Modern.az xəbər verir ki, fevralın 13-də Mətbuat Şurasında “Onlayn media və Qarabağ mövzusu” adlı “dəyirmi masa” keçirilib. MŞ sədri Əflatun Amaşov tədbiri giriş sözü ilə açaraq Şuranın beynəlxalq münasibətlər komissiyasının xəttilə bu mövzuda yeni layihəyə start verildiyini diqqətə çatdırıb.
İnternet medianın Mətbuat Şurası üçün prioritet sahəyə çevrildiyini vurğulayan Şura sədri cari ilin “İnternet media ili” elan edilməsilə əlaqədar bir sıra tədbirlərin gerçəkləşdiriləcəyini vurğulayıb. “İnternet media sektorunun gələcəkdə daha da inkişaf etdirilməsi üçün əlaqədar qurumlarla birgə müəyyən işlərin gerçəkləşdirilmısini də nəzərdə tuturuq. Bu gün start verdiyimiz layihə təşəbbüsümüzün tərkib hissəsidir. Onlayn medianın Qarabağ mövzusunu işıqlandırması olduqca vacibdir. Medianın transformasiyası şəraitində bizim üçün aktual səciyyə daşıyan məsələni dünya birliyinə çatdırmaq müstəsna önəm daşıyır. Biz bu prosesi stimullaşdırmağı nəzərdə tuturuq. Buna görə də öncə internet media resurslarının monitorinqi aparılacaq.Daha sonra mövzuya daha çox üstünlük verən elektron media resursları mükafatlandırılacaqlar”.
MŞ-nin beynəlxalq münasibətlər komissiyasının sədri, Milli Məclisin deputatı Cavanşir Feyziyev müasir dövr üçün informasiya müharibəsinin aktual səciyyə daşıdığını önə çəkib. “Yaxın gələcəkdə düşmən üzərində üstünlük informasiyaların alınması, onlara operativ reaksiyanın verilməsi, real vaxt çərçivəsində düşmənin iqtisadi və müdafiə obyektlərinə atəşin və informasiya zərbələrinin vurulmasi ilə əldə olunacaq. Bəzi dövlətlər özlərinin «informasiya müharibələri» strategiyalarını hazırlayıb, müxtəlif əməliyyatlarda onu sınaqdan çıxarıblar. Digər mübarizə metodlarından fərqli olaraq, informasiya müharibələri daha geniş spektrdə aparılır və bunun həyata keçirilməsində müxtəlif vasitələrdən istifadə olunur. Biz çox istərdik ki, bu sahədə də rəqiblərimizdən öndə olaq. Belə bir layihəni gerçəkləşdirməkdə əsas məqsədlərimizdən biri də məhz budur. Ölkədə internet medianın səviyyəsini yüksəldilməsində, gənclərə vətənpərvərlik hisslərinin aşılanmasında, cəmiyyətimizin milli-mənəvi dəyərlərə bağlılığının artırılması baxımından layihənin uğurlu olacağına inanırıq".
MŞ İdarə Heyətinin üzvü, "Paralel" qəzetinin baş redaktoru Tapdıq Abbas onlayn mediada keyfiyyət göstəricilərinin yüksəldilməsi baxımından layihəni uğurlu hesab etdiyini vurğulayıb. "Çox istərdim ki, aparılan monitorinqlərdə kəmiyyət məsələlərindən daha çox keyfiyyətə diqqət yetirilsin. Bu gənc kadrların bacarıqlarını genişləndirmək baxımından da böyük əhəmiyyət kəsb edir", - deyə o əlavə edib.
Modern.az saytının rəhbəri Elşad Eyvazlı çıxış edərək bildirib ki, layihə Azərbaycanla bağlı həqiqətləri dünya ictimaiyyətinə daha səmərəli şəkildə çatdırmaq və internet mediada mövcud durumu dəyərləndirmək baxımından önəmlidir.
Modern.az