Modern.az

Daxili İşlər Nazirliyi: Eks-deputat Rza İbadovun axtarışı davam edir - FOTO

Daxili İşlər Nazirliyi: Eks-deputat Rza İbadovun axtarışı davam edir - FOTO

12 Fevral 2014, 17:05

Bakı şəhər Baş Polis İdarəsi tərəfindən Milli Məclisin keçmiş deputatı Rza İbadovun axtarışı dayandırlmayıb. Bu barədə Modern.az saytına Daxili İşlər Nazirliyindən məlumat veriblər. Eks-deputatın adı Nəsimi rayonu üzrə axtarışda olan cinayətkarların siyahısında saxlanılır.

Eks-deputat barədə axtarış elan olunmasından doqquz ilə yaxın vaxt keçsə də, bir nəticə əldə olunmayıb. Rza İbadovun hazırda İngiltərə paytaxtı Londonda yaşadığı bəlli olsa da, Azərbaycanın Daxili İşlər Nazirliyi səviyyəsində Londonun hüquq-mühafizə orqanlarına heç bir müraciət göndərilməyib.  

Rza İbadov Cinayət Məcəlləsinin 148-ci (təhqir) və 147.2-ci (ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddələri ilə təqsirli bilinir. Bu maddələr üzrə hüquq pozuntularında iştirakı ilə əlaqədar ifadə vermək üçün məhkəməyə gəlməkdən boyun qaçırdığına görə onun barəsində axtarış elan edilib.

Rza İbadov 1995-ci ildə 1-ci çağırış Milli Məclisə keçirilən seçkilərdə mandat qazanaraq deputat seçilib. O, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının rəhbəri olub. Milli Məclisdə deputat olduğu dönəmdə eks-spiker Rəsul Quliyevə qarşı sərt tənqidləri ilə fərqlənib.

2005-ci ildə parlament seçkilərinə qatılan Rza İbadov qalmaqallı kampaniyası ilə yadda qalıb. Rəqibi olan ARDNŞ-in prezidenti Rövnəq Abdullayevlə yarışan eks-deputat seçki kampaniyasının pozulduğunu əsas gətirərək, seçkini yarımçıq qoyumuşdu. Bundan sonra R.İbadov Azərbaycanı tərk edib. Sonralar onun Böyük Britaniyada yaşadığı bəlli oldu.

Rza İbadov mərhum prezident Heydər Əliyevin qatı tərəfdarlarından olub. 

O, sonuncu dəfə geniş müsahibəsini 2012-ci ildə Modern.az-a vermiş və Azərbaycanın hüquq-mühafizə orqanlarını şəklini “qara siyahı”dan çıxarmağa çağırmışdı.
Həmin müsahibəsində heç bir siyasi iddiasının olmadığını deyən İbadov “mən bir aydan sonra İngiltərə vətəndaşı olacağam. Bundan sonra Azərbaycanda nə bir vəzifə tuta, nə də deputat ola bilərəm” demişdi.

R.İbadovun sözlərinə görə, o, Londonda əmlak məsələləri ilə bağlı biznes sahəsində çalışır. Hərdən futbolçu transferləri ilə bağlı işlərlə də məşğul olur.


Gültəkin ƏLƏSGƏR

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi