Modern.az

Ukraynadakı Azərbaycan diasporunun rəhbəri: “Heç bir azərbaycanlı biznesmenə müraciət etməmişik"

Ukraynadakı Azərbaycan diasporunun rəhbəri: “Heç bir azərbaycanlı biznesmenə müraciət etməmişik"

Təhsil

13 Fevral 2014, 17:43

“Heç Azərbaycan biznesmenlərinə maliyyə ilə bağlı müraciət etməmişik. Yəni maliyyə baxımından hərtərəfli özümüzü təmin etmişik. Amma başqa millətin nümayəndəsi, yəni gürcü, erməni, yəhudi və s. vətəndaşı gəlib Azərbaycan diasporu ilə əlaqə qurmaq istəyirsə, niyyəti təmiz olan hər kəsə qapımız açıqdır”.

Bunu Modern.az-a açıqlamasında Ukrayna Millətlər Assambleyasının rəhbəri Rövşən Tağıyev deyir. O, Ukraynada daha üç erməni iş adamının Azərbaycan diasporuna maddi və siyasi dəstək təklif etməsi ilə bağlı yayılan xəbərə münasibət bildirərkən qeyd edib ki, Ukraynada Azərbaycan diasporunun maliyyə baxımından heç bir problemi yoxdur.

“O ki qaldı ermənilər tərəfindən Azərbaycan diaspor təşkilatına maliyyə yardımının ayrılması ilə bağlı məlumatlara, bu məsələni araşdıracağam. Mən həm də Ukrayna Millətlər Assambleyasının rəhbəriyəm. Bu gün 70-dən artıq millətin nümayəndəsi Assambleyaya daxildir, bir çoxları da üzv olmaq üçün müraciət ediblər. Siz mənim hansı cavabımı istəyirsiniz?! Azərbaycan mətbuatını bütün dünyada izləyirlər. Mən durub desəm ki, ermənilərin pul verməyi düzgün deyil, bunun özü də düz çıxmaz. Çünki Azərbaycanın özündə 33 mindən artıq çox erməni yaşayır. Əgər Azərbaycanı tolerant dövlət kimi dünyaya təqdim ediriksə, millət məsələsini ortaya salmaq düzgün deyil. Ona görə də Ukrayna Millətlər Assambleyasının rəhbəri kimi deyə bilərəm ki, hər bir kəsin millətindən asılı olmayaraq, Azərbaycan dövlətçiliyinin prinsiplərini Ukraynanın ərazisində qoruyan təşkilatların hər biri tədbirlərimizdə iştirak etmək istəyərsə, qapımız hər zaman açıqdır”.

Biznesmen olduğunu deyən Rövşən Tağıyev Ukrayna Azərbaycan Konqresinin maliyyələşməsi baxımından heç bir çətinliyi olmadığını da söylədi.

“Şəxsi işim barədə məlumat verməyi xoşlamıram. Amma bu gün Ukraynanın 9 vilayətində böyük torpaq sahələrim, zavodlarda aksiyalarım var. Yəni maliyyə cəhətdən özümü tam təmin edə bilmişəm. Birləşmiş Ukrayna Azərbaycan Konqresinin maliyyələşməsində heç bir problem yoxdur”.  

Qeyd edək ki, mətbuatda Ukraynada üç erməni iş adamının Azərbaycan diasporuna maddi və siyasi dəstək təklif etməsi ilə bağlı xəbərlər yer alıb. İddiaya görə, hər üç erməni iş adamı Luqanskdakı erməni diasporunun fəaliyyətinə etiraz olaraq bu təkliflə çıxış ediblər. Bundan əvvəl Azərbaycan diasporuna etdiyi yardıma görə bir erməni iş adamına sonradan təzyiqlər edildiyindən həmin adamların adları açıqlanmır.

Gültəkin ƏLƏSGƏR

Sizə yeni x var
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU