Sabah - 28 May Azərbaycan Respublikasının Müstəqillik Gününü qeyd edəcəyik. 1918-ci ildə qurulan Azərbaycan Xalq Cümhuriyyəti (AXC) tariximizin çox mühüm və qürurverici səhifəsidir. Müsəlman Şərqində ilk parlamentli, demokratik respublika olan AXC müasir Azərbaycan dövlətçiliyinin ideoloji və hüquqi əsaslarını qoyub. AXC cəmi 23 ay yaşasa da (1918–1920), onun gördüyü işlər və qoyduğu təməl müstəqil Azərbaycanın ideoloji dayağını təşkil etdi.
Azərbaycan Xalq Cümhuriyyətinin əsas qurucularından biri olan Məhəmməd Əmin Rəsulzadə tariximizdə çox mühüm və simvolik bir yerə sahib olan şəxsiyyətdir. “Bir kərə yüksələn bayraq, bir daha enməz!” sözləri Rəsulzadənin müstəqillik və azadlıq idealına nə qədər sadiq olduğunu göstərir.
Modern.az saytının əməkdaşları Məhəmməd Əmin Rəsulzadənin nəvəsi Rais Rəsulzadənin evində qonaq olublar. O, babasının keşməkeşli həyat olundan, bolşevik liderləri Stalinlə, Nəriman Nərimanovla münasibətlərindən danışıb. Rais Rəzulzadə ilə müsahibəni təqdim edirik:
- Rais bəy, necəsiniz, səhhətiniz, işləriniz nə yerdədir?
- Hər şey yaxşıdır. Hərdən havaya görə səhhətim də dəyişir. Bəzən əsəbiləşirəm, bəzən öz halımı fikirləşəndə pis oluram. Amma ümumən işlər yaxşıdır, elə özüm də.
- Məhəmməd Əmin Rəsulzadənin Türk dünyası ilə bağlı fikirləri indiki reallıqla üst-üstə düşürmü?
- Onun panturanizm fikirləri var idi. Hətta buna görə Məhəmməd Əmin bəyi tənqid də edirdilər. O, təbii ki, Türk birliyinin tərəfdarı idi, amma hər şeydən əvvəl müstəqil Azərbaycanın qurulmasını istəyirdi və bu ölkənin heç nədən, heç kimdən aslı olmasını istəmirdi. Rəsulzadə ölməzdən əvvəl də yazdığı məqalələrdə Türk birliyinə müsbət yanaşırdı. Rəsulzadənin ən yaxın ətrafı belə inanmırdı ki, müstəqil Azərbaycanı qurmaq olar. Amma o əmin idi ki, müstəqil Azərbaycan qurulacaq və bu ideyanı müdafiə edirdi.
- Rəsulzadənin varisi sizsiniz, onun irsini davam etdirəcək başqa kimlər var?
- Mənim qədər yaxın adam yoxdur, amma qohumlarımız, bacısı nəvələri var.
- Atanız Azər Rəsulzadənin qəbrini necə tapmışdınız?
- Atam Qazaxıstan sürgünündən bura 80-ci illərin sonlarında gəldi. Mən onda ulu babam Axund Ələkbərin (Məhəmməd Əmin Rəsulzadənin atası-red.) qəbrini tapmışdım. O vaxta qədər həmin məzara yaxın durmaq yasaq idi. Bilirdim ki, qəbir Novxanıdadır. Qəbiristanlığa gedəndə elə bil ki, hansısa qüvvə məni birbaşa həmin məzara apardı. Qəbir tikanlı məftillə əhatə olunmuşdu, ətrafını da qanqal basmışdı. O qəbirdən başqa bütün məzarlar səliqəli idi. Dedim Axund Ələkbərin qəbri olsa-olsa, bu olacaq. İstədim üzərini oxuyam, əski əlifba ilə yazılmışdı deyə oxuya bilmədim. Sərdar adında dostum var idi, ona dedim ki, gedək həmin qəbrin üzərinə oxu. Gəlib baxdı, dedi ki, "Axund Ələkbər Rəsulzadə" yazılıb. O, 1926-cı ildə dəfn olunmuşdu. 1937-ci ildən sonra həmin qəbrə qorxusundan heç kim yaxın getməyib. 37-ci illərdə Rəsulzadənin adını belə çəkməyə qorxurdular, nəinki atasının qəbrinə getmək. Mənə qədər ora heç kim getməmişdi. Sonra oranı səliqəyə saldım. Abbas Zamanov Rəsulzadənin qəbrindən torpaq gətirib atasının məzarına səpdi.
SSRİ dövründə Rəsulzadənin adını belə çəkmirdilər. SSRİ-nin çökdüyü illərdə - 80-lərin sonlarında Azadlıq meydanı qaynayan vaxt “Odlar yurdu” qəzetində Mövsüm Əliyev Rəsulzadənin təcümeyi-halını yazmışdı.
Mən hələ Qazaxıstanda yaşayanda bilirdim ki, babama görə oradayıq. Ona görə sürgün olunmuşuq, amma onun Cümhuriyyət yaratdığını bilmirdim, elə bilirdim qolçomaq olub. Sonra Azərbaycan tarixini oxuyanda kim olduğunu öyrəndim. Babamın şəklini ilk dəfə Oqtay Sadıqzadənin emalatxanasında gördüm.
Hansısa Fransa jurnalında 100 görkəmli siyasətçi barədə məqalə getmişdi. Həmin 100 görkəmli siyasətçidən biri də Məhəmməd Əmin Rəsulzadə idi.
Mövsüm Əliyevlə mən Rəssamlar İttifaqına üzv yazılanda tanış oldum. Bir neçə gündən sonra emalatxanama gəldi. Babamın şəklini göstərdi, dedi ki, bu, Məhəmməd Əmin Rəsulzadədir - sənin baban, İran arxivlərindən tapmışdı. Təxminən 1974-cü il olardı. Yavaş-yavaş Məhəmməd Əmin Rəsulzadə haqqında hər şeyi öyrəndim.
- Məhəmməd Əmin Rəsulzadənin dörd övladı olub. Onlar barədə də məlumat verməyinizi istərdik...
- Böyük qızı Lətifə sürgündən əvvəl Damad adlı zabitlə ailə qurmuşdu, ayrıca yaşayırdı. Böyük oğlu Rəsulu 1937-ci ildə həbs etmişdilər. O vaxt Rəsulun 19 yaşı var idi. Hələ də bilmirik ki, qəbri haradadır. Həmin ildə Rəsulzadənin həyat yoldaşı - mənim nənəm Ümbülbanu xanım, oğlu - atam Azər Rəsulzadə, böyük qızı Lətifə, kiçik qızı Xalidə Qazaxıstana sürgün olunublar. Nənəm "Rəsul" deyə-deyə ürəyi partlayıb. Atam anasını özü dəfn edib. Rəsulzadənin anası Maral xanım sürgündə olanda yemək yeyə bilmirmiş. Qəndi suya batırıb onu yeyirmiş. Uzun müddət yemək yeyə bilmədi deyə, həyatını itirdi.
Mənim nənəm - Ümbülbanu xanım Rəsulzadənin əmisi qızı idi. Nənəmin bacısı, yeganə istiqlal şairəsi Ümmügülsüm Seyid Hüseynlə ailı qurmuşdu. Onları aparıblar Bayıl türməsinə. Bir kameraya salmaq istəyəndə Xalidə şivən qoparıb ki, kişilərlə eyni yerdə qala bilmərəm. Məcburən başqa kameraya salıblar. 1 ay Gəncə türməsində qalandan sonra sürgün olunublar. 1937-ci ildə sürgün olunanda Rəsulzadənin böyük qızı Lətifə Bakıda qalıb. Amma 1941-ci ildə müharibə başlayanda Lətifənin həyat yoldaşını güllələyiblər. Özünü isə iki uşağı ilə Qazaxıstana sürgün ediblər. İki qızı ilə birlikdə Sibirə göndəriblər. Orada bəzi insanlar ona kömək edib. Taxtadan düzəldilən evlərdə qalıblar. Qızı Firuzə danışırdı ki, “bir oyandım ki, anamla bacım acından və soyuqdan donub ölüblər". Yaxın duran yox imiş. Axırda Babay adlı biri onları dəfn edib. Firuzə də ortalıqda qalıb, ora-bura su daşıyırmış. Sonra onu uşaq evinə veriblər. Həmin vaxt atam əsgərlikdə idi.
“Atam babamla görüşməkdən imtina etdi”
- Atanızın əsgərlikdə olduğu dövrü necə xatırlayırsınız?
- Atam əsgərlikdə İranda olub. Onun da qəribə əhvalatı var. Repressiya olunanları əsgərliyə aparmırlar. Aparsalar da, ancaq cəza batalyonuna salırdılar, ya da ağır işlər gördürürdülər. Atam Qazaxıstanın Çin sərhədinə ən yaxın ərazisində mədəndə çalışırdı. 1943-cü ildə, müharibə gedən vaxt atamı hərbi hissəyə çağırırlar. Ona fəhlə paltarını dəyişməsi üçün hərbi forma, pul verirlər, komandirə təhim edib deyirlər ki, getməlisən Məşhədə - İrana. Gözləri kəlləsinə çıxır ki, bu necə ola bilər? Onda Tehran konfransı ərəfəsi idi.
Atam tarda çox yaxşı ifa edirdi, rəssamlığı da vardı. Hərbi xidmət zamanı da bu işlərlə məşğul idi. Hərdən icazə verirmişlər şəhərə çıxsın. Deyirdi ki, bir şəhərə çıxanda Bakıdakı məhəlləsinin uşaqlarına rast gəlib. Bakıda yaşayan, daha sonra sürgün edilən qonşularımıza. Atama demişdilər ki, "Azər, səni evimizə dəvət edirik". Atam icazə alır, tarını da götürüb gedir onlara. Stol açırlar, söhbət edirlər. Deyirdi ki, çıxdım siqaret çəkməyə, biri mənə yaxınlaşdı ki, sən Məhəmməd Əmin Rəsulzadənin oğlusan? Deyir tutuldum, soruşdim ki, hə, nədir? Dedilər onu səninlə görüşdürmək istəyirik. Atam da şübhələnib. Deyir fikirləşdim ki, bu necə olan şeydir, məni cəza batalyonundan bura gətirib, atamla görüşdürəcəklər? Görüşmək istəmədiyini deyib. Sonra kimsə Məhəmməd Əminə çatdırıb ki, oğluna belə təklif edilib, amma o razı olmayıb. Babam da deyib düz iş görüb, ehtiyatlı davranıb.
Sonra atam Bakıya qayıdıb, biz qaldığımız yerə gəlib. Bakıya gələndə Gülsümgilin evinə gedib ki, xalası oğlanlarını görsün. Deyir ki, içəri girib təzə oturmuşduq ki, qapı döyülməyə başladı. Məlum olub ki, pasportları yoxlamaq üçün gəliblər. Atam da rəsmi icazəsiz, yolüstü gəlibmiş. Arxa qapıdan tələsik çıxır. O, həmişə nəzarətdə olub. Sonra xəbər tutdu ki, bacısı qızı Firuzə uşaq evindədir. Gedib həmin uşaq evini axtarıb tapıb. Firuzə də bu haqda danışırdı. Deyirdi ki, dayım gəlmişdi. Atam onu tanıya bilməyib, amma Firuzə atamı tanıyıb, qaça-qaça üstünə gəlib. Atam Firuzəni sonra bizə gətirdi. Stalinin portretini çəkmək qarşılığında ona pasport da düzəltdirdi. Firuzə sonra Bakıya qayıtdı. Burada evimiz qalmamışdı, üçünü də əlimizdə almışdılar. Gəlib Seyidhüseyngilə, yoldaşı Ümmügülsüm xanımı türməyə göndərmişdilər. Uşaqlar özləri özlərini dolandırırdılar. Seyidhüseynin bacısı qızı Səhra xanım onlara başçılıq edirdi, səhhətini onlara görə qurban vermişdi. Firuzəyə orada qalmağa icazə vermədilər. Getdi Qaradağda Korgözdə neft mədənlərində telefonçu, sonra poçtalyon işlədi, sonra həyat yoldaşı ilə orada tanış oldu. Həyat yoldaşı neftçi idi. Lökbatanda ev aldılar, ora köçdülər. 5 övladı oldu, nəvələri dünyaya gəldi. Ümmügülsümə də 10 il həbs vermişdilər, 8 il sonra xəstələndiyinə görə qayıtmağa icazə verdilər. Bakıda qalmağa icazə vermədilər, Şamaxıda 1 ay qalandan sonra rəhmətə getdi.
“Atam Bakıya gəlməyimə etiraz edirdi”
- Bakıya gəlişiniz necə oldu?
- Uşaqlıqdan – özümü tanıyandan əlimdə albom-karandaş olurdu. Yadıma gəlir ki, birinci sinifdə oxuyandan vatman kağızları qoyurdular qabağıma yolka, Qar qız, Şaxta baba çəkməyimi istəyirdilər. Uşaqlıqdan rəssamlığa meylim var. Eyni zamanda bilirdim ki, bizi sürgün ediblər. Özümə söz vermişdim ki, mən mütləq qayıdacam və hər şeyi yerinə qoyacam. İmkan var idi ki, Almatada, Daşkənddə, Moskvada universitetə daxil olum. Amma mən istəmədim, dedim Bakıya gedəcəm, orada rəssamlıq oxuyacam. Atam da Bakıya gəlməyimə etiraz edirdi. Deyirdi ki, orada harada qalacaqsan? Dedim, yox. Rəssamlıqla paralel Moskvada İncəsənət Universitetində oxuyurdum. Atam axırda dedi ki, yaxşı get, mən səni sınayırdım, sənə kömək edəcəm. Bakıya gəldim, amma gedəcək yerim yox idi. Seyidhüseynin evinə gəldim. Qapını Səhər xala açdı. Tanımadı məni, özümü təqdim etdim, görüşdük. Sonra Firuzəyə zəng etdi, gəldi. Bir müddət onlarda qaldım. Amma sonra universitetin yataqxanasında qaldım. 4 il orada yaşadım.
- Universiteti bitirdiniz və Qazaxıstana geri dönmədiniz?
- Hər yay gedirdim, amma davamlı qalmadım. Universiteti bitirən kimi əsgər getdim, sonra bura qayıtdım – Bakıya. Qalmağa yer yox idi. Kirayə ev axtarırdım, amma qış vaxtı heç yerdə ev yox idi. Sonra mən öyrəndim ki, birdəfəlik sifarişi yerinə yetirmək üçün qeyri-yaşayış mənziləri verirlər. Mən də başladım axtarmağa. O vaxta qədər emalatxanalarda qalırdım. Axırda İçərişəhərdə bir-iki yer tapdım, amma vermədilər. Sonda xəbər göndərdilər ki, bir ünvan var, ora bax. İndiki Süleyman Rüstəm küçəsi, Dillər Universitetinin yanı. Nə vaxtsa halva fabriki olmuşdu. O vaxtdan həmişə kostyum geyinirdim, gedib orada bir az düzəliş edib yaşamağa başladım. Zirzəmidə yaşamaq üçün sənəd imzalamalı idim, həkim baxdı, icazə vermədi. Deyirdi mənim yazığım gəlir, niyə özünü orada çürüdürsən... Dedim 1 il qalacam, 1 il oldu 10 il. Özü də həyətdəkilər bilməməli idi ki, mən orada qalıram. Sonra səhhətim imkan vermədi orada qalam, həkim icazə vermədi. Bir müddət Rəssamlıq İttifaqının gənclərə verdiyi emalatxanada qaldım. 18 kvadratlıq yer idi, içində heç nə yox idi, ancaq döşəmə, bir də mətbəxdə çaydan, çaynik. Qəzeti sərirdim yerə, əl-üz dəsmalını qatlayıb balış əvəzinə başım üstünə qoyub yatırdım. Çingiz Fərzəliyev evindən divan, başqa əşyalar təklif etdi. Mən istəmədim. Yavaş-yavaş bəhanə ilə yenə zirzəmiyə qayıtdım. Sonra 3 dəfə yardılar oranı, heç kimin girdiyi də bilinmədi.
- Elçibəylə bağlı xatirəniz var, görüşmüsünüz?
- Mənimlə görüşdü. Hətta qınayırdı ki, yekə oğlansan, gəl görüşək. Bir-iki dəfə getdim, amma yanındakılar hər dəfə bir söz deyirdi: “Qəbul yoxdur, olmaz və sair”. Elçibəy atamla yazışmağımıza da kömək edirdi. 1989-cu ildə atam gəldi. Mənə dedi ki, gəlməyimi heç kimə demə. Həzi Aslanovda 4-cü mərtəbədə 2 otaqlı evim var idi. Atam gələndə xəbər tutmuşdular, kamera ilə gəlirdilər evə. Atamdan soruşurdum hər dəfə kimsə gəlmişdi. Bir dəfə də Elçibəy gəlmişdi, adını unutmuşdu atam. Təsvir edəndə bildim ki, odur. Sonra Elçibəylə dostlaşdı məktublaşırdılar.
“Məhəmməd Əminin ölüm xəbərini eşidəndə atam evdə gizlin ağladı”
- Məhəmməd Əmin Rəsulzadənin vəfat xəbərini alanda atanız necə davranıb?
- Atam danışırdı ki, Qazaxıstanda bazar kimi yer var idi. Meydanda rəsm çəkən vaxt gözünə Qafqaz tipində biri sataşır. Görüb ki, yaxınlaşmır, gəlmir, amma ona baxır. Ağlında şübhə olub ki, bunu güdürlər. Axırı dözə bilməyib, gedib deyib ki, məni güdürsən? O da deyib, “hə”. Atam da deyib ki, indi işim var, bitəndən sonra gələrsən, görüşərik. Stol açıb, yemək yeybilər. Atam deyib, mətləbə keçək. O da heç nə deməyib, sağollaşıb gedib. Bir müddət keçəndən sonra - 1955-ci ildə atamı çağırırlar. Deyirlər ki, atan rəhmətə gedib. Atam bu xəbərdən sonra deyib ki, yəqin bundan sonra bizi rahat buraxarsınız. Onlar da deyib yox, biz sizi Bakıya göndərə bilərik, amma müəyyən şərtlərlə. Atam buna razılaşmayıb, deyib istəmirəm şərtlərinizi yerinə yetirim. Amma oradan gələndən sonra evdə gizlin ağlayırdı. İlyas Əfəndiyev də danışırdı ki, Rəsulzadənin ölüm xəbərini eşidəndə onu tanıyanlar gizlin yas saxlayırdı, onlar da atam kimi gizlin ağlayırdılar.
- Məhəmməd Əmin Rəsulzadənin Stalinlə münasibətləri barədə müəyyən fikirlər səsləndirlir. Bu barədə sizdən də eşitmək istərdik...
- Rəsulzadə ilə bağlı uydurma fikirlər də, onu sevməyənlər də çoxdur. Rəsulzadənin Stalinlə əlaqəsi Çar Rusiyasına qarşı sosial-demokratlarla bir olduğu vaxtlara təsadüf edir. Məqalə yazmaq lazım idi, buna görə də Şərqdə hadisələri bilən, savadlı adam lazım idi. Məsləhət gördülər ki, yazını Rəsulzadə yaza bilər. Onu Balaxanıya dəvət ediblər. O yazırdı ki, Balaxanıda hiss basmış evdə arıq, üzü çopurlu qara bir oğlanla tanış olub. Stalin deyib ki, mən sizi tanıyıram, məqalə yazmaq lazımdır. Babam da boyun olub, fəhlə qəzeti üçün məqalə yazıb. Qəzetin redaktoru da rus idi, oxuyub, deyib ki, bunu çap etmək olmaz. Stalin də baxıb, deyib bir-iki düzəliş edib, vermək olar. Həmin gündən dostluqları başlayıb. Sonra görüblər ki, bunların fikirləri tamam başqadır. Stalin də rusların siyasətini fərqli formada davam etdirirdi. İkisi də inqilabçı idi. Stalin çox dəyərləndirirdi onu. Hətta Moskvaya gedəndən sonra çalışırdı ki, Rəsulzadəni öz tərəfinə çəksin, amma o rəngini dəyişmədi.
Rəsulzadəni Stalin, Stalini də Rəsulzadə xilas edib xəbərləri doğrudur. Rəsulzadəni güllələyəcəkdilər, işğaldan sonra Lahıcda gizlənmişdi. Orada Rəsulzadənin böyük hörməti var idi. Həmin kənddə kürəkəninin qohumları yaşayırdı. Ucqar yer idi, ancaq at yolu var idi. Həmin yerdə “Əsrimizin Siyavuşu” kitabını yazıb. Rəsulzadəni iki dəfə orada öldürmək istəyiblər. İkinci dəfə gəlib içəri giriblər, görüblər kəndli paltarındadır, amma əli ziyalı əlidir. Gətirib sorğu-sual ediblər. Stalin bundan xəbər tutub. İstintaq davam edəndə Rəsulzadə görüb ki, müstəntiqin arxasında bir qaraltı görünür. Yaxınlaşıb buna ki məni tanımadın? “Oo, köhnə dostum, Koba”, - Rəsulzadə deyib. Görüşüb-öpüşüblər. Stalin deyib ki, gəlmişəm səni xilas etməyə, burada nə iş görürdün? Rəsulzadə də deyib ki, müstəntiq başa düşməz, o cavan oğlandır, amma sən bilərsən, burada oturub fikirləşirəm ki, sizi necə devirim. Stalin sonra deyib ki, mən sizi yaxşı tanıyıram, siz türmədə sürünəcək adam deyilsiniz, burada qalsanız sizinkilər sizi güllələyəcək. Xaricə buraxmaq istəməyib, deyib mənimlə Moskvaya gedək. İcazə verib ki, ailəsi ilə görüşsün. Atamı ilk və son dəfə onda – 2 aylıq olanda görüb. Soruşub ki, adı nədir, deyiblər ki, Əliheydər. Dəyişib, edib Azər. Azərbaycan Cümhuriyyətində ilk bu ad mənim atamın olub. Bundan sonra atam Moskvaya gedib. Yolda onlar söhbət ediblər. Onda Stalin Rəsulzadədən soruşur ki, siz bu 2 ildə nə qazandınız? Rəsulzadə də deyir ki, biz çox şey nail ola bilməsək də, millətimizə azadlığı dadızdıra bildik. Stalin ona müxtəlif vəzifələr təklif edir. Rəsulzadə bütün dövlət işlərindən imtina edir. Sonda alimlərə rəhbərlik etməyi təklif edir. Amma o, təkliflərin heç birini qəbul etmir. Sonra o, gizlin yolla Avropaya gedir. Oradan Stalinə məktub yazır ki, mən öz mübarizəmi davam etdirmək istəyirəm, boş-bekar oturmaq istəmirəm. Stalin də hirslənir və komanda verir ki, onu ifşa edin.
- Azərbaycan SSR-in rəhbəri Nəriman Nərimanovla babanızın münasibətləri də maraqlıdır. Bu barədə nələr bilirsiniz?
- Nəriman Nərimanov Rəsulzadə Stalinlə gedəndə onu yola salmağa gəlib. Sonra Moskvada da qarşılaşanda Nərimanova deyib ki, sən rahat ol, söz gəzdirirlər ki, məni sənin yerinə qoyacaqlar, amma mən elə şeylərə imza atan deyiləm. Nərimanov da barışdırıcı mövqedə idi, amma səhv mövqe idi. Ruslara inanırdı, onlar da onu aldatdı. Bu da onun uzaqgörən olmamasından irəli gəlirdi.
- Babanızın polşalı həyat yoldaşı Vanda haqda nələr demək istərdiniz?
- Rəsulzadə 1937-ci ilə qədər nənəmlə əlaqə saxlayırdı, məktublaşırdılar. Sonuncu məktubda yazmışdı ki, biz bu məktublaşmanı dayandıraq. Orada qeyd etmişdi ki, həyat yoldaşımla belə qənaətə gəldik ki, bu yazışma davam etsə, sizə təhlükə yaranar. Rəsul böyük idi, atam deyirdi ki, məktəbdən gələndə çantasını atıb ağlayırdı. Çünki məktəbdə babamız haqqında yaxşı danışmırdılar. Rəsulzadə gizlin pul, qida göndərirdi. Atam danışırdı ki, ayaqqabı, başqa geyimlər də göndərirdi. 1936-cı ildən Türkiyə-SSRİ münasibətləri yaxşılaşandan sonra Rəsulzadə məcburən qardaş ölkəni tərk edir. Birinci Almaniyaya, sonra da Polşaya gedir. Orada Polşa dövlətinin qurucularından olan Pilsudskinin qohumu Vanda xanımla tanış olur, sonra birlikdə yaşayırlar. Müharibədən sonra da Türkiyəyə birlikdə gəlmişdilər, kitabxanada da birlikdə çalışırdılar. Vandanın adını dəyişin Leyla etmişdi. Onun qəbri Rəsulzadənin məzarı yaxınlığındadır.
- Neçə filmə çəkilmisiniz?
- Mən üç filmə çəkilmişəm. Biri Zaur Məhərrəmovun filmi idi. Film Türk Dünyasının Araşdırma Vəqfinin sifarişi ilə çəkildi. Stalinlə babamın getdiyi vaqonu tapmışdılar, həmin vaqonda da müəyyən səhnələr çəkildi. O filmi bəyəndilər, ondan sonra kinostudiyada da nümayiş etdirdilər. Sonra film Vəqfin arxivində saxlanıldı.
İkinci film Arzu Əliyevanın rəhbərliyi ilə çəkilən ekran işidir. Mənə zəng etdilər, senarisini oxuyub, bəyəndim, razılaşdım. Mən Rəsulzadənin məktubların oxumuşam, Rəsulzadənin bioqrafiyasını bilirəm, onun övladı mənim atamdır..
Qürbətdə atam nələr çəkmişdi bilirəm və Rəsulzadənin də nələr çəkdiyini hiss edə bilirəm. Rəsulzadə Moskvada olanda cırıq ayaqqabı ilə gəzirmiş. Gedib o yerləri görmüşəm. Su keçirən ayaqqabıları var idi, geyinirdi, sonra onu sıxıb, qurudurdu. Bunlar hamısı millət naminə idi. O, Stalinə “hə” desəydi, əyilsəydi nazir də ola bilərdi, Türküstana rəhbər də olardı. Rəsulzadə yazırdı ki, "qızımdan məktub almışam, çox əziyyət çəkir, mən də axır pullarımı yığıb göndərdim ona", buna görə də dərman almağa da pulu qalmırdı. Bunların hamısın mən bilirdim, İstanbula gedəndə 4 gündə senarini oxudum, qrim etdilər, təsdiqlədilər. Ora getdik. Mən dedim ki, istədiyim kimi oynamaq istəyirəm. Rejissor razılaşdı. Kadrlar da çox yaxşı alındı. Bir anlıq təsəvvür etdim Rəsulzadə orada tək-tənha qalıb. Filmin sonuncu kadrlarında bulvarda hamı gəzir, kefdə. Mənim də başımda şlyapa. Orada çalışdım babamın yerinə özümü təsəvvür edəm. O kadrlarda atamın sügündə axşamlar gözünü uzağa zillədiyi günləri xatırladım (kövrəlir)... Sözlə ifadə etmək çətindir.
- Rəsulzadəyə sözünüz nə olardı, nə demək istərdiniz?
- Halal olsun deyərdim, təşəkkürümü bildirərdim. O, həmişə yaddaşlarda olacaq. Mən çox istərdim Rəsulzadənin irsi çox yaxşı öyrənilsin, araşdırılsın.
Uşaq olanda rəssamlıqla yanaşı, şahmata da gedirdim, həm dəidmanla məşğul olurdum. Eyni zamanda, tətil vaxtı beton zavodunda çalışırdım ki, ailəyə kömək olum. 1960-cı illərdə 15-16 yaşında olan mən yekə kişilərlər oturub söhbət edirdim, onlar mənə qulaq asırdılar. 15-16 yaşında uşaq onlara izah edirdi ki, bu belədir, o elədir. Bir-iki gün keçəndən sonra biri dedi ki, yoldaşlar, bizə nə olub, bu uşaq bizim başımızı əməlli ələ alıb. Rəsulzadə də həmin yaşlarda eyni şeyi edirdi. İstər-istəməz də məndə də elə idi.