Modern.az

GDU-da beynəlxalq elmi konfrans keçirilib

GDU-da beynəlxalq elmi konfrans keçirilib

24 May 2025, 13:38

Gəncə Dövlət Universitetində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102 illiyinə həsr olunmuş “Təbiət və sosial elmlər sahəsində qlobal çağırışlar” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.   

Modern.az xəbər verir ki, elmi  konfrans müasir kimya, biologiya, fizika, aqrar və sosial elmlərin aktual problemlərinə həsr edilib.  Mövzu ilə bağlı 500-dən çox məqalə  5 cilddə kitabda nəşr olunub.

Konfransda Gəncə şəhər İcra Hakimiyyəti, YAP Gəncə şəhər Təşkilatı və Türkiyə Respublikasının Gəncədəki Baş Konsulluğunun rəsmi nümayəndələri, universitet rektorları, elmi-tədqiqat institutlarının direktorları və nümayəndələri, Türkiyə, Rusiya, Qazaxıstan, Tacikistan, Özbəkistan, Gürcüstan Respublikasının alimləri, o cümlədən gənc tədqiqatçılar, elm xadimləri, müəllim və tələbə heyəti iştirak ediblər.

Elmi konfransdan öncə Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzülüb, Ümummilli Liderin əziz xatirəsi dərin ehtiramla anılıb.

Daha sonra konfrans iştirakçıları Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr edilən kitab və rəsm əsərlərindən ibarət sərgiyə baxış keçiriblər.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olanların əziz xatirəsi yad edilib. Ulu Öndərin zəngin və çoxşaxəli siyasi fəaliyyətinə həsr olunan videoçarx nümayiş etdirilib.

Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibov giriş sözü ilə çıxış edərək qonaqları salamlayıb, müasir Azərbaycanın qurucusu və memarı Ulu Öndər Heydər Əliyevin ölkəmizin hərtərəfli inkişafı, qüdrətlənməsi naminə misilsiz xidmətlərindən bəhs edib. Rektor bildirib ki, Ümummilli Lider Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Ümummilli Lider Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi bütün dövrlər möhtəşəm quruculuq, tərəqqi və hərtərəfli inkişaf mərhələləri kimi şanlı tariximizin qızıl səhifələridir. Ulu Öndərin respublikaya rəhbərliyi dövründə ölkəmizdə digər sahələr kimi ekoloji tarazlığın  qorunması, ətraf mühitin mühafizəsi sahəsində əsaslı dönüş yaranmış, ölkəmizin zəngin flora və fauna müxtəlifliyinin qorunub saxlanılması həmişə prioritet məsələ olmuşdur. Ümummilli Liderin uzaqgörən siyasəti bu gün də görülən işlərdə rəhbər tutulmaqdadır. Dövlət başçısı Cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən qətiyyətli siyasət nəticəsində Azərbaycan regionun ən güclü və suveren dövlətinə çevrilib.

Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev konfransın mövzusunun əhəmiyyətini vurğulayaraq bildirib ki, bu gün Azərbaycan dünyada gedən iqlim dəyişikliyi proseslərinə ən həssas yanaşan ölkələrdəndir. 2024-cü ildə COP29-un ölkəmizdə keçirilməsi Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzunun göstəricisidir.

Yeni Azərbaycan Partiyası Gəncə şəhər Təşkilatının sədri Bayram Aslanov çıxışında Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi ilk dövrdən güclü milli elmi kadrların yetişməsinə xüsusi əhəmiyyət verdiyini qeyd edib, bu gün də  cənab Prezident İlham Əliyevin ölkəmizin qüdrətinin daha da artırılması üçün neft kapitalının insan kapitalına çevrilməsi strategiyasını uğurla həyata keçdiyini vurğulayıb. Bayram Aslanov GDU-da keçirilən belynəlxalq elmi konfransın işinə uğurlar arzulayıb.

Türkiyə Respublikasının Gəncədəki Baş Konsulluğunun vitse-konsulu Yiğit Yalın Soyal, İzmir Dokuz Eylul Universitetinin prorektoru Dilşen İnce Erdoğan, Qazaxıstan Respublikasının Turan-Astana Univesitetinin professoru Baubekova Gulzamira Dzhurayeva, Rusiya Federasiyasının Çuvaş Dövlət Universitetinin professoru İvanovna Tatyana Nikolaevna, Kazan Federal Universitetinin professoru Faxruddinova Guzyalya Jevdyateva elmi konfransda müzakirə olunan mövzuların aktuallığından danışaraq mövcud ekoloji problemlərin aradan qaldırılması istiqamətində və ətraf mühitlə bağlı problemlərin həll olunmasında konfransda dinləniləcək elmi məruzələrin faydalı olacağını vurğulayıblar. Çıxışlardan sonra qonaqlar simvolik hədiyyələr təqdim ediblər.

Elmi konfransda Akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun direktoru akademik Vaqif Abbasovun və  Gəncə Dövlət Universitetinin Botanika kafedrasının müdiri, AMEA-nın müxbir üzvü, professor Vaqif Novruzovun qlobal ekoloji problemlər, təmiz ətraf mühit və ekoloji tarazlığın qorunması mövzularında elmi məruzələri dinlənilib.

Beynəlxalq elmi konfrans 16 bölmə iclası ilə davam edib. Konfrans çərçivəsində Gəncə Dövlət Universitetində yerli və Türkiyə universitetlərinin professorları tərəfindən müəllim və tələbələr üçün ustad dərsləri təşkil olunub.  

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər