“İcra başçıları bələdiyyələri özlərinin "beşinci təkər"inə çevirmək istəyirlər”. Modern.az-ın məlumatına görə, bunu millət vəkili Fəzail Ağamalı bu gün Milli Məclisin plenar iclasında Azərbaycanda bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi ilə bağlı 2013-cü il üzrə illik məruzə ətarfında gedən müzakirələr zamanı deyib. Onun sözlərinə görə, bu gün ölkədə bir sra rayonların icra başçıları bələdiyyələrə maneçilik edirlər: "İcra başçıları bu gün bələdiyyələri özlərinin "beşinci təkər"inə çevirməyə cəhd edirlər. Nə qədər ki, belə maneələr var, bələdiyyələrin inkişafı problem olaraq qalacaq".
Onun fikrincə, bələdiyyə sədrləri də seçicilər tərəfindən seçilməlidir: "Onlar icra başçılarının "siyahısı" ilə deyil, digər bələdiyyə üzvləri kimi, birbaşa xalq tərəfindən seçilsə, onların məsuliyyəti də artar". F.Ağamalı, həmçinin mənzil-istismar sahələrinin ləğv edilərək onların səlahiyyətlərinin bələdiyyələrə verilməsi təklifi ilə çıxış edib: "Mənzil-istismar sahələri adlı qurum var. Bu Sovet vaxtından qalmış qurumlar artıq öz funksiyasını bitirib. Onların ləğvinə ehtiyac var. Onların səlahiyyətlərinin bələdiyyələrə verilməsi müsbət hal olardı". Millət vəkili Fazil Mustafa da bələdiyyə sədrlərinin birbaşa seçicilər tərəfindən seçilməsi təklifi ilə çıxış edib.
Gültəkin Ələsgər