Bu gün Nizami Kino Mərkəzində C. Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında 2013-cü ilin yekunları - istehsal edilən filmlər, həyata keçirilmiş tədbirlər və layihələr" mövzusunda mətbuat konfransı keçirilib.
Modern.az-ın məlumatına görə, kinostudiyanın direktoru Müşfiq Hətəmov konfransda çıxış edərək qeyd edib ki, “Azərbaycanfilm” film istehsalı ilə yanaşı, beynəlxalq layihələr çərçivəsində bir çox xarici şirkətlərlə təcrübə mübadiləsi aparıb. Eyni zamanda müstəqil araşdırmalar apararaq gələcək inkişaf üçün təkliflər hazırlayıb, yerli kadrların yetişdirilməsi və onların dəstəklənməsinə dair layihə və təlimlər həyata keçirib. “Bu gün biz çalışırıq bütün istehsal etdiyimiz filmlər dövrün yüksək texniki standartlarına cavab versin. Filmlərimizin xaricdə yayılması əsas məsələlərdən biridir. Bu sahədə bir çox addımlar atmışıq. Yerli və xarici mütəxəssislərlə məsləhətləşirik. Bu dövrdə əsas məsələ kinoyayımın qurulması ilə əlaqədar artıq regionlarda da fəaliyyətlərimiz olub. İlk dəfə olaraq 2013-cü ilin avqustunda 37 bölgədə film nümayiş etdirdik. Bununla belə, 2014-cü ildə bir çox yeni Azərbaycan filmlərinin şahidi olacaqsınız. Bu ilin planında olan layihələrdən biri "Azərbaycanfilm" kinostudiyasının nəzdində “Ssenari kurslarının bərpası”dir. Bu barədə mədəniyyət və turizm naziri Əbülfəs Qarayevlə də məslətləşmişik. Yerli mütəxəssislər tərəfindən təlimlər keçiriləcək. Seçilmiş gənclər xaricdə təhsil almaq şansı əldə edəcəklər”, – deyə M. Hətəmov qeyd cedib. Kinostudiya direktoru bildirib ki, müştərək film istehsalı ilə bağlı Türkiyə, Fransa, ABŞ, Rusiya, Ukrayna, Serbiya, İran prodüserləri ilə aparılan danışıqlar zamanı ilkin razılaşmalar əldə edilib. Onun sözlərinə görə, ötən il “Azərbaycanfilm” kinostudiyası “Mahmud və Məryəm” (müştərək layihə), “Sirr”, “Nabat”, “Axınla üzü aşağı”, “Dərvişin qeydləri”, “Qisas almadan ölmə”, “Sarılar”- Qarabağ atının səyahəti”, “Qorxma mən səninləyəm! 1919” filmləri və “Qarabağnamə” çoxseriyalı bədii televiziya filmi ərsəyə gətirilib.“Dədə Qorqud” dastanları əsasında çoxseriyalı bədii televiziya filminin çəkilməsi ilə əlaqədar hazırlıq işlərinə bu yaxınlarda başlayacağıq”, – deyə sonda M. Hətəmov qeyd edib.
Rafiq Qənbərov