Modern.az

Ukraynadan ağır zərbə - Rusiyanın 40-dan çox təyyarəsi YANDIRILDI

Ukraynadan ağır zərbə - Rusiyanın 40-dan çox təyyarəsi YANDIRILDI

Dünya

1 İyun 2025, 19:30

Ukrayna Rusiyanın dörd fərqli regionunda yerləşən strateji hərbi aerodromlara eyni vaxtda dron hücumu həyata keçirib.

Modern.az xəbər verir ki, bu barədə Ukrayna mətbuatı ölkənin Təhlükəsizlik Xidmətindəki mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, hücum Rusiya-Ukrayna müharibəsi başlayandan bəri Rusiyanın arxa cəbhəsinə qarşı həyata keçirilmiş ən irimiqyaslı hava hücum hesab olunur.

Mənbənin sözlərinə görə, hücum nəticəsində Rusiyanın 40-dan çox hərbi təyyarəsi sıradan çıxarılıb. Zədələnən təyyarələr arasında strateji əhəmiyyətə malik A-50 radiolokasiya təyyarələri, həmçinin Tu-95 və Tu-22M3 bombardmançıları da var. Hətta iki Tu-160 təyyarəsinin də zərbə altında qaldığı bildirilir.

Mənbənin məlumatına əsasən, hücumun hədəfi olan əsas bazalar bunlardır:

- "Olenya" bazası (Murmansk vilayəti) – Rusiya strateji aviasiyasının əsas məntəqələrindən biri;

- "Belaya" bazası (İrkutsk vilayəti) – Sibir bölgəsində yerləşir, Ukrayna sərhədindən təxminən 4500 km uzaqdadır;

- "İvanovo" bazası (İvanovo vilayəti);

- "Dyaqilevo" bazası (Ryazan vilayəti).

Maraqlısı budur ki, dronların bir çoxu birbaşa Rusiyanın daxilindən - yollarda dayanan yük maşınlarından - havaya buraxılıb. Hücum zamanı istifadə olunan dronlar xüsusi proqram təminatı ilə təchiz olunub və uzaqdan idarə edilib.

Rusiya və Ukrayna mənbələri təsdiqləyir ki, dronlar xüsusi hazırlanmış yük maşınlarının içindən, yəni “ağıllı evciklər”in damına yerləşdirilib. Ukrayna Təhlükəsizlik Xidmətindəki mənbə bu əməliyyatı “Hörümçək toru” adlandırıb və məlumatlara görə, onu şəxsən xidmətin rəhbəri Vasili Malyuk idarə edib. Əməliyyatın planlaşdırılması 1,5 ildən çox vaxt alıb və onun icrasına birbaşa Ukrayna Prezidenti Volodimir Zelenski nəzarət edib.

Məlumata görə, əməliyyatda iştirak edən ukraynalılar artıq ölkəyə qayıdıblar və əməliyyatı təhlükəsiz şəkildə tamamlayıblar.

Rusiya rəsmiləri nə deyir?

Rusiya rəsmiləri hücum nəticəsində vurulan təyyarələr haqqında hələlik heç bir rəsmi açıqlama verməyib. Lakin Murmansk və İrkutsk vilayətlərinin qubernatorları faktiki olaraq hücumları təsdiqləyiblər.

İrkutsk vilayətinin qubernatoru İqor Kobzev bildirib ki, hücum ilk olaraq Sibirdə qeydə alınıb. Onun sözlərinə görə, dronlar “Belaya” aviabazasına yaxın yerləşən Sredniy qəsəbəsindəki hərbi hissəyə zərbə endirib. Eyni zamanda yük maşını müəyyən edilib və bloklanıb. Vilayətdə fövqəladə təhlükəsizlik rejimi tətbiq olunub, əsas magistral yollarda hərəkət məhdudlaşdırılıb.

Murmansk vilayətində də eyni taktika tətbiq olunub: yerli sakinlərin bildirdiyinə görə, dronlar Olyenegorsk yaxınlığında dayanan yük maşınından ("dura"lar) havalanıb. Bu ərazidə yerləşən “Olenya” bazası Rusiyanın strateji bombardmançı təyyarələrinin əsas bazasıdır.

BBC bildirir ki, Rusiyanın hərbi teleqram kanallarında və hərbi bloqçuları arasında bu hadisə ciddi narahatlıq doğurub. “Fighterbomber” kanalı hücumu “Rusiya uzaqmənzilli aviasiyası üçün qara gün” adlandırıb. Müharibə bloqçusu Roman Alexin isə hadisəni “Rusiyanın Pörl Harboru” kimi qiymətləndirib.

Jurnalist Aleksandr Kots isə “bu, yeni mərhələnin başlanğıcıdır” deyərək vəziyyətin ciddiliyini vurğulayıb. Digər bloqçular Rusiya Müdafiə Nazirliyinin susqunluğunu tənqid edib, təyyarələrin qorunmasında ciddi boşluqların olduğunu qeyd ediblər.

Müşahidəçilər bu hücumun Rusiyanın strateji nüvə balansına da təhdid yaratdığını deyirlər. Zədələnən təyyarələrin əksəriyyəti SSRİ dövründən qalma, hazırda isə təkrar istehsalı mümkün olmayan strateji resurslar sayılır.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI