“İslam Əməkdaşlığı Təşkilatına üzv Dövlətlərin Parlament İttifaqı Konfransının 9-cu sessiyasına hazırlıq işləri başlayıb. Birinci iclas zamanı mənim də iştirakımla Milli Məclisin deputatları Mirkazım Kazımov və Xanhüseyn Kazımlı bir sıra müzakirələrdə iştirak etdik”. Bunu Modern.az-a İranda səfərdə olan millət vəkili Cavanşir Paşazadə deyib.
O bildirib ki, hazırda bir neçə dövlət nümayəndələri ilə görüşlər davam etdirilir. C.Paşazadə bildirib ki, Azərbaycan nümayəndə heyəti İraq təmsilçiləri ilə görüşüb.
“Görüş zamanı Azərbaycanın İraqda səfirliyini açılması məsələsi barədə söhbətlər apardıq”.
Deputat onu da qeyd edib ki, Suriyaya gedən Azərbaycan vətəndaşları ilə bağlı da müzakirələr gözlənilir. Millət vəkili Azərbaycanın haqq səsinin tədbir iştirakçılarına çatdırılacağını da vurğulayıb.
“Bu ay Xocalı faciəsinin ildönümüdür. Ona görə də Xocalı soyqırımı ilə bağlı çıxışlar etməyi nəzərdə tutmuşuq. Bununla başqa dövlətləri də Xocalı ilə bağlı məsələyə cəlb etmək istəyirik”, – deyə C. Paşazadə qeyd edib.
Qeyd edək ki, Fevralın 18-19-da Tehranda İslam Əməkdaşlığı Təşkilatına üzv Dövlətlərin Parlament İttifaqı Konfransının 9-cu sessiyası keçiriləcək.
Aqşin Kərimov