Modern.az

Laçın “dəhlizi” - YOXDUR!

Laçın “dəhlizi” - YOXDUR!

Dünya

29 May 2025, 09:12

Laçın Hava Limanı - AÇILDI!

28 May 1918 – Türk-İslam dünyasında ilk cümhuriyyətin – Azərbaycan Xalq Cümhuriyyətinin doğulduğu gündür. O gün yalnız Azərbaycan üçün deyil, bütün Türk-İslam Gündoğarı üçün yeni bir siyasi modelin – millətin iradəsinə dayanan idarəetmə sisteminin başlanğıcı idi. Və bu başlanğıc o qədər cəsarətli idi ki, hələ Türkiyə Cümhuriyyəti doğulmamış, Pakistan adlı bir dövlət isə xəritədə yoxkən Azərbaycan öz ad-sanına “müstəqil cümhuriyyət” deyirdi. Deyirdi amma başı üstündən qara buludlar əskilməmişdi… Laçın və bütün Zəngəzur, habelə Qarabağın dağlıq səmti bir başqa cür gərginlik içindəydi… Gündoğarın Cümhüriyyəti ölkəmizin hər bucağına işıq saldı - şanlı Nuru Paşanın başçılıq etdiyi Qafqaz Türk-İslam Ordusu yerli qüvvələrlə birgə Cümhuriyyət ərazilərini işğalçı tör-töküntülərindən azad etdi…

Zaman keçdi… 1991-də müstəqillik bərpa edildi, bu qərarımızı ən ilk tanıyan ölkələr Türkiyə, Pakistan, Rumıniya oldu… Sonra bu müstəqilliyi həzm edə bilməyənlər birləşdi və Ermənistan əsgəri qiyafəsində ərazilərimizi işğal etdilər… Müstəqilliyimiz uzun illər boyu işğal, təhdid və təcridlə sınağa çəkildi. Lakin XXI yüzilin 3-cü onilliyində Azərbaycan dövləti özünün gerçək gücünü, tarixi haqqını və strateji mövqeyini sübut etdi. 44 günlük Vətən müharibəsi ilə başlanan Zəfər yolu, 20 sentyabr 2023-cü ildəki antiterror əməliyyatı ilə tamamlandı. Budur, 2025-ci ilin 28 mayında isə bu Zəfər – Laçında siyasi simvola çevrildi. Sadəcə bayram yox, Zirvə idi bu gün: İkinci Azərbaycan-Türkiyə-Pakistan Üçtərəfli Laçın Zirvəsi!

Bu Zirvə, sadəcə üç dövlət başçısının görüşü deyildi. Bu, üç böyük ruhun, üç güclü iradənin və üç tarixi yükün bir səhnədə cəmləşməsiydi.

Bəs niyə məhz Laçın? - 
Çünki Laçın işğalın acısını ən çox çəkən bölgələrdən biri idi. Eyni zamanda strateji baxımdan Ermənistanla təmas məntəqəsi, Azərbaycanın dağ keçidi və həm də geosiyasi iradə mərkəzidir. Bu gün o keçiddə yalnız yollar yox, hava da açıqdır. Laçın Hava Limanının açılışı ilə Azərbaycan göyüzündə də suverenliyini rəsmiləşdirdi. Və bu yeni “Göy qapısı”nın sevincini qardaş Türkiyənin və Pakistanın liderləri ilə bərabər yaşadı.

Bu, simvolizmin zirvəsidir: nüvə gücü olan dövlətlə (Pakistan), NATO ordusu içində özünü fərqləndirən yeganə türk gücü (Türkiyə) ilə birlikdə – Laçında! Azərbaycan artıq bölgəsəl güc deyil, qlobal cəbhədə öz yeri olan ölkədir. Və bu yer, ona müharibə ilə yox, ədalət, siyasi iradə, uzaqgörənlik və mənəvi üstünlüklə qazanılıb.

Laçında keçirilən Üçtərəfli Zirvə yalnız bölgəsəl işbirliyi və müdafiə məsələlərini deyil, yeni dünya düzənində bu üç dövlətin ortaq baxışını nümayiş etdirdi:
-??Azərbaycan – ərazi bütövlüyünü və suverenliyini bərpa etmiş, Güney Qafqazın qalib və lider dövlətidir;
-??Türkiyə – Gündoğar və Günbatar arasında körpü olmaqdan çıxaraq, artıq öz sivilizasiya yolunu yaradan, təməl güc quran dövlətdir;
-??Pakistan – Hind okeanının müsəlman nəhəngi, Çin və İslam dünyası arasında önəmli geosiyasi mərkəzdir.

Bu üçlük – artıq sadəcə diplomatik tərəfdaşlıq deyil. Bu, tarixi ortaqlığın, qardaşlığın çağdaş siyasi tərcüməsidir.

İndi Laçında, əllərində açar tutan insanlar yalnız evlərinə deyil, tarixə qayıdır. Prezident İlham Əliyev, açarlarla bərabər, tale yazısını, dövlət iradəsini və xalqın qürurunu verib həmin insanlara.

Və bu fonda, Azərbaycanın Prezidentinin yanında Ərdoğan və Şərifin dayanması təsadüf yox, geosiyasi dizayndır. Ermənistan hələ də revanşist ritorika ilə silahlanarkən, Fransa və Hindistan silah satışını artırarkən – Laçında barış içində güc birliyi nümayiş etdirilir. Bu, bölgəyə ismarıcdır: “Sülh istəyirik, amma silahlıyıq”! Bu, yeni dünyaya xəbərdarlıqdır: “Biz artıq öz taleyimizi özümüz yazırıq”!

Laçın Zirvəsi həm də onu göstərdi ki, artıq Orta Doğu və Qafqaza “problem bölgəsi” kimi deyil, işbirliyi platformu kimi baxılır. “Zəngəzur dəhlizi” kimi daşımaçılıq, ötürmə layihələri, enerji tranziti, müdafiə texnologiyaları və informasiya təhlükəsizliyi – bunların hamısı məhz Laçında danışıldı. Qapalı keçirilmiş formatda bir çox strateji mövzu razılaşdırılmış olmalı...

Və sonda: 
indi tarix danışır, dünya dinləyir…

28 May 2025 – bir təkamül, təşəkkül və təşəkkür zirvəsidir!
Bu, 1918-ci ilin ölməz ruhunun 2025-ci ildə aydın göyüzünə ucaldığı gündür!
Bu, yalnız Laçının deyil, Türk-İslam coğrafiyasının da hava məkanının açıldığı gündür!
Bu, Zəfərin bayrama, bayramın isə Zirvəyə çevrildiyi gündür!

Bayramın bir daha qutlu olsun, can Azərbaycan!
Sənə hava limanı yaraşır, sənə Zirvə yaraşır, sənə tarix yazmaq yaraşır, çox yaraşır!
Və bu dəfə – yazılan tarixdə qələmin ucu da sənin əlindədir, kağız da, möhür də!

Şəhidlər ölmədi, Vətən bölünmədi!

DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN! 

Əkbər QOŞALI

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər