Modern.az

13 Fevral - Xankəndi şəhərində mitinqlərin başlandığı gün -TARİX

13 Fevral - Xankəndi şəhərində mitinqlərin başlandığı gün -TARİX

Təhsil

13 Fevral 2014, 12:44


1988-ci il fevralın 13-də Dağlıq Qarabağ Muxtar vilayətinin mərkəzi Xankəndi şəhərində seperatçı ermənilərinin ilk mitinqi keçirilib. Şəhərin Lenin meydanına toplaşan erməni millətçiləri xarici havadarlarından dəstək alaraq mənfur niyyətlərini, Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi planlarını açıq bəyan etdilər. Bu həm də ermənilərin növbəti dəfə etnik təmizləmə siyasətinin başlanğıc mərhələsi idi.

Modern.az saytı həmin olaylarla bağlı tarixə qısa ekskurs edir...

Məhz həmin ərəfədə fevralın 20-də vilayət rəsmləri Azərbaycan rəhbərliyinə DQMV-nin Ermənistanın tabeliyinə verilməsi ilə bağlı müraciət ünvanladı. Ermənilərin bu özbaşınalığına istər SSRİ, istərsə də Azərbaycan rəhbərliyi tərəfindən kəskin reaksiya olmadığından yaranan münaqişə öz axarını dəyişərək mitinqlər müstəvisindən silahlı basqınlar müstəvisinə keçdi. Həmin dövrdə Azərbaycan rəhbərliyinin bu məsələyə biganə münasibəti, kəsərsizliyi, hadisələrə düzgün qiymət verməmələri nəticəsində Xankəndi şəhərindən, həmçinin vilayətin digər yaşayış məntəqələrindən köməksiz qalan azərbaycanlılar kütləvi şəkildə öz doğma yurd yuvalarından qovuldular. Bakının heç bir tədbir görməməsindən səmərəli bəhrələnən ermənilər Dağlıq Qarabağ Muxtar Vilayətində etnik təmizləmə siyasətlərini asanlıqla həyata keçirməyə nail oldular. Yaranmış şəraitdən istifadə edən ermənilər  1988-cı il iyulun 12-də Dağlıq Qarabağda “vilayət soveti” deyilən qurumun toplantısını keçirdilər və Azərbaycanın tərkibindən çıxmaq haqda qərar qəbul olundu. Təbii ki, bu toplantıya orada yaşayan azərbaycanlıların nümayəndələri dəvət olunmadılar.

Xüsusilə Moskvadan aldıqları dəstək erməni millətçilərinin planlarının həyata keçirilməsində, Dağlıq Qarabağın Azərbaycanın nəzarətindən tam çıxmasında mühüm rol oynayırdı. Elə bu məqsədlə də 1988-ci il iyunun 24-də Moskva özünün xüsusi təmsilçisini, Arkadi Volskini Dağlıq Qarabağa göndərdi. 1989-cu il yanvarın 12-də M.Qorbaçovun qərarı ilə Dağlıq Qarabağ Azərbaycanın tabeçiliyindən çıxarılaraq birbaşa Moskvaya tabe etdirildi və bu bölgənin birbaşa mərkəzdən idarə olunması üçün Xüsusi İdarə Komitəsi deyilən qurum yaradıldı, Arkadi Volski isə həmin quruma rəhbər təyin olundu. Moskva bu addımı atmaqla sonrakı mərhələdə Dağlıq Qarabağın Ermənistana verilməsini sürətləndirmək məqsədi güdürdü.

Həmin hadisələrin şahidi kimi qeyd edə bilərəm ki, 1988-ci ildə Xankəndi şəhərində keçirilən mitinqlər zamanı erməni millətçiləri öz planlarını tam həyata keçirəcəklərinə çox da ümidli deyildilər. Onlar qarşı tərəfdən kəskin tədbirlərin həyata keçiriləcəyi ehtimalını da nəzərdə tuturdular. Ancaq təəssüf ki, Azərbaycanın o dövrdəki rəhbərliyi tərəfindən bu sərt addımlar atılmadı.

İlham Cəmiloğlu

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU