Modern.az

İsrail Prezidenti Azərbaycanı belə təbrik etdi - VİDEO

İsrail Prezidenti Azərbaycanı belə təbrik etdi - VİDEO

Ölkə

27 May 2025, 13:48

İsrail Dövlətinin Prezidenti İsxak Hersoq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Modern.az xəbər verir ki, təbrik məktubunda deyilir:

“Zati-aliləri.

Ölkənizin Müstəqillik Günü münasibətilə Sizə və Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırmaqdan böyük şərəf hissi duyuram. İsrail xalqı ölkələrimiz arasındakı dostluq münasibətlərini qeyd etməkdə mənə qoşulur.

Həm İsrail, həm də regionumuz üçün sabitlik mayakı olan Azərbaycanla strateji tərəfdaşlığımız Yerusəlimdə yüksək qiymətləndirilir. Siz regional sülhün əldə olunmasında səylər göstərməyi prioritet müəyyən etmisiniz, bu da Azərbaycanın dialoq və diplomatiya üçün mühüm platformaya çevrilməsinə səbəb olub.

Sizin rəhbərliyinizlə Azərbaycan iqtisadi tərəqqinin və rifahın parlaq nümunəsinə çevrilib. Ölkəniz dini tolerantlığın və anlaşmanın gözəl modeli hesab olunur və burada cəmiyyətin bütün təbəqələri harmoniya içərisində yaşayırlar. Həqiqətən də antisemitizmin bütün dünyada yayıldığı bir dövrdə Azərbaycan harmoniya içərisində birgəyaşayışın parlaq nümunəsidir.

Xanım Mixalın və mənim gözəl ölkənizə səfərimiz zamanı keçirdiyimiz görüşləri həmişə xatırlayacağam və mən prezidentlik dövrümdə ikitərəfli əlaqələrimizi daha da genişləndirmək üçün möhkəm dostluq təməlimizi inkişaf etdirməkdə çalışmağa sadiqəm. Təhlükəsizlik, innovasiya, enerji və ticarət kimi çox əhəmiyyətli sahələr də daxil olmaqla, ortaq məqsədlərimizə nail olmaq üçün imkanlar çoxdur.

“Konstitusiya və Suverenlik İli”ni qeyd etdiyiniz bir vaxtda, bilin ki, İsrail Dövləti uğurlarınıza və nailiyyətlərinizə sevinir.

Bir daha bu əlamətdar gündə səmimi təbriklərimi, Azərbaycan Respublikasına və onun xalqına davamlı əmin-amanlıq, firavanlıq arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram.

Əziz dostuma hörmətlə və ən xoş arzularla”.

***

12:44

İsrail və Azərbaycan təhlükəsizlik və innovasiyalar, enerji, ticarət və turizm sahələrində sıx əməkdaşlıq qurub.

Modern.az xəbər verir ki, bunu İsrail Prezidenti İsxak Hersoq Azərbaycanın Müstəqillik Günü münasibətilə təbrik videomüraciətində bildirib.

"İsrail xalqı və dövləti adından ən səmimi təbriklərimi qəbul edin", - İ.Hersoq qeyd edib.

O, Azərbaycan və İsrail xalqlarının dərin əməkdaşlıq tarixinə malik olduğunu vurğulayıb. Prezident, həmçinin müxtəlif mədəniyyətlərə və dinlərə mənsub xalqların Azərbaycanda sülh şəraitində yaşamasına imkan verən Azərbaycan multikulturalizmini xatırladıb.

"Yəhudi və Azərbaycan xalqları arasındakı əlaqələr əsrlər və minilliklər boyu davam edir. Bu qədər uzun müddət ərzində Azərbaycan tolerantlıq, müxtəliflik, bərabərlik rəmzi və müxtəlif mədəniyyətlərdən olan insanlar və xalqlar arasında birgəyaşayış, hörmət və əməkdaşlığın mümkünlüyünün sübutudur", - Hersoq bildirib.

O, həmçinin Azərbaycan Prezidenti İlham Əliyevin İsraillə dövlətlərarası əlaqələrin möhkəmləndirilməsində mühüm rolunu qeyd edib.

"Biz Prezident Əliyevin öz ölkəsində təmin etdiyi əhəmiyyətli inkişafı şəxsən müşahidə etmək və əməkdaşlığımızın daha da inkişafı və genişləndirilməsi imkanlarını birlikdə müzakirə etmək şərəfinə nail olduq. Əziz dostum Prezident İlham Əliyevi təbrik edir, Azərbaycanın gələcək inkişafına və iki xalqımız arasında əlaqələrin möhkəmlənməsinə qəti əminliyimi ifadə etmək istəyirəm", - Hersoq vurğulayıb.

Onun sözlərinə görə, Azərbaycan bu gün regional və diplomatik dialoq üçün mühüm qovşağa çevrilib.

İsrail Prezidenti həmçinin bu yaxınlarda keçirilmiş "Eurovision" mahnı müsabiqəsində İsrailə göstərdiyi dəstəyə görə Azərbaycana təşəkkür edib: "Eurovision"da Azərbaycan xalqı və münsiflər heyəti tərəfindən göstərilən dəstək son dərəcə təsirli jest idi".

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu