Rumıniyanın ayrı-seçkiliklə mübarizə üzrə milli şurası ölkə prezidenti Trayan Beseskunu 600 ley (185 dollar) cərimələyib. Modern.az saytı xarici KİV-ə istinadən bildirir ki, buna səbəb dövlət başçısının işləmək istəməyən qaraçıların oğurluqla məşğul olduqlarını deməsi olub. Şura əvvəlcə prezident bu fikri Rumıniyadan kənarda söylədiyi üçün Beseskunun işinə baxmaq istəməyib. Amma ölkənin Ali Məhkəməsi məsələnin araşdırılmasına təkid edib.
Qeyd edək ki, Rumıniya lideri 2010-cu ildə Sloveniyada keçirilən mətbuat konfransında “qaraçıların çoxu işləmək istəmir və ənənəvi olaraq onların çoxu oğurluq hesabına yaşayır” deyib. Prezidentin bu sözlərini hüquq müdafiə təşkilatları kəskin tənqid ediblər. Bundan əvvəl də həmin şura Rumıniya prezidentinə iki dəfə xəbərdarlıq edib. O 2007-ci ildə rumıniyalı jurnalistə “çirkli qaraçı” deyib, 2011-ci ildə isə qaraçıları avtobuslarda oğurluq etməkdə günahlandırıb.
Modern.az