Modern.az

Azərbaycan Rusiyaya hava-su kimi lazımdır - Deputatla MÜSAHİBƏ

Azərbaycan Rusiyaya hava-su kimi lazımdır - Deputatla MÜSAHİBƏ

Müsahibə

22 May 2025, 10:58

Milli Məclisin üzvü Azər Allahverənov Modern.az-ın qonağı olub. Deputat əməkdaşlarımızla söhbət zamanı bir sıra məsələləri şərh edib. Miqrasiya siyasəti, QHT sektoru, Prezident İlham Əliyevin Tiranda Nikol Paşinyanla baş tutan görüşü, qaçqınlarla bağlı məsələlər müsahibənin əsasını təşkil edib.

Azər Allahverənovla müsahibəni təqdim edirik:


"Sualını cavablandırmadığım jurnalistlər də olub"


- Azər müəllim, əvvəllər deputatlara münasibət indikindən fərqli idi. Belə ki, deputat hansı tədbirə gedirdisə, onu xüsusi qarşılayırdılar. İndi isə tədbirə dəvət edilən parlament üzvlərinə sanki xüsusi diqqət göstərilmir. Bununla bağlı deputat həmkarlarınızın da paylaşımları olub...


- Biz təbii ki, bütün tədbirlərə getmirik, çünki mövzunun bizə aidiyyəti olmaya bilir. Belə olan halda tədbirə dəvət edən tərəfə təşəkkürümüzü bildirir, mövzunu və proqramı istəyirik. Mənim ixtisaslaşdığım sahələr var ki, onları çox yaxşı bilirəm. Həmin sahələr üzrə strategiya nədən ibarətdir - təfərrüatı barədə danışa, hansı istiqamətlərdə nəyi necə etmək lazımdır, bununla bağlı müəyyən tövsiyələrimi dilə gətirə bilərəm. Əgər tədbirin formatında həm də tövsiyələr dinlənilirsə... Mənə uyğun olanda tədbirdə iştirak edir, öz sözümü deyirəm. Amma imtina etdiyimiz tədbirlər də olur. Tədbirin mövzusu uyğun deyilsə və ya mənim başqa tədbirimlə üst-üstə düşürsə, dəvətdən imtina edirəm. Çalışırıq ki, bütün təklifləri mümkün qədər müsbət dəyərləndirək. Çünki real vəziyyət belədir ki, mən mediaya açıq adamam, telekanallarla, saytlarla əməkdaşlıq edirəm. 


Bununla yanaşı, geri qaytardığım jurnalistlər də olub. Buna səbəb isə mənə aidiyyəti olmayan sualların verilməsi olub. Belə olan halda həmin sahədə ixtisaslaşan, peşəkar olan adama müraciət etmələrini istəmişəm. Bax, belə nüanslar var. Həm də 36 ildir ki, QHT sahəsindəyəm. Biz həmişə cəmiyyətin içərisində olmuşuq, əhalini narahat edən hansı aktual məsələlər var, onları çox gözəl bilirik, bunlarla bağlı müxtəlif layihələr də icra etmişik. İstənilən icmaya dair qayğılar və həlli barədə alqoritm veririk. Çünki biz həmişə sosialyönümlü məsələlərlə məşğul olmuşuq. QHT sektorunun ən güclü tərəfi sosialyönümlü layihələrin icrasıdır. 
Uzun illər miqrasiya məsələləri ilə məşğul olmuşam. 8 il Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri olmuşam. Azərbaycanda çox sayda miqrant bizimlə birbaşa təmasda olublar. Onların müraciətlərini zamanında dəyərləndirmişik. Bu gün mən onlara deyəndə ki, 2023-cü ildən İctimai Şuranın sədri deyiləm, onlar üçün bu, önəmli deyil. Onlar üçün önəmli olan mənim bu sahəni, qanunvericiliyi yaxşı bilməyim, öz imkanlarımdan istifadə edərək dəstək verməyimdir. Bizə 2024-cü ilin sentyabrından bu yana daxil olan müraciətlərin 10-15 faizini miqrantlarla bağlı məsələlər təşkil edir. Bu adamlar seçici deyil, ölkədə yaşayan miqrantdır, müəyyən bir çətinliklə, problemlə üzləşir və Dövlət Miqrasiya Xidmətinə, qurum yanında İctimai Şuraya müraciət edə bilər. O cümlədən zamanında həmin strukturlarda olan Azər Allahverənova da müraciət edə bilərlər. Mən öz imkanımdan istifadə edib təcrübələrim əsasında onlara öz tövsiyəmi verə bilirəm. Burada deputat sorğusuna ehtiyac varsa, təbii ki, aidiyyəti üzrə göndəririk. Öz həllini tapan məsələlər də var.
 

"Azərbaycandakı qanunsuz miqrantlar ən çox Hindistan və Pakistandandır"


- 8 il Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri olmusunuz. Ən çox təhlükə hansı ölkənin miqrantlarından idi? Qanunsuz miqrantlar daha çox hansı ölkənin vətəndaşlarıydı? Azərbaycandan tranzit kimi istifadə edənlər kimlər idi? Ümumiyyətlə, miqrasiya sahəsində bu gün durum necədir?
 

- Azərbaycan yeganə dövlətlərdən biridir ki, çox uğurlu miqrasiya siyasətinin əsasını qoyub. Bunun da bizdən asılı olmayan səbəbləri var. Biz sanki o siyasətin ən yüksək səviyyədə əsasını qoyub icra etməyə məcbur olduq. 1988-ci il Ermənistan-Azərbaycan münaqişəsi başlayan zaman keçmiş Ermənistan SSR ərazisindən  Azərbaycana ilk qaçqın axını başladı. Fərqanə hadisələri zamanı Özbəkistandan 50 min nəfərədək qaçqın gəldi, 1991-ci ilə qədər Ermənistandan 300 minə yaxın soydaşlarımızın deportasiyası baş verdi. Bundan əlavə,  Qarabağ müharibəsinin nəticəsi olaraq 700 min nəfərə qədər soydaşımız məcburi köçkün düşdü. 1 milyona yaxın qaçqın-köçkünün məşğulluq, işsizlik, məskunlaşma, "çörəkpulu", sığıncaqlarla təmin olunması, təhsil məsələsi və sair problemlərin aradan qaldırılması üçün dövlət külli miqdarda vəsait xərcləməklə bu sistemi qura bildi. Sovetlər dönəmində bu siyasət yox idi, heç bilmirdik ki, bu proses necə idarə oluna bilər. Bilmirdik ki, insanların hüquq və azadlıqlarının təmin edilməsi üçün hansı əlavə resurslarımız var. Beynəlxalq təşkilatlar, BMT-nin ixtisaslaşmış qurumları o zaman  bizə çox dəstək göstərdi. Yadımdadır, 20-25 il ərzində təqribən 25 milyon ABŞ dolları yardım göstərilmişdi. İstənilən halda dövlət artıq birbaşa olaraq qaçqın və məcburi köçkünlərin problemlərinin aradan qaldırılması üçün özünün daxili miqrasiya siyasətini qurmaq məcburiyyətində qaldı. Miqrasiya siyasəti qurularkən artıq əlavə strukturların - “Qaçqınkom”, Daxili İşlər Nazirliyinin nəzdində Qanunsuz Miqrasiya ilə Mübarizə İdarəsi, Dövlət Sərhəd Xidməti yaradıldı. Artıq qaçqın və məcburi köçkünlərlə bağlı məsələ prioritet oldu. Qaçqın və məcburi köçkün miqrasiya kateqoriyalarıdır. Nəticə etibarilə dövlət özündən asılı olmayaraq, ümumilli müstəvidə Azərbaycan modelini qurmuş oldu. BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı, BMT-nin Əhali Fondu, BMT-nin Uşaq Fondu və digər strukturlar da proseslərə müəyyən töhfələr verdi. Amma flaqman, lokomotiv dövlət idi. O dövrdə başlayan siyasət artıq 2007-ci ildə Dövlət Miqrasiya Xidmətinin yaradılmasına gətirib çıxardı. Qurum bütövlükdə miqrant kateqoriyalarının hamısı ilə iş qurdu. Bir də hökumətin tanıdığı qaçqınlar var. Onlar İrandan, Əfqanıstandan, Çeçenistandan, Suriyadan və digər ölkələrdən gəlirdilər. Bu da bilavasitə yenə Dövlət Miqrasiya Xidmətində assosiasiya olunan proses idi. Bu gün artıq Azərbaycanda kifayət qədər təkmil miqrasiya siyasəti, unifikasiya olunmuş miqrasiya qanunvericiliyi var. Çox sayda QHT-lər var ki, bu prosesdə dövlətlə yaxından əməkdaşlıq edirlər. Ümumiyyətlə, miqrasiya siyasətinin idarə olunması nöqteyi-nəzərdən dünyada qiymətləndirmə aparılır və çempion ölkələrin siyahısı müəyyən olunur. Miqrasiya siyasətində uğurlu siyasət yürüdən ölkələr siyahıda olur. İlk 25-liyə Azərbaycan da düşüb. 


Qanunsuz miqrasiya ilə mübarizə məsələsinə gəldikdə təbii ki, bütün ölkələrdə qanunsuz miqrantlar var. Bu baxımdan da Azərbaycan öndə gedən ölkələr sırasındadır. Bizim statistikalara baxsaq, hər ay Dövlət Miqrasiya Xidməti, Daxili İşlər Nazirliyi və digər strukturların həyata keçirdiyi əməliyyatlar zamanı aşkarlanan qanunsuz miqrantların sayı təqribən 2500 nəfər olur. Bu, elə də böyük rəqəm deyil. Ölkə ərazisində olan miqrantların sayının yüz minlərlə ölçüldüyünü nəzərə almaq lazımdır. 2025-ci ilin yanvar ayında ölkədə 370 mindən bir qədər artıq miqrantın olduğu bildirildi. Hindistan və Pakistandan olan qanunsuz miqrantlar daha çox gözə çarpır. O da zaman-zaman gündəmə gəlir. Rusiyadan da kimsə ola bilər ki, ölkə ərazisində qanunsuz miqrant kimi yaşasın. Ukraynadan olan qanunsuz miqrantlar da zaman-zaman aşkarlanırlar. Bunun müxtəlif səbəbləri olur. Bu adamlar ölkəyə qanuni yolla daxil olublar, qeydiyyata da düşüblər. Sadəcə sonradan müvəqqəti yaşamaq üçün müraciət etmir, hansısa sənədlərini itirmiş olduqlarından qanunsuz miqrant vəziyyətinə düşürlər. 

Hindistanla Pakistandan olan miqrantlar daha çox gözə çarpır. Çünki Hindistan və Pakistandan gələnlərin çoxu Azərbaycan ərazisindən tranzit kimi istifadə etmək istəyirlər. Amma müəyyən müddət ərzində Azərbaycanda qalıb əmək fəaliyyəti ilə məşğul olmaq istəyirlər. Müxtəlif şirkətlərə müraciət edirlər. Xidmət sektorunda, taksidə işləyənləri də müşahidə etmişik. Onlar ölkə ərazisinə turist vizası ilə gəlirlər. Turist vizası ilə ölkəyə daxil olanlar burada əmək fəaliyyəti ilə məşğul ola bilməz. 1 ay ərzində ölkə ərazisində yaşayıbsa, həmin şəxs bu müddət bitəndə mütləq ölkəni tərk etməlidir. Adam ölkəni tərk etmir, özü üçün hansısa bir iş tapır və xidmət göstərməyə başlayır. Belə olan halda şəxs aidiyyəti strukturlar tərəfindən aşkarlanan zaman qanunsuz miqrant kimi dəyərləndirilir və müvafiq olaraq cərimə sanksiyasına məruz qalır. Onunla bağlı qərar verilir.
 

- Dünyanın böyük ölkələrindən bizdə miqrant varmı?
 

- Bizdə hər yerdən miqrant var. 100-dən çox ölkənin miqrantına rast gəlmək olar. Avropada elə ölkə yoxdur ki, oradan Azərbaycanda miqrant olmasın. Türkiyə, Rusiya və Gürcüstandan əmək fəaliyyəti ilə məşğul olmaq üçün gələn miqrantlar üstünlük təşkil edir. İlk üçlükdə bu ölkələrdir. Son zamanlar əmək fəaliyyəti ilə məşğul olan miqrantlar arasında Ukraynadan, İrandan olan şəxslər də var.
 

"Azərbaycan 70 nəfərə qaçqınlıq statusu verib"
 


- Bu gün Azərbaycanda qaçqınlar nə qədərdir və onlar hansı ölkələrdəndir?


- Hər hansı xarici ölkə vətəndaşı 4 səbəbə görə müraciət edə və araşdırıldıqdan sonra qaçqınlıq statusu ala bilər. Bu 4 səbəbə dini baxışlarına, siyasi mövqeyinə, hansısa sosial qrupa üzv olduğuna və irqi ayrı-seçkiliyə məruz qaldığına görə təqib olunmaq, özü və ailə üzvlərinin təhlükə altında olması aiddir. İlkin olaraq şəxs sığınacaqla təmin edilir. Sonra onun müraciəti ətraflı araşdırılır. Qanunvericiliyimizə əsasən araşdırma müddəti 2 aydan 3 aya qədər çəkə bilər. Əgər şəxsin müraciəti əsaslandırılıbsa, ona qaçqın statusu verilir. Həmin şəxslər hökumətin tanıdığı qaçqınlar adlanır. Azərbaycanda belələrinin sayı 70 nəfərdən bir qədər artıqdır. Onlar ölkənin tam müdafiəsində olan insanlardır. Ölkə ərazisində bütün hüquqlardan istifadə edə bilərlər.
 

- Bu 70 nəfər arasında daha çox hansı ölkələrin vətəndaşları üstünlük təşkil edirlər?
 

- Əfqanıstan və İrandan belə adamlar var. Onlar beynəlxalq hüquqda “sığınacaq axtaran şəxslər” kimi tanınırlar. Müharibə səbəbindən öz ölkəsini tərk edən insanlar bu kateqoriyadandırlar. Milyonlarla Ukrayna vətəndaşı Avropa ölkələrində sığınacaq axtaran şəxs qismində qeydiyyata alınıb. Onlar qaçqınlara verilən bütün hüquqlardan istifadə edə bilirlər. Azərbaycanda BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının sığınacaq axtaran şəxs kimi tanıdığı təqribən 1700-1800 arası şəxs var. Bu qurum tərəfindən onlar qeydiyyata alınıblar. Onlara BMT-nin himayəsi altında olduğu bildirilir. Ölkə də onlara humanitar dəstək proqramları çərçivəsində ərazi sığınacağı verib. Onlar ölkə ərazisində yaşaya bilərlər. Bu şəxslərdən ölkəni tərk etmələri tələb edilmir, lakin qaçqın statusu da verilmir. Qaçqın statusu dediyim kimi 4 əsasa görə verilə bilər. Belə status verilən şəxslər arasında əfqanlar və çeçenlər üstünlük təşkil edir. Beynəlxalq Konvensiyalara qoşulduğumuz üçün onlara ərazi sığınacağı vermişik. Onların uşaqları təhsil alırlar, tibbi xidmətlər göstərilir, əmək fəaliyyəti ilə məşğul olurlar. Həssas qrup olduqları nəzərə alınır və onlara nə lazımdırsa, BMT-nin humanitar təşkilatları, o cümlədən Azərbaycan hökuməti tərəfindən zəruri köməklər göstərilir.
 

"Azərbaycanlılar əsasən Almaniyada qaçqınlıq statusu alır"
 

- Bəs azərbaycanlılar hansı ölkələrə qaçqın statusu almaq üçün müraciət edirlər?


- ATƏT-in ixtissaslaşmış qurumları, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı var. Məlumat bazasında bəzi rəqəmlər yer alır. O rəqəmləri nəzərdən keçirəndə biz görürük ki, soydaşlarımızın getdiyi ölkələr arasında daha çox Almaniya qabarıq şəkildə özünü büruzə verir.
 

- Onlar hansı məsələyə görə qaçqın statusu alırlar?
 

- Burada müxtəlif məqsədlər ola bilər. Müxtəlif əsaslarla onlara qaçqın statusu verilir. Misal üçün, siyasi baxışlarına görə qaçqın statusu almış şəxslər də var. Bizə irqi zəmində ayrı-seçkilik olduğu barədə müraciətlər gəlmişdi. Kiminsə nənəsi hansısa millətə məxsus olduğu üçün ölkə ərazisində təqiblərə məruz qaldığı deyilirdi. Biz də öz statistikamızı açıb deyəndə ki, ölkə ərazisində 10 minlərlə həmin millətdən olan insan heç bir maneə olmadan yaşayır, öz soyadı ilə bütün xidmətlərdən istifadə edir, hansı millətə olduğuna görə təqibə məruz qalmırsa, iddialar sadəcə uydurmadır.
 


- Hansısa əcnəbi Azərbaycanda qaçqın statusu alanda onlar barədə vətəndaşı olduqları ölkələrə məlumat verilir?

 

- Azərbaycan tərəfi məlumatı təbii ki, BMT-nin aidiyyəti  strukturlarına təqdim edir. Əgər şəxsin müraciəti əsaslandırılıb qaçqın statusu verilirsə, BMT-nin bazasında artıq həmin şəxsin adı olur. Amma Azərbaycan tərəfindən həmin şəxsin vətəndaş olduğu ölkəyə məlumat verilmir. Çünki həmin şəxs öz ölkəsində təhlükəyə məruz qalıb ki, qaçqın kimi Azərbaycana gəlib.
 

"Məni təmsil etdiyim dairənin problemləri maraqlandırır"
 

- 9 aydır ki, deputat kimi çalışırsınız. İllərdir bu işlə məşğul olan digər kolleqalarınızla ayaqlaşmaq sizin üçün çətin olmadı ki?
 

- Ayaqlaşmaq barədə heç vaxt düşünməmişəm. Mən Milli Məclisdə 29 saylı Sabunçu dördüncü seçki dairəsini təmsil edirəm. Əsas niyyətim həmin dairədən olan müraciətlərlə bağlı öz fəaliyyətimi həyata keçirməkdir. Digər dairədən də müraciətlər olursa, onlara da eyni qaydada baxırıq. Hər hansı ayrı-seçkiliyə yol vermirik. "Bu mənim dairəm deyil, baxmaq istəmirəm" demirik. Mən daha çox öz dairəmlə bağlı olan fəaliyyətim barədə düşünürəm. Hansısa deputat daha çox vətəndaş qəbulu keçirir, sıx təmasda olur, mən buna baxmıram. Elə bir yanaşmamız da yoxdur. Bunu qıraqdan kimsə görə bilər ki, filan deputat mediada daha fəaldır, digərinin fəallığı daha aşağıdır. Bu da mənim üçün meyar deyil. Mənim üçün önəmli olan yeganə məsələ seçicilərdən, eləcə də mediadan daxil olan müraciətləri cavablandırmaqdır. Deputat olaraq bu baxımdan imkanlarımız kifayət qədər genişdir. Dövlət qurumları ilə birbaşa əlaqədə olub müraciətlərimizi edirik. Aidiyyəti üzrə sorğularımıza cavab alırıq. Elə bir dövlət qurumu yoxdur ki, sorğularımıza cavab verməsin. Ola bilər ki, hansısa məsələ həllini tapmasın. O da ola bilər ki, hansısa deputatın müraciətləri əsasında həll olunan məsələlərin sayı bizim müraciətimizdən sonra həllini tapan məsələlərdən çox və ya az olsun. Biz bunun müqayisəsini aparmırıq. Media ilə sıx əməkdaşlıq edirik. 
Mənə seçicilər tərəfindən 5 illik etimad göstərilib, onu doğrultmalıyam. Bütün resurlarımızı, imkanlarımızı sərf etməklə, insanların bu gün üzləşdiyi aktual məsələlərin həllinə maksimum köməklik göstərməliyik. Vəzifəmizi layiqli yerinə yetirməliyik. Əsas niyyətimiz budur. 
 

"Bəzi deputatlar bunu etmirsə, etmək istəmirsə, o başqa məsələdir"
 

- Azər müəllim, siz parlamentə ilk dəfə seçilən deputatlardansınız. Mediaya açıqsınız. Lakin yeni deputat seçilənlərin bəziləri mediaya açıq deyil, eyni zamanda çıxışlarda da aktiv deyillər. Siz bunun səbəbini nədə görürsünüz?
 

- Hər bir deputatın mediaya açıq olmaq məsələsində öz yanaşması var. Mən niyə fəal olduğumu deyə bilərəm. Ona görə fəalam ki, özümü çox rahat hiss edirəm. Media ilə sıx əlaqədə olmaq mənim üçün gündəlik işdir. Gündə iki-üç dəfə televiziya verilişlərində olmaq fiziki baxımdan yorucudur. Eləcə də gün ərzində bir neçə televiziya kanalında olmaq etik baxımdan düzgün deyil. Məlumat axını çoxdur. Mən proseslərin tam içində olmaq istəyirəm. Bunun üçün o proseslər barədə məlumatlı olmalısınız. Bu nə deməkdir? Məsələn mən "xarici işlərin aspekti” deyilən verilişdə iştirak edəcəyimi bilirəm. Burada Çin, ABŞ, Yaxın Şərq məsələlərini əhatə edən çoxşaxəli suallar olur. Bu o deməkdir ki, mən çoxtərəfli məlumat sahib olmalıyam. Tutaq ki, Trampla Putin arasında telefon danışığı olub, onların müzakirə etdiyi məsələlər var. Zelenskinin komandası ilə Putinin komandasının razılaşmadığı məqamlar mövcuddur. Avropa Birliyi, eləcə də Türk Dövlətlərinin Macarıstanda zirvə toplantısı olacaq. Veriləcək suallar həmin mövzularla bağlıdırsa, deməli, mən məlumatlı olmalıyam. Məlumat axınını izləməliyəm. Digər deputatlar bunu etmirsə, etmək istəmirsə, bu başqa məsələdir. Onlar da fərqli istiqamətlərdə fəaldırlar. Bizdə deputatlar var ki, tədris prosesində çox aktivdirlər. Elmi tədqiqat işləri ilə məşğul olan deputatlarımız var. Bu, deputatdan deputata dəyişən məsələdir. Mən özümün niyə mediada aktiv olduğumu deyirəm. Qoy indi oxucu nəticə çıxarsın. Maraq dairəsi deyilən bir şey də var. Hər bir deputatın da maraq dairəsi, ixtisaslaşdığı sahəsi var. Beynəlxalq münasibətlərdən, QHT-lərdən, miqrasiyadan danışırıqsa, mən özümü rahat hiss edirəm. İki komitədə - İnsan hüquqları və İctimai birliklər və dini qurumlar komitələrində təmsil olunuram. Digər komitələr də var ki onların işlərini yaxından izləyirəm. Bu yaxınlarda Xarici müdaxilələr və hibrid təhdidlər komissiyasının ictimai dinləməsində iştirak etdik. Axı biz "informasiya müharibəsi"ndə öndə gedən qrupu təmsil edirik. Çünki ölkəmizə qarşı "informasiya müharibəsi" və hibrid təhdidlər var. Bu proseslərdə media ilə yanaşı, diplomatlarımız, parlamentarilər öndə gedirlər. Hərənin ixtisaslaşdığı bir sahə var ki, o istiqamətdə özlərini rahat hiss edirlər. Məsələn, keçmiş diplomatik korpusda təmsil olunan bir həmkarımız var, bu gün o prosesin önündə gedir. O əvvəllər - diplomat olanda da mediada görünmürdü. Amma bu gün "informasiya müharibəsi"ndə öndə gedən adamlardan biridir. Biz bəzi informasiyaları hətta onlardan almış oluruq. Elə deputatlarımız var ki, Qarabağda gedən bərpa-quruculuq işlərində kifayət qədər fəal ola bilirlər, yaxından izləyirlər. Bizim üçün məlumat mənbəyi həm də onlardır. Amma siz onları mediada görmürsünüz. Miqrasiya məsələsində də həmkarlar zəng edib məndən soruşurlar. 
 


- Parlamentə gəlməzdən əvvəlki fəaliyyətiniz də çoxşaxəlidir. Bunlardan biri də gənclərlə bağlıdır. Köhnə nəslin yeni nəsli qəbul etməsi hər keçən dövr daha da çətinləşir. Siz Azərbaycan gənclərinin fəaliyyətini, özlərini necə qiymətləndirirsiniz?

 

- İkinci Dünya Müharibəsində 600 min Azərbaycan gənci iştirak edib. Mən müharibədə iştirak edənlərin xatirələrini oxumuşam. İkinci Dünya Müharibəsi zamanı 18 yaşlı əsgərin "starşınası"nın 40-45 yaşı olub. Müharibədə yaşlı-cavan fərq etmir. Yaşlı nəslin nümayəndəsi həm də təcrübə məktəbi olub. 18 yaşında - hələ dünən parta arxasından qalxan şəxs necə özünü göstərə bilər... Götürək elə bizim 44 günlük Vətən müharibəsini, eyni situasiyadır. Müharibə müstəvisində gənc-böyük, nəsil vəhdəti var. Bu həmrəylik olmadan uğur qazanmaq mümkün deyil. Zəfəri 44 günlük Vətən müharibəsində məhz böyük nəsillə gənc nəsil arasında həmrəylik sayəsində qazandıq. Gənc və yaşlı nəsil müharibədə bir-birilərini qəbul edirsə, digər sahələrdə niyə qəbul etməsinlər. O ki qaldı ənənələr məsələsinə, hər dövrün öz tələbi, yanaşması var. Məsələn bir dövrdə hansısa paltar dəbdəydisə, bu gün o dəb deyil. Dəyərlər nöqteyi-nəzərdən məsələyə yanaşsaq, görərik ki, bizim cəmiyyətdə dəyərlər sistemi daxilində də milli həmrəylik var. Əksər hallarda efirlərdə gedən bəzi verilişlər olur ki, onlardan gileylənirik. Milli dəyərlərimizə zidd olduğunu dilə gətiririk. Sosial şəbəkələrdə də bu baradə danışırıq. Danışan kimdi? Yenə də bu cəmiyyətin fəal üzvləri. Gənc, orta nəsil, yaşlı nəsil - fərqi yoxdur. Hansısa bir verilişdə milli maraqlarımıza zidd fikir səslənirsə, hamımız buna etiraz edirik. Milli dəyərlər, mədəniyyət məsələlərində gənc və yaşlı nəsil arasında fərq görmürəm. Hansısa baxış bucaqları fərqli ola bilər. Misal üçün,  25 il əvvəl elə bir adət-ənənəmiz olub ki, bu günlə ayaqlaşmır. Amma cəmiyyət özü sağlam, canlı orqanizmdir, özünü tənzimləyir, yeni-yeni adətlər ortaya çıxır.  Dünyada bu gün antiqlobalistlərin hərəkatı daha geniş yayılmaqdadır. Mən də onun tərəfdarıyam ki, qloballaşma heç də həmişə müsbət nəticələr vermir, bunu gedən proseslərdə gördük. Mənim üçün əsas məsələ regionlaşmadır.
 

- Ölkəmizdə gənclərlə bağlı hansı boşluqların olduğunu düşünürsünüz?
 

- Bütün sahələrdə gənclərin kifayət qədər fəal iştirakını görürük. Onların proseslərə müsbət təsirlərinin də şahidi oluruq. Kifayət qədər qabiliyyətlidirlər. Bu elə-belə deyilmiş söz deyil. Hər dediyim sözün arxasında durmağa hazıram. Beynəlxalq platformalarda gənclərimiz öz sözünü deyir. Bu gün ABŞ-də kəlbəcərli gəncin uğur qazanması, aparıcı universitetdə birinci yerə çıxması, özü də məcburi köçkün olması artıq çox şeylərdən xəbər verir. Avropanın müxtəlif institutlarında, beynəlxalq təşkilatlarında gənclərimiz iştirak edir. Zamanında gənclər təşkilatında fəal olanları ayrı-ayrı beynəlxalq təşkilatların rəhbər vəzifələrində birinci şəxs kimi görürük. Biz özümüz gənc dövlətik. 1991-ci ildən üzü bəri 34 il edir. Nə qədər yaşamışıq ki, deyək "vay, gənclər belə". Biz hamımız gəncik, respublikamız gəncdir. Ona görə də biz bütün məsələlərə diqqət yetirəndə təbii ki, bir məsələni yaddan çıxarmamalıyıq. Sosial inklüzivlik deyilən anlayış var. Yəni cəmiyyətdə bir proses gedirsə və onun həlli ilə bağlı hər hansı yanaşma olmalıdırsa, cəmiyyətin bütün təbəqələrinin, o cümlədən gənclərin o yanaşmada iştirak etməsi mütləqdir. Çünki kreativ düşüncənin, fikirlərinin təmsilçisi gənclərdir. Bu gün süni intellekt barədə kimlər çox danışır? Gənclər. Dövlətimizin gənclərlə bağlı siyasətinə gəldikdə, cənab Prezidentin bütün çıxışlarına diqqət yetirsəniz, görərsiniz ki, gənclər məsələsi öz yerini hər zaman tutur. Cənab Prezidentin rəhbərlik etdiyi və ölkə ərazisində keçirilən bir çox beynəlxalq tədbirlərə fikir versəniz, görərsiniz ki, orada gənclərlə bağlı ayrıca sessiya olur. 
 

"Ölkəmizdə 4000 QHT-dən 1000-i yaxşı işləyir"
 


- QHT-lərimiz bu gün nə qədər aktivdir? Ümumiyyətlə, QHT-lərin fəaliyyətində hansı yeniliklərin olmasına ehtiyac var? QHT-lər üzərinə düşən vəzifələri yerinə yetirirmi?

 

- Ola bilər ki, əvvəllər QHT-lərimizin səsi Biləcəridən o tərəfdə eşidilmirdi. İndi isə vəziyyət belə deyil. QHT-lərimizin səsi dünyada eşidilir. Azərbaycan Milli QHT Forumunun bir toplantısını keçirdik. Orada bir il ərzində Azərbaycan Milli QHT Forumunun xətti ilə həyata keçirilən fəaliyyətlər barədə məlumat verildi. Beynəlxalq platformalarda təmsilçilik baxımından "COP29 QHT koalisiyası", "Ümumdünya Urban13 QHT koalisiyası" yaradıldı. Bu təşkilatların üzvləri sırasında yüzlərlə QHT təmsil olunur. Bu platformaların hamısı Azərbaycan QHT-lərinin təşəbbüsü ilə yaranıb. Xəzər hövzəsinə daxil olan dövlətlərin ayrıca QHT koalisiyası var. Bu da beynəlxalq platformdur. Götürək BMT-nin "Ecosoc" proqramını, burada 16 QHT sədri təmsil olunub. Bu, artıq QHT-lərimizin beynəlxalq platformalarda təmsil olunmaqla yanaşı, həm də beynəlxalq platformalara töhfə verən tərəf kimi dəyərləndirilməsidir. Bunun nəticəsidir ki, Azərbaycan QHT-lərinin irəli sürdüyü beynəlxalq platformalar çox rahatlıqla xarici ölkələr tərəfindən təsis olunur. Bu da Azərbaycan QHT-lərinə göstərilən etimaddan qaynaqlanır.
 

- Bu gün QHT-lərin mediada işıqlandırılması, onlar barəsində elə də ciddi məlumatlar verilməməsi müaşhidə olunur. Siz bunun səbəbini nədə görürsünüz?
 

- Ümumiyyətlə işləməyən QHT-lər də var. Azərbaycanda 4000-dən çox QHT qeydiyyata alınıb. Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin xətti ilə dəstəklənən layihələri icra edən QHT-lərin sayı təqribən 1000 civarındadır. Yəni 4000 QHT-nin içərisində 1000 QHT-nin daha çox fəal olduğunu deyə bilirik. Çünki onlar mütəmadi olaraq layihələrlə işləyən QHT-lərdir. Bunların içərisində də nisbətən fəal olan, bir az zəif işləyənlər var. Bir layihəni icra edib digərini gözləyən, yəni layihədən-layihəyə işləyənlər də mövcuddur. O da QHT-nin dayanıqlılığı ilə əlaqədardır.
Biz yerdə qalan 3000 QHT-nin performansını bütövlükdə 4000-lik QHT sektoruna şamil edə bilmərik. Ümumiləşdirilmiş şəkildə qiymət verilməsi ən xoşagəlməz haldır. Onda həqiqətən də işləyən QHT-lər kölgədə qalmış olur. Təbii ki, bizim işləyən QHT-lərimiz çoxdur, getdikcə onların sayı artır. QHT-lərin peşəkarlığı, layihə yazmaq bacarığı da artır. Bu iki element də beynəlxalq müstəvidə layihələrin icra edilməsinə imkan verir. Azərbaycan QHT-ləri bu gün beynəlxalq layihələri icra edir.
QHT-lərin bəzisi media ilə işləməyi o qədər də önəmli hesab etmir. QHT hərşeyşünas olub bütün sahələrdə işləyə bilməz. QHT-nin ixtisaslaşdığı - təhsil, ekologiya və sair digər sahələr olur. 2021-ci ildə QHT Agentliyi yaradıldı. Cənab Prezidentin sərəncamı ilə Agentliyin müşahidə şurasının üzvü təyin olundum. Burada əsas məsələ peşəkarlığın artması, layihə yazma bacarığının artırılmasıydı. 4 ildə müəyyən qədər buna nail olmuşuq. Bəzən media ilə QHT arasında informasiya əlaqəsi yanlış qurulur. Məsələn, hər hansı informasiyanı, tutaq ki, ekologiya ilə bağlı məlumatı bəzən heç bu sahəyə aidiyyəti olmayan QHT-dən soruşurlar. COP29 zamanı ekologiya sahəsində kifayət qədər ixtisaslaşmış 30-40 QHT hətta Ermənistan ərazisində iqlim dəyişikliyinə zərər göstərən müəssisələrin xəritəsini yaradıb. Ermənistan QHT-ləri öz ərazilərində olmağına baxmayaraq bunu edə bilmirlər.

"Rusiyanın Ukraynadan sonra bütün diqqətini Azərbaycana yönəldəcəyi ilə bağlı fikirlər boşdur"


- Azər müəllim, siz Milli Məclisin Azərbaycan-Rusiya Parlamentlərarası İşçi Qrupunun üzvüsünüz. Rusiya ilə Azərbaycan arasında baş verən bəzi hadisələr gərginlik ab-havası yaradıb. Məsələn, təyyarəmizin vurulması, parlamentin deputatı Azər Badamovun deport edilməsini nümunə göstərmək olar. Siz bu hadisədən sonra Rusiyadakı işçi qrupu ilə görüşdünüzmü? 


- Azərbaycan Respublikası ilə Rusiya Federasiyasının Dövlət Duması arasında təbii ki, təmaslar var. Vaxtaşırı o təmaslar barədə məlumatı mediada oxuya bilirsiniz. Amma sadaladığınız məsələlər elədir ki, onlar gərək ilk növbədə diplomatik səviyyədə öz həllini tapsın. Bəzi suallara cavab verilsin. Ondan sonra digər strukturlar öz addımını atsın. Azər Badamov məsələsi ilə bağlı Rusiya XİN konkret izahat vermədi. Azər Badamovun hansısa çıxışlarına görə bu hadisənin yaşanması ilə bağlı fikirlər sadəcə çıxışlardadır. Rusiya XİN-in bununla bağlı mövqeyi rəsmi açıqlanmadı. Bir sıra suallar var ki, düşünürəm onlar ətrafında XİN səviyyəsində dəqiqləşdirmələr aparıldıqdan sonra biz konkret olaraq digər müstəvilərdə də öz fəaliyyətimizi hər zamankı kimi davam etdirəcəyik. Yeri gəlmişkən, Rusiyada bizə qarşı çox ciddi kampaniyaya başlamaq istədi ki, niyə cənab Prezident İlham Əliyev 9 May paradında iştirak etmədi. Rusiya XİN səviyyəsində tutarlı cavab verildi. Ondan sonra isteriya dayandı. Mariya Zaxarovanın bir kəlmə reaksiya verməsi ilə isteriya dayandı. Çünki məlum məsələdir ki, o məsələni qıcıqlandırmaq, alovlandırmaq niyyətində olan qüvvələr var. Bunlar müəyyən siyasi mərkəzlərə bağlı ola bilir. XİN-in reaksiyası bu məsələnin üzərindən xətt çəkdi. Azərbaycan Prezidentinin hansısa tədbirdə iştirak etməməsinə Rusiyada media səviyyəsində fərqli donlar geyindirmək cəhdi heçə endirildi. Bu da bizim müstəqil xarici siyasət kursumuzdan xəbər verir. Məsələyə bu kontekstdən yanaşmaq lazımdır. Rusiya tərəfi bununla hesablaşır. 2-3 gündür bizim media məkanında da yazırlar ki, Rusiya Azərbaycana qarşı filan addımları atır, Ukraynada işi bitən kimi Azərbaycana yönələcək. Boş şeylərdir. Azərbaycan Rusiyaya hava, su kimi lazımdır. Rusiya özü maraqlıdır ki, Şimal-Cənub dəhlizi işləsin. Dəhliz haradan işləyəcək - Azərbaycan üzərindən. İnfrastruktur qurulub. Azərbaycanın bununla bağlı siyasi mövqeyi açıq-aşkardır. Bizim bu gün şimalla cənubu birləşdirən xarici siyasət kursumuz var. Rusiya-Azərbaycan-İran münasibətlərinə baxın. Bu xətt həyati əhəmiyyət kəsb edir. Məsələyə belə baxmaq lazımdır. Lokal, cılız şəkildə yox. Dünya siyasəti xırda nüanslar üzərində yox, qlobal baxışlar üzərində qurulur. Cənab Prezidentin qoyduğu bir siyasət var. Bu gün nəhəng Çin dövlətinin lideri deyir ki, Azərbaycan xalqı Çin xalqının qardaşıdır. Bəzi dövlətlər - Fransa və Ermənistan bir-birinə bacı deyirlərsə, Çin lideri deyir ki, xalqlarımız qardaşdırlar.
 


- Avropa Siyasi Birliyinin toplantısı çərçivəsində Prezident İlham Əliyevlə Ermənistan Baş naziri arasında görüş oldu. Sizcə görüşdə kommunikasiyalarla, Zəngəzur dəhlizi məsələsinə toxunulmuş ola bilərlərmi?

 

- Baxın, bədən dili deyilən siyasi baxış bucağı var. Biz bədən dilinə diqqət yetirəndə görürük ki, kifayət qədər pozitiv tonda görüşlər olub. Paşinyanın hətta cənab Prezidenti kofe içməyə dəvət etməsi və digər məsələlər artıq ondan xəbər verir ki, burada müzakirə edilən bütün məsələlər hamısı pozitiv məcrada olub. Cənab Prezidentin bir-iki baxışı, jesti oldu - mən hiss etdim ki, müəyyən narazılıq ola bilər. Çünki qarşı tərəfin də özünəməxsus yanaşması var. Təxmin edə bilərik hansı məsələlərdir. Amma kifayət qədər müsbət müstəvidə özünü büruzə verən proseslərin şahidi olduq. Qeyri-rəsmi toplantı olsa belə, kifayət qədər siyasi mesajlarla dolu tədbir keçirildi. Müsbət nəticələrini gözləyək. Siz dediyiniz məsələlər də müzakirə oluna, olunmaya da bilər. Bütövlükdə  bütün proseslərin başında sülh sazişi məsələsi durur. Sülh sazişinin imzalanması üçün Azərbaycan tərəfinin irəli sürdüyü şərtlər var. Bir nömrəli məsələ Ermənistan konstitusiyasının dəyişdirilməsidir. Digər mühüm şərt də Minsk qrupunun ləğvi üçün birgə müraciətin edilməsidir. Əminəm ki, bu mövzular ətrafında da müəyyən fikir mübadiləsi aparılıb.

Turqay Musayev

 

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu" mövzusunda dərc olunub

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər