Jurnalist Mahir Zeynalovun deportasiya olunması Türkiyədə fəaliyyət göstərən azərbaycanlı jurnalistlərin vəziyyətini gündəmə gətirib. Hazırda bu ölkədə jurnalist kimi fəaliyyət göstərən azərbaycanlılar hansısa maneələr və ya təzyiqlə üzləşirmi?
Mahir Zeynalov hadisəsindən sonra onlara münasibətdə bir dəyişiklik varmı?
Modern.az-a açıqlamasında Türkiyədə fəaliyyət göstərən Azərbaycanlı jurnalistlər bu sualı cavablandırır.
ANS-in keçmiş aparıcısı, “Səs” internet televiziyasının “Xəbərlər” bölümünün sabiq baş redaktoru Məhsəti Şərif Özyürək Türkiyədə Azərbaycanlı jurnalist problemi olmadığını deyir:
“Əvvəla Mahir Zeynalov türk mətbuatına çalışan jurnalist idi. Yəni Türkiyədə Azərbaycan mətbuatı üçün çalışmır. Bunlar fərqli durumdur. Onun çalışma izni və “sarı basın” (mətbuat) kartı var. Rəsmi qeydiyyatdan keçib. İndi baş verən problemləri nəzərə almasaq, o 4 ildir burada rəsmi olaraq çalışıb. Mən isə Azərbaycan mətbuatı üçün müstəqil yazılar yazıram. Sarı mətbuat kartı almamışam. Rəsmi qeydiyyatdan keçməmişəm. Daha çox müstəqil mövzular yazıram. Reportajlar edirəm. Rəsmi tədbirlərə getmirəm. Yalnız dəvət aldığım tədbirlərə gedirəm. Bizim durumlarımız fərqli olduğu üçün eyni müzakirə edilə bilməz. Amma ümumiyyətlə, getdiyim reportajlarda hər hansı bir problemlə rastlaşmamışam. Əksinə, çox xoş qarşılanmışam. Son günlər bir neçə millət vəkilindən müsahibə almışam. Yenə də heç bir təzyiq və problem görməmişəm. Ümumiyyətlə, Türkiyədə azərbaycanlı jurnalist problemi yoxdur. Sadəcə, sarı mətbuat kartı verilən xarici jurnalistlərə nəzarət var”.
Elza Alışova Quzey Kipr Türk Cümhuriyyətində yaşayır. Bakıda “Üç nöqtə”, “Mərkəz”, “Xalq Cəbhəsi”, Cümhüriyyət”, “Yeni Müsavat”, “Bakı-Xəbər” qəzetlərində işləyib. O da heç bir problemlə üzləşməyib:
“Mən Türkiyədə yaşamadığım üçün orada münasibət necədir, bilmirəm. Ancaq Türkiyəyə dəfələrlə getmişəm, problem və təzyiq olmayıb. Kipr adına danışa bilərəm ki, burada da eyni şəkildə problemlə rastlaşmamışam. Nə ilk vaxtlarda, nə də indi bir problemlə üzləşmişəm. Müraciət etdiyim rəsmi orqanlardan da hər zaman müsbət cavab almışam. Hətta çox böyük hörmətlə qarşılanmışam. Məncə, bir insana görə məsələni ümumiləşdirmək yanlışdır. Şəxsən mənə Kiprdə jurnalist olaraq heç bir təzyiq yoxdur və Mahir Zeynalov məsələsindən sonra da dəyişməyib”.
Misranə Həsənzadə