Modern.az

Əli İnsanov Mikayıl Cabbarovun məhkəmədə ifadə verməsini istəyib

Əli İnsanov Mikayıl Cabbarovun məhkəmədə ifadə verməsini istəyib

14 Fevral 2014, 14:38

Bu gün Bakı Apelyasiya Məhkəməsində (BAM) hakim Qədim Babayevin sədrliyi ilə sabiq səhiyyə naziri Əli İnsanovun işi üzrə proses davam etdirilib. Modern.az bildirir ki, prosesi izləmək üçün Milli Şuranın sədri Cəmil Həsənli, Müsavat başqanı İsa Qəmbər, "El" hərəkatının rəhbəri Eldar Namazov, vəkil Aslan İsmayılov da məhkəmə iclasına qatılıblar.

Cəmil Həsənli məhkəmənin gedişində hakimlərin ədalətli olmadığına irad tutduğu üçün iclas zalından çıxarılıb. Belə ki, Əli İnsanov yenidən məhkəmə zalındakı şüşə kabinədə nəfəsinin çatmadığını bildirib, hakim isə bunun beynəlxalq praktika olduğunu və Avropada da bu belə kabinələrdən istifadə edildiyini söyləyib.

İnsanovun vəkili Ağaveyis Şahverdi vəsatət qaldırıb. Vəsatətdə Kərəm Həsənov və Oqtay Şirəliyevin məhkəməyə dəvət edilməsi, eyni zamanda səhiyyə müəssisələrinin özələşdirilməsilə bağlı yoxlama aktlarına imza atmamış və ya qeyd-şərtlə imza atmış iqtisadi inkişaf nazirinin keçmiş müavini Mikayıl Cabbarov, İqtisadi İnkişaf Nazirliyinin Aparat rəhbəri Vəliyev, maliyə şöbəsinin rəisi Aslanovun məhkəmədə şahid qismində dindirilməsini istənilib.
Qeyd edək ki, İqtisadi İnkişaf Nazirinin keçmiş müavini Mikayıl Cabbarov hazırda təhsil naziri postunu tutur.

Daha sonra bildirilib ki, Məleykə Abbaszadə Əli İnsanov barəsində MTN-ə həqiqətə uyğun olmayan məlumatlarla məktub göndərib. Ona görə də Abbaszadə və həmin sahəyə nəzarət edən Fatma Abdullazadə məhkəmədə dindirilsin. İnsanov qaldırılan vəsatətə münasibət bildirərkən deyib ki, həmin şəxslərin məhkəməyə çağrılacağağına inanmır: «Onlar da heç məhkəməyə gəlməzlər. Çünki onlar bilirlər ki, mənim onlara suallarım olacaq. Onlar necə əsaslandıracaqlar ki, cəmi 12 bal toplamış adını çəkmək istəmədiyim şəxsi Tibb Universitetinə hansı əsasla qəbul ediblər».

Məhkəmə vəsatəti qismən təmin edib. Kərəm Həsənov, Oqtay Şirəliyev, Məleykə Abbaszadə və Fatma Abdullazadə ilə bağlı hissələr təmin olunmayıb. İqtisadi İnkişaf Nazirliyinin 3 işçisinin məhkəməyə çağrılmasına gəlincə, Mikayıl Cabbarov istisna olmaqla, digər iki şəxsin - Aslanov və Vəliyevin məhkəməyə çağrılmasına qərar verilib.

Aytən Əliyeva

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU