Modern.az saytı xəbər verir ki, “Todays Zaman” qəzeti Türkiyədə jurnalist kimi fəaliyyət göstərən azərbaycanlıların durumu ilə bağlı yazı dərc edib.
Modern.az oxucularına artıq tanış olan sözügedən qəzetin əməkdaşı Lamiyə Adilqızının bu mövzuya müraciət etməsinə əsas verən səbəb “Todays Zaman”ın digər azərbaycanlı əməkdaşı Mahir Zeynalovun Türkiyədən deportasiyasıdır.
“Bundan sonra nə baş verə biləcəyini demək çətindir”. Bunu Türkiyədə müstəqil jurnalist kimi fəaliyyət göstərən Arzu Qeybullayeva deyib.
M.Zeynalov kimi o da Türkiyə vətəndaşı ilə ailə qurub.
Arzu Qeybullayeva məlum deportasiya olayından sonra qorxu keçirdiyini bildirib.
Başqa bir azərbaycanlı jurnalist – Məhsəti Şərif Özyürək də eyni həyəcanı dilə gətirib. “Əminəm ki, bu insident demokratik ölkələrdə olduğu kimi həll ediləcək”, – deyə o bildirib.
İstanbulda yaşayan və “Daily Star”ın əməkdaşı kimi fəaliyyət göstərən tanınmış jurnalist Sevil Nuriyeva isə qeyd edib ki, baş vermiş olay Türkiyədə söz azadlığının durumuyla əsla bağlı deyil.
“Hər bir adam türk qanunlara boyun əyməlidir. Mən illərdi Türkiyədə işləyirəm və heç vaxt maneə, yaxud problemlərlə üzləşməmişəm. Mahir Zeynalovu problemi sırf siyasi məsələdir və o, yanlış mövqedə yer almışdı”.
Modern.az