Modern.az

Lisey və gimnaziyalarla bağlı qərar ləğv olundu: bu siniflərə qəbula İCAZƏ VERİLDİ

Lisey və gimnaziyalarla bağlı qərar ləğv olundu: bu siniflərə qəbula İCAZƏ VERİLDİ

Təhsil

29 May 2025, 09:25

Azərbaycan Respublikasının Təhsil İnstitutu lisey və gimnaziyalara qəbul qaydalarında dəyişikliklərə dair yeni açıqlama verib. 

Modern.az-ın məlumatına görə, V, VI və VIII siniflərə qəbula qoyulan qadağa ləğv olunub.

Rəsmi açıqlamada deyilir:


“Məlum olduğu kimi, 2025-2026-cı tədris ili üzrə Bakı şəhəri və ölkənin müxtəlif bölgələrində yerləşən, şagird qəbulu mərkəzləşdirilmiş imtahanla həyata keçirilən bir sıra lisey və gimnaziyaların 7-ci siniflərinə qəbul prosesinə start verilir.

Şagirdlərin lisey və gimnaziyalarda təhsil almağa böyük maraqlarını və tədris ili boyunca imtahan prosesinə hazırlıqlarını nəzərə alaraq bildiririk ki, 2025-2026-cı tədris ilində istisna olaraq V, VI və VIII siniflər üzrə də qəbul prosesi həyata keçiriləcək. Belə ki, mərkəzləşdirilmiş qaydada keçirilən qəbul imtahanında IV, V və VII sinifdə təhsil alan (yəni 2025-2026-cı tədris ilində V, VI və VIII sinfə keçəcək) şagirdlərin də iştirakı təmin ediləcək”.

Qeyd edək ki, 2026-2027-ci tədris ilindən etibarən lisey və gimnaziyalara qəbul yalnız 7-ci siniflər üzrə həyata keçiriləcək.

Xatırladaq ki, Azərbaycan Respublikasının Təhsil İnstitutu bir neçə gün öncə 2025–2026-cı tədris ili üçün lisey və gimnaziyalara qəbul prosesində dəyişiklik edildiyini bildirmişdi.

Qeyd edilmişdi ki, əvvəlki illərdən fərqli olaraq bu il lisey və gimnaziyalara qəbul yalnız 7-ci sinfə həyata keçiriləck.

Bu qərar ictimaiyyətdə çox ciddi narazılıq doğurmuşdu. Çünki əvvəlki illərdə qəbul 5, 6, 7 və 8-ci sinifləri əhatə edirdi.

Lisey və gimnaziyalara ərizə qəbulu iyun ayının 5-də başlayacaq və 20 iyuna kimi davam edəcək. 

Şagirdlər əvvəlcə mərkəzləşdirilmiş qəbul imtahanında iştirak etməli, sonra isə topladıqları bala müvafiq olaraq təhsil almaq istədikləri lisey və ya gimnaziyaların seçimini aparmalıdırlar. İmtahan zamanı şagirdlərə tədris dili və riyazi təfəkkürü ölçən standart və qeyri standart suallar təqdim ediləcək.

A.Qorxmaz

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu