“Təhsil sistemində qanun pozuntuları baş verdiyi təqdirdə, istər Təhsil Nazirliyi, istər sə də müvafiq dövlət qurumları tərəfindən bu işlə mübarizə aparılır”.
Modern.az xəbər verir ki,bu sözləri təhsil naziri Mikayıl Cabbarov müəllimlərin ixtisasdəyişməsinə münasibət bildirərkən deyib. Nazir müəllimlərin qanunvericilik çərçivəsində işə düzəlməsinə də toxunub.
“Bu qanunla icazə verilmiş qaydadırsa, normaldır. Biz təhsil sistemində olan bu və yaxud digər mənfi hallarla kampaniya şəklində məşğul olmuruq. Ümumilikdə təhsil sisteminin mövcud qanunvericiliyi çərçivəsində fəaliyyət göstəririk və qanunun təkmilləşdirilməsinə ehtiyac varsa, o zaman müvafiq vəsadət qaldırırıq, həmin qanunvericiliyin təkmilləşdirilməsinə çalışırıq”.
Təhsil naziri Mikayıl Cabbarov bölgələrdə işləyən müəllimlərə edilə biləcək güzəştlərdən danışıb.
Nazir bildirib ki, bölgələrdə çalışan müəllimlər üçün əlavə güzəştlər nəzərdə tutulub.
“Hazırda Azərbaycan qanunvericiliyi regionlarda çalışan müəllimlər üçün belə bir güzəştləri nəzərdə tutub. Ümumilikdə, nazirlik bölgələrdə müəyyən fənlər üzrə müəllim çatışmazlığını, eyni zamanda fənn müəllimlərinin hazırlığı prosesində praktiki təcrübənin və bu təcrübəyə kifayət qədər yer ayrılmadığını tanıyaraq, gələcəkdə müəllim ixtisasları üzrə hazırlanan tələbələrin məcburi şəkildə məktəblərdə təcrübə keçməsini təqdim edəcək”.
Mikayıl Cabbarov xaricdə dövlət xətt ilə təhsil alan tələbələrin təqaüdlərinin rübdə 1 dəfə verildiyi üçün onlar arsında yaranan narazılığa və həmin tələbələrin təqaüdlərinin artırılmasına aydınlıq gətirərkən deyib. “Təqaüdlərinin verilməsi və onların həcmi Nazirlər Kabineti tərəfindən müvafiq qərarla müəyyənləşdirilib”.
Onun sözlərinə görə, təqaüdlərin vaxtlı-vaxtında verilməsi üçün Təhsil Nazirliyi tərəfindən xüsusi addımlar atılıb: “Bu prosesləri izləyirik, şikayətlərin sayının azalmasını kəskin şəkildə müşahidə edirik. Təhsil Nazirliyinə kimin şikayəti varsa, “Qaynar xətt”in işçi qrupuna müraciət edə bilərlər”.
Təqaüdlərin həcminin artırılmasına da toxunan nazir bildirib ki, bu, müvafiq qaydalar çərçivəsində həyata keçirilən prosesdir.
Namizə Bingöl