Müqəddəslərdən biri yol gedəndə görür ki, 2-3 nəfər yeyib-içir. Yanlarından keçə-keçə “nuş olsun” deyir. Qayıdanda görür ki, içib, sərxoş olub bir-birilərinin başını yarıblar. “Haram olsun” deyib oradan aralanır.
Hər dəfə əlimə araq dolu badə alanda bu məsəl yadıma düşür. Bilirəm ki, haram iş tuturam. Amma heç kim bunu əvvəlcədən mənə irad tutmur, demir ki, “içmə! İçki içmək haram buyrulub!”. Sadəcə “nuş olsun” deyirlər. Mən də sonacan çalışıram ki, nuşuma haram qatmayım.
Azərbaycanda heç kimin kimsəyə - hüquqi əsas yoxdursa - “sən rüşvətxorsan, korrupsionersən, haram yolla pul qazanırsan” deməyə ixtiyarı yoxdur. Çünki bütün bunları söyləyən adam həm də ortaya dəlil-sübut qoymalıdır ki, ona “böhtançı” damğası vurulmasın. Yaxud da bu kimi ittihamlar prokurorluq və məhkəmə orqanları tərəfindən öz təsdiqini tapmalıdır ki, bunu hər hansı bir insan, mətbu orqan dilinə gətirsin və yaxud yazsın.
Mən də qanunsevər vətəndaş kimi bu fikirdəyəm. Amma hər bir şeyin qanuni tərəfi olduğu kimi, mənəvi tərəfi də var. Bax burda susuram. Çünki hər hansı bir gözəl şeyin nümayişi özünü tay-tuşundan yüksəkdə göstərməklə yanaşı, kasıb təbəqə tərəfdən “dil çıxarıb acıq vermək” kimi qiymətləndirilə bilər. Amma yenə də nikbinliyimi itirmirəm. Gözəl Azərbaycan zərbi-məsəlləri, dilimizdən əskik olmayan duaları yada salıram. “Allah hamının balasın saxlasın, mənimkini də onların içində”, “Allah hamıya bol ruzu qismət eləsin, mən də onların içində”, “Başqası milyarder olsun ki, bəlkə mən də milyoner olam”.
“NOVIE RUSSKİYE”, BİZİM DİLDƏ DESƏK…
Əvvəllər – Boris Yeltsinin prezidentliyi dövründə Rusiya kanallarında bu sözə tez-tez rast gəlirdik. Bizim Az.TV-də də Hicran adlı müasir baxışlı təcrübəçi-tələbə analoji bir süjet hazırlamışdı. Adını da “Yeni Azərbaycanlılar necə yaşayır?” qoymuşdu.
O dövrlər indiki kimi deyildi. Qazanmaq sahələri məhdud idi. Yeni ideyalar yox, yalnız alverlə, 20 faizlik izafi dəyərlə pul yığmaq mümkün idi. Həm Rusiyada, həm də Azərbaycanda “yeni” sözünü un, qənd, çay, konfet və sairə ərzaq malları sataraq 5-6 ilin “Mersedes”ini sürən, ya da “Stalinka” evlərdə 3-4 otaq alıb təmir elətdirən adama yaraşdırırdılar. Düzdür “Xəyalbank”, “Vahid” Xeyriyyə cəmiyyəti, “Muncuq əməliyyatı” kimi işlərə rəhbərlik edənlər daha gözəl həyat sürürdülər. Camaat da onların canına dua edirdi. Çünki aldandıqlarını hələ bilmirdilər. Reportyor Hicran da bu cür ticarətçilərdən üş-dördü haqqında bir süjet hazırlayır. Adlarının da qabağına - ruslarda olduğu kimi - fəxrlə “Yeni Azərbaycanlı” sözü artırır. Qeyd edir ki, təkcə Rusiyada yox, bizdə də belələri var. Bir də gördüm ki, Hicran pərt, pörtmüş vəziyyətdə divara söykənərək dayanıb.
- Nə olub? – soruşdum
- Heç… böyük zibildən qurtarmışam. Yaxşı ki, redaktor tutdu bu səhvimi, material efirə getmədi. Yoxsa… Axı, mən russkoyazıçnıyam. Siyasi savadım da yox. Bütün günü də rus kanallarına baxıram. Orda “Novıe russkie” adlı bir rubrika gedir. Rus insanının inkişafından, gözəl həyat tərzindən bəhs edilir. Mən də Azərbaycanda gedən inkişafın insanların həyatına göstərdiyi müsbət təsirdən bu cür süjet hazırlamaq istədim. Rubrikanın adını da analoji olaraq “Yeni Azərbaycanlılar” qoydum. Ağlıma da gəlmədi ki, bizdə yeni Azərbaycanlı deyəndə YAP-ın üzvləri başa düşülə bilər. Siyasi səhv kimi qiymətləndirilə bilərdi. Yaxşı qurtardım.
Zaman keçdikcə “Novıe russkiye”lərin növləri də çoxalmağa başladı. Daha çox kriminallaşmağa meyl etdilər. O dövrlər “Novıe russkie” sözü Rusiya televiziyalarında tez-tez eşidilirdi. Amma Putinin prezidentliyi dövründə bu söz tədricən leksikondan çıxarıldı. Bir rus telejurnalisti özünəməxsus tərzdə bunun izahın belə vermişdi.
“O vaxt “novıe russkie” deyilən nəsil dərəbəylikdən, yeni qanunların qəbul olunmamasından, keçid dövründən, əhalinin kasıb, avam olmasından istifadə edib fantastik şəkildə sürətlə varlandı. Varlananların içində əyalət adamları, savadsız, qoluzorlu, fırıldaqçı hər şeyi qol gücünə həll edənlər də vardı. Amma onlar yığdıqları bu pulları bir vaxtlar övladlarının, qohumlarının xaricdə yüksək səviyyədə, dünya standartlarına uyğun təhsil almasına xərclədikləri üçün, bu gün həmin adamlar Rusiyaya qayıdır, banklar, investisiya şirkətləri açır, oxuduqları Amerika, Avropa ölkələrinin ən son nailiyyətlərini Rusiyada tətbiq erdirlər. Öz bilik və bacarıqlarını Rusiyanın inkişafı naminə əsirgəmirlər. Soruşacaqsınız ki, bəs “novıe russki”lər haradadırlar? Yox ölməyiblər. Sağdırlar. Yaşları əllini, altmışı ötüb. Uzaq Maldiv adalarında, dünyanın ən gözəl təbiət guşələrində dincəlirlər. Balıq tuturlar, ov edirlər, yaxtalarında gəzirlər. Qışda dənizdə çimirlər, yayda xizək sürürlər. Fəsillər onları yox, onlar fəsilləri seçirlər. Bir sözlə hər bir insanın arzuladığı həyat. Nə bir mətbu orqanında adları çəkilir, nə də yada düşürlər. Qanuni, sivil yolla qazanc əldə edən bankir, maqnat, oliqarx övladlarına uzaqdan baxıb fəxr edirlər. Çünki maddi mülkiyyətlərini vaxtında əqli mülkiyyətə çevirməyi bacarıblar. Halal olsun onlara”.
“Novıe russkie” sözünün məntiqi nəticəsinə çox sevindim. Yox, sevinmədim, bir Azərbaycanlı kimi paxıllığım tutdu.
HACI ZEYNALABDİN TAĞIYEV GÜNDƏMDƏN DÜŞMÜR
Görəsən niyə? Onun kimi Bakıda nə qədər milyoner olub? Sayı da bilinmir. Hələ malımızı, mülkümüzü xaricə daşıyanları demirəm. Amma təkcə Tağıyevi yada salırıq. Çünki gəlirini həm də intellektə, əqli mülkiyyətə çevirirdi. Düzdür, hakimiyyəti devirən Nəriman Nərimanov da Tağıyevin qazandığı bu pulların yetirməsiydi. Amma bir tərəfdən bəhrəsini də vermişdi. Yoxsa Tağıyevi də digər milyonerlər kimi divara dirəyib güllələyərdilər.
KƏLLƏ-PAÇA, QARIN QUTABI
Mütəmadi olaraq Mir Mövsüm Ağa ziyarətgahına gedirik Qurban kəsdiririk. Bir dəfə qoyunu kəsib, dərisini soyan soruşdu ki, “Allah qurbanını qəbul eləsin. Hara paylayacaqsan?” Dedim ki, mən qurbanlığı paya bölmürəm, bütövlükdə aparıb verirəm uşaq evinə. Bunu eşitcək qurban kəsən qoyunun içalatını sellofan kulyoka qoyub mənə verdi. Birlikdə həyətə çıxdıq. Qıraqda boynunu büküb dayanan bir qadını səslədi. O da bizə yaxınlaşdı:
- Götür, bacı, bu kişi sənə qurban payı ayırıb. İçalatdır.
Elə bir qadına dünyanı bağışladılar. On dəfə “Allah qəbul eləsin” deyə-deyə, dua eləyə-eləyə qurbangahdan aralandı. Mənə əvvəlcədən bir söz deməsə də qurban kəsənin bu hərəkəti ləzzət eləmişdi. Amma…
- Qədeş, bu qadının əri ölüb. İki uşaqla qalıb. Cüzi pensiya alır. Günaşırı uşaqları məktəbə qoyandan sonra minir avtobusa, gəlir bura. Avtobus şoferləri də onu tanıyır, yol pulu almırlar. Beləcə dayanır küçədə, gözləyir. Ya baş-ayaq veririk ona, ya da qarın. O da qutabdan, kəllə-paçadan bişirib verir uşaqlarına. Beləcə dolanır. Uşağa da nə qədər kəllə-paça, qarın qutabı yedizdirmək olar? Hərdən sənin kimi adamlar ət, içalat verəndə sevinir. Heyf ki, hərdən…
KASIB OLMAQ İSTƏYƏN, BİR ADDIM İRƏLİ
Çox qəribə bir məntiqdir. Hamımız varlıları, vəzifəliləri söyürük. Amma hamımız da varlı, vəzifəli olmaq istəyirik. Axı niyə? Söyəndən söyülənə çevrilmək istəyirikmi? Axı, vəzifəli, varlı olsaq öz sələflərimizdən bir addım da belə irəli gedə bilməyəcəyik. Üstəlik kasıb ola-ola ağıllı tərzdə də əlavə edirik ki, varlı olmaq yox, kasıb olmaq qəbahətdir.
Mən də bu yaxında belə bir hiss yaşadım. Mətbuatda Anar Əliyev adlı biri haqqında çox qəribə, mənfi məlumatlar gedirdi. Sonradan bu adam müsahibə verib milyonlarını necə qazandığını açıqlayanda mən doğurdan da xəcalət çəkməyə başladım. Onun karyera başlanğıcı ilə mənim ticarət sahəsinə qədəm basmağım eyni idi. Amma o bu yolu davam və inkişaf etdirə bilmişdi. Mən isə yox. Deməli günah milyonçu olanda yox, sadəcə özümdə idi. Milyonçu, bəlkə də milyarder Anar Əliyevin müsahibəsini həm də kiçik bir biznes-plan da adlandırmaq olar. Kim oxusa və onu ideal seçsə nəyəsə nail olmaq mümkündür.
SON
Mənim deputat Aydın Mirzəzadəyə böyük hörmətim var. Yəqin ki, deputat Elton Məmmədovu, ailəsini məndən daha yaxşı tanıyır. Dediklərin də haqlı sayıram. İnanıram ki, Aynar Məmmədov kimi gənc, perspektivli cavanlar Azərbaycanda çoxdur. Və mən də vurğulamaq istəyirəm ki, nəinki Aynar Məmmədovun, hər bir azərbaycanlının şəxsi həyatı, mülkiyyəti yox, ağlı, bacarığı, istedadı müzakirə obyekti olmalıdır. Amma bir şeyi arzu edərdim ki, Aynar kimi bacarıqlı Azərbaycan övladları milyonçu və ya milyarder Anar Əliyev kimi heç olmasa xırda biznes sirlərini ara-sıra mətbuatımıza da açıqlasınlar. Həm fəxr edək, həm də öyrənək. Bu gün qara yaxan mətbuat orqanları da xəcalət çəkib “haram” yox, “halal olsun” desin.