Modern.az

İslamofobiya bütün beynəlxalq cəmiyyətin üzləşdiyi təhdiddir

İslamofobiya bütün beynəlxalq cəmiyyətin üzləşdiyi təhdiddir

26 May 2025, 11:46

İslamofobiya təkcə müsəlmanlara qarşı yönəlmiş nifrət və ya qorxu deyil, həm də Qərbin Şərqə baxışını formalaşdıran və nəticədə, müsəlmanlar barədə təhrif olunmuş təsəvvürlər yaradan ideoloji strukturdur.

Modern.az xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev mayın 26-da Bakıda keçirilən “İslamofobiya: Qərəzin ifşa olunması və stiqmaların dağıdılması” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib.

“Bu yanaşmanın əsasında Eduard Səidin “Orientalizm” (Şərqşünaslıq) əsəri dayanır. Eduard Səid göstərirdi ki, Qərb Şərqi çox vaxt “geridə qalmış” və “təhlükəli” kimi təqdim edir. Bu yanaşma təkcə elm və mədəniyyətdə deyil, həm də siyasi və iqtisadi güc münasibətlərində özünü göstərir. Bu yanaşmanın məqsədi Şərqi anlamaq deyil, onu nəzarət altına almaqdır. Bu gün həmin təhriflər yalnız akademik müzakirələrdə deyil, gündəlik həyatımızda da özünü göstərir. Biz Avropa, Cənubi Asiyada və dünyanın bir çox ölkələrində İslamofobiyanın getdikcə gücləndiyinin şahidi oluruq”, - deyə BMTM-nin İdarə Heyətinin sədri vurğulayıb.

F.Şəfiyev, həmçinin qeyd edib ki, radikal dini qruplar İslam mövzusunu mənimsəməyə çalışaraq, müsəlman dünyasında birliyə deyil, daha çox parçalanmalara səbəb olurlar: “Buna görə də Azərbaycan kimi dünyəvi ölkələrin antimüsəlman siyasətlərə qarşı mübarizədə mühüm rol oynaya biləcəyini hesab edirəm. Biz radikal qrupların İslamofobiya mövzusunu monopoliyaya almasına imkan verməməliyik. Bu amillər də zaman-zaman islamofobiyanın baş qaldırmasına səbəb olan problemlərdir. Ən önəmli məsələ İslamı təhrif edən radikal hərəkatlara qarşı mübarizə aparmaqdır. Bu radikallar İslamı öz siyasi məqsədləri üçün istifadə etməklə, həm müsəlmanların reputasiyasına zərər vurur, həm də İslamofobiyanın genişlənməsinə səbəb olurlar. İslamofobiya təkcə bir dini və ya mədəni qrupun problemi deyil, bütün beynəlxalq cəmiyyətin üzləşdiyi təhdiddir. Biz bu təhdidlə mübarizə aparmalı, dünyada sülhü və qarşılıqlı anlaşmanı təmin etməliyik”.

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu