Məktəblilərin yay aylarında vaxtlarını daha səmərəli keçirməsi üçün bir sıra şirkətlər, qurumlar yay düşərgələri təşkil edir. Yay düşərgələrində müxtəlif yaş qruplarında olan şagirdlərə idman, dil kursları, gəzinti, müxtəlif oyunlar təşkil edilir, tamaşalar nümayiş etdirilir. Bu düşərgələrin ödənişi müddətə, xidmətə və məkana görə dəyişə bilir.
Təhsil eksperti Samirə Məmmədova Modern.az-a deyib ki, yay düşərgələri şagirdlərin səmərəli vaxtı üçün ən yaxşı əyləncəli turlardır.
Onun sözlərinə görə, düşərgələrə şagirdlər 6 yaşdan qəbul edilir.
“6-11 yaş arası şagirdlər daha azyaşlı hesab olunduğundan onlar ölkə daxilində olan düşərgələrə cəlb edilir. 11 yaşdan 16 yaşa qədər olan şagirdlər üçün isə şəxsi istəklərə əsasən, xarici ölkələrdə turlar təşkil edilir, gecələməyə icazə verilir. Həm də o yaşda olan şagirdlər üçün viza məsələləri nisbətən rahat həll edilir.
Yay düşərgələri müddətinə görə də fərqlənir. Axşam evinə qayıtmaq şərtilə təqdim edilən paketlərin qiyməti (ölkə daxili üçün) 300-350 manatdan başlayır. Kampusla təmin olunduqda və tərkib dəyişdikdə (oyunlar əlavə edilərsə) qiymət 600 manatdan və daha yuxarı olaraq dəyişə bilir”,-deyə ekspert qeyd edib.
Müsahibimizin sözlərinə görə, təhlükəsizlik baxımından ən çox güvənli hesab edilən düşərgələr Böyük Britaniyada təşkil olunur. Onun da qiyməti 2-3 min funt üzəridir. Həmçinin, Türkiyə və digər Avropa ölkələrində də tennis, futbol, üzgüçülük düşərgələri təşkil edilə bilər.
Xarici düşərgələr 2-4 həftə müddətinə təşkil olunur. Amma ümumilikdə, vaxtın və tərkibin dəyişdirilməsi valideynlərin və şagirdlərin maraq dairəsindən asılı olaraq dəyişir.
Zərif Sofiyeva