin siyasəti nəticəsində ölənlərin sayını hesablayıblar. Modern.az saytı xarici KİV-ə istinadən xəbər verir ki, bu araşdırmanı Daremski universitetinin, eləcə də Qərbi Şotlandiyadakı Qlazqo və Edinburq universitetlərinin əməkdaşları aparıblar. Ekspertlər belə qənaətə gəliblər ki, Tetçerin işsizliyə və dövlət yardımının azaldılmasına səbəb olan islahatları ilk növbədə çoxlu Britaniya vətəndaşının ölümünə və əhalinin sosial rifahının pisləşməsinə səbəb olub.
Alimlərin sözlərinə görə, hər il 2,5 min nəfər Tetçerin siyasətinin qurbanına çevrilib. Onlar həm də iddia edirlər ki, bu, aysberqin görünən tərəfidir. Məlumatda qeyd edilir ki, 1975-1985-ci illərdə Böyük Britaniyada yoxsulların sayı iki dəfəyə qədər artıb. Araşdırmaçıların fikrincə, Tetmerin idarəçiliyi dövründə alkoqol və narkotik aludəçiliyi səbəbindən də ölüm hallarının sayı artıb. Bundan əlavə, insanların öz həyatlarına qəsd etmələri və zorakılıqla da bağlı faktlar artıb.
Marqaret Tetçer Böyük Britaniya hökumətinə 1979-1990-cı illərdə rəhbərlik edib. “Dəmir ledi” adlandırılan xanım Tetçer 2013-cü il aprelin 8-də insultdan vəfat edib.
Modern.az