““İnformasiya psixoloji təhlükəsizliyi haqqında” qanun layihəsinin mahiyyəti, prinsipləri, obyekti və subyekti ilə bağlı yetərli açıqlamalar verilməyib. Düşünürəm ki, bu da onların heç bu qanun layihəsi haqqında yetərli məlumatlı olmaları ilə bağlıdır və qaranlıq məqamlar da buradan doğur”. Bu sözləri Modern.az-a açıqlamasında "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib.
“Uzun illərdir bu sahədə fəaliyyət göstərən bir təşkilat kimi deyə bilərəm ki, normal demokratik ölkələrdə onların qeyd etdiyi yönümlü hansısa qanuna rast gəlməmişəm. Amma internetin ekonomikası, internetin müəyyən təhlükəsizliyi, informasiya təhlükəsizliyi, kibercinayətkarlıqla mübarizə ilə bağlı qanunlar olar. Amma birbaşa psixoloji təhlükəsizliklə bağlı bir şey eşitməmişəm. Digər ölkələrdə Belorus, Çin, Türkiyə, Rusiya da internetin məhdudlaşdırılmasına yönəlik qanunlar var. Amma bu demokratik ölkələrə aid deyil. Məsələn, Türkiyə və Rusiya qəbul edib ki, məhkəmənin qərarı olmadan da hansısa saytları bağlamaq olar. Hesab edirəm ki, bu da Azərbaycana şərəf gətirəsi bir şey deyil. Azərbaycan demokratik inkişaf xətti götürən ölkədir və belə məsələlər hüquqi müstəvidə həll olunmalıdır”.
Qeyd edək ki, bir müddət öncə Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, millət vəkili Rəbiyyət Aslanova “İnformasiya psixoloji təhlükəsizliyi haqqında” yeni qanun layihəsi hazırlandığını və sənədin özündə bir sıra məsələləri əks etdirəcəyini bildirib. O, qeyd edib ki, bu qanun həm bütün media məkanını, həm də virtual informasiya məkanı olan interneti nəzarətdə saxlayacaq.
Aytən ƏLİYEVA