Modern.az

Deputat gömrük orqanlarını tənqid etdi

Deputat gömrük orqanlarını tənqid etdi

14 Fevral 2014, 14:12

Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Elm və təhsil komitəsinin sədr müavini Bəxtiyar Əliyev gömrük orqanlarının fəaliyyətini tənqid edib. Modern.az xəbər verir ki, Azərbaycan və Belarus hökumətləri arasında vergi qanunvericiliyinə əməl edilməsi məsələləri üzrə əməkdaşlıq və qarşılıqlı yardım haqqında 2004-cü ildə imzalanmış sazişə əlavə və dəyişikliklər edilməsi ilə bağlı məsələnin müzakirəsi zaman çıxış edən deputat deyib :

“Azərbaycan və Belarus arasında hökumət səviyyəsində belə sazişlərin imzalanması millətlər və hökumətlərarası münasibətlərin daha da yaxşılaşmasına, eyni zamanda ticarət dövriyyəsinin artmasına, vətəndaşların hər iki ölkədə fəaliyyətinin təmin olunmasına, hüquqlarının qorunmasına zəmin yaradır, təminat verir. Eyni zamanda vergi qanunvericiliyi sahəsində əməkdaşlıq olduqca vacibdir. Bu protokolun imzalanması sazişə əlavə və dəyişiklərin edilməsinə dair protokol sözsüz ki, təsdiq olunmalıdır. Çünki burada çox gözəl müddəalar nəzərdə tutulub və günün tələblərinə cavab verir. Amma məni narahat edən başqa məsələ var. Bu gün iki ölkə arasında mal dövriyyəsində ciddi problemlər yaranır. Bu da vergi ödəyicilərinin və vergi qurumlarının özləri üçün ciddi problem yaradır. Belarus və digər dövlətlərdən Azərbaycana daxil olan müxtəlif mallar gömrükdən keçəndə müəyyən problemlər yaranır. Bu problemlər daha çox qiymətlərdə özünü göstərir. Malların gətirildiyi ölkədəki ilkin qiymətindən fərqlər əmələ gəlir. Daha sonra həmin mallar Azərbaycanda satılanda onların vergi dərəcələrinin ödənilməsində problemlər ortaya çıxır. Həm hüquqi, həm fiziki şəxslər, həm də bizim vergi qurumları üçün belə problemlər yaranır. Dövlət Statistika Komitəsinin verdiyi məlumatlardan məlum olur ki, rəqəmlərdə çox ciddi fərqlər əmələ gəlir. Eyni zamanda, hökumətlərarası komissiyaların görüşlərində dəfələrlə vurğulanıb ki, bir ölkədə daxil olan statistik məlumatlar başqa, Azərbaycanın yaydığı statistik məlumatlar isə başqa olur. Fərqli rəqəmlər yayırlar”.

B.Əliyevin fikrincə, Dövlət Gömrük Komitəsinin bu sahədə işlərinə yenidən baxılmalıdır: “Azərbaycana daxil olan malların qiymətlərinin gətirildiyi ölkədəki ilkin qiymət ilə eyni səviyyədə göstərilməsi və gələcəkdə vergi orqanları ölkənin büdcəsinə vergilərin normal şəkildə daxil olmasını təmin edə bilsinlər”.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU