Bu gün regionun aparıcı sənaye tədbiri olan və hər il qlobal enerji liderlərini bir araya gətirən “Baku Energy Week” 30-cu dəfə fəaliyyətə başlayır. Təşkil edildiyi illər ərzində “Baku Energy Week” həm regional, həm də beynəlxalq səviyyədə etibarlı enerji platforması kimi formalaşaraq, qlobal tədbirlər təqvimində mühüm və gözlənilən hadisələrdən biri olub.
Modern.az xəbər verir ki, “Baku Energy Week” özündə üç mötəbər tədbiri birləşdirir: 30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil and Gas”, 13-cü Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi “Caspian Power” və 30-cu Yubiley “Baku Energy Forum”. “Caspian Oil and Gas” və “Caspian Power” sərgiləri Bakı Ekspo Mərkəzində, “Baku Energy Forum” isə ekoloji konseptdə inşa edilmiş Bakı Konqres Mərkəzində təşkil ediləcək.
Sərgilər çərçivəsində təşkil ediləcək ənənəvi ikitərəfli işgüzar görüşlər (B2B və B2G) zamanı yerli və xarici şirkətlərin nümayəndələri üzbəüz formatda əməkdaşlıq və gələcək tərəfdaşlıq yollarını müzakirə edə biləcəklər. Bundan əlavə, ikitərəfli işgüzar görüşlər çərçivəsində özəl şirkətlərin nümayəndələri dövlət qurumlarının təmsilçiləri ilə görüş imkanı əldə edəcəklər. Tədbir çərçivəsində uzunmüddətli əməkdaşlığın gücləndirilməsi məqsədilə bir sıra Anlaşma Memorandumlarının imzalanması nəzərdə tutulur.
Sərgi çərçivəsində bir sıra sessiyalar və panel müzakirələri də baş tutacaq. "Enerji sənayesində davamlılıq", "Karbon emissiyasının azaldılması istiqamətində alternativ enerji kimi nüvə enerjisinin rolu", "Təcrübə mübadiləsi: Gənc istedadları cəlb etmək və inkişaf etdirmək üçün ən yaxşı HR təcrübələri", "Enerjidə innovasiyalar: Gələcəyin sənayesinin formalaşmasında təhsilin rolu", "Enerjinin səsi" mövzularında panel müzakirələri keçiriləcək.
"Enerjinin səsi" panel sessiyasında media sahəsində uzun illər fəaliyyət göstərmiş jurnalistlər, media nümayəndələri və tədbirin təşkilatçıları iştirak edəcəklər. Sessiyada keçirildiyi illər ərzində Xəzər Neft və Qaz “Caspian Oil and Gas" sərgisinə öz töhfəsini vermiş media nümayəndələri çıxış edəcək və sessiyanın sonunda sertifikatlarla təltif olunacaqlar.
“Baku Energy Week” çərçivəsində “Ümid var” inklüziv cəmiyyətinin üzvü olan uşaqların yaratdığı rəsmlərdən ibarət sərgi təşkil olunub. Bu əsərlər sərginin axşam ziyafətini bəzəyəcək və ziyafət zamanı təqdim olunan əsərlərin hərracı keçiriləcək.
Sərgi çərçivəsində iştirakçılar və ziyarətçilərin rahatlığı və dincəlməsi üçün istirahət zonası təşkil olunacaq. Bu zonanın sponsoru “Ural Steel” şirkətidir.
30-cu Yubiley "Baku Energy Week" çərçivəsində "Smart Energy Hub" adlı xüsusi startap zonası təqdim olunacaq. Burada yerli və xarici ölkələrdən olan startap layihələri təqdim ediləcək və ümumilikdə 10 stend nümayiş olunacaq. Bu zona startapçılara öz qabaqcıl həllərini və strategiyalarını enerji sahəsinin aparıcı şirkətləri və digər maraqlı tərəflərə təqdim etmək üçün unikal imkan yaradacaq. Bakı Enerji Həftəsinin 30 illik təcrübəsindən bəhrələnərək, startaplar burada ənənəvi enerji, yaşıl enerji, neft-qaz, nəqliyyat və logistika sahələrinə dair layihələrlə iştirak edirlər.
Bakı Enerji Həftəsinin təşkilatçıları artıq uzun illərdir ki, yubiley dövrlərində xüsusi tədbirlər keçirmək ənənəsini formalaşdırıblar. Bu il də istisna olmayacaq. Bakı Enerji Həftəsinin 30 illik yubileyi çərçivəsində təşkilatçılar xüsusi proqram hazırlayıblar. Enerji sahəsi üzrə ən yüksək nəticə göstərən və universiteti uğurla bitirən tələbələrin mükafatlandırılması ənənəsi bu il də davam etdiriləcək: Bakı Ali Neft Məktəbinin iki seçilmiş məzununa sərginin təşkilatçıları tərəfindən təqaüd veriləcək.
Yubiley tədbirləri çərçivəsində həyata keçiriləcək əsas təşəbbüslərdən biri Bakı Ekspo Mərkəzinin ərazisində ağac və gül əkilməsi olacaq. Bu təşəbbüs dayanıqlı inkişaf və ətraf mühitin qorunması məqsədi daşıyır. “Təbiətin Gücü: Bakı Enerji Həftəsinin 30 illik yubileyinə həsr olunmuş ağacəkmə mərasimi” adlı ekoloji təşəbbüs çərçivəsində həyata keçiriləcək tədbirlə yanaşı, Bakı Ekspo Mərkəzinin ərazisinin abadlaşdırılması məqsədilə bir sıra işlər görüləcək. Belə ki, Bakı Ekspo Mərkəzinin həyətində "Baku Energy Week"in 30 illik yubileyinə həsr olunmuş skamyalar quraşdırılacaq, həmçinin heyvanlar üçün nəzərdə tutulmuş sığınacaqlar yerləşdiriləcək. Bu təşəbbüslər tədbirin yalnız enerji sektoruna deyil, eyni zamanda, sosial və ekoloji məsuliyyətə də verdiyi önəmin göstəricisidir.
Sərginin təqdim etdiyi imkanlardan daha səmərəli istifadə olunmasına dəstək məqsədilə 30-cu Yubiley “Baku Energy Week” təşkilatçıları tərəfindən iştirakçılar üçün biznes səhər yeməyi təşkil olunub. Tədbir çərçivəsində sərgiyə hazırlıq prosesində diqqət yetirilməli məqamlar, eləcə də iştirakçıların işgüzar əlaqələr qurmaq və sərgi imkanlarından maksimum faydalanmaq yolları barədə ətraflı məlumat təqdim edilib.
Bu il də “Baku Energy Week” enerji sahəsinin liderlərini bir araya gətirərək bilik və təcrübə mübadiləsi, strateji əməkdaşlıqların qurulması, innovativ texnologiyaların tətbiqi və yeni layihələrin təşəbbüsü üçün mühüm platforma rolunu davam etdirəcək. 30 il ərzində bu tədbir neft-qaz sektorunda yerli və beynəlxalq tərəfdaşlıqların inkişafına, yeni texnologiyaların tətbiqinə və ölkəmizin enerji sahəsində mövqeyinin güclənməsinə əhəmiyyətli töhfə verməyi bacarıb.
Sayca 30-cu olan Yubiley “Baku Energy Forum” 3–4 iyun tarixlərində Bakı Konqres Mərkəzində keçiriləcək və sənayenin aparıcı nümayəndələrini strateji fikir mübadiləsi üçün bir araya gətirəcək.
Bu il “Baku Energy Week”in tərkib hissəsi olan “Baku Energy Forum” 30 illik yubileyini qeyd edir. Əsası qoyulduğu gündən etibarən forum beynəlxalq əlaqələrin möhkəmləndirilməsi, qabaqcıl təcrübələr mübadiləsi və yalnız Azərbaycanın deyil, bütövlükdə regionun enerji sektorunun inkişafına təsir edən sazişlərin imzalanması üçün əsas platformaya çevrilib. Forum enerji sahəsinin liderlərini, biznes nümayəndələrini və dövlət qurumlarının nümayəndələrini bir araya gətirərək bu sahədə beynəlxalq əməkdaşlığın inkişafına töhfə verir.
Bakı Enerji Forumuna Azərbaycan Respublikasının Energetika Nazirliyi dəstək göstərir, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) isə baş tərəfdaş qismində çıxış edir. Tədbir Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) tərəfindən dəstəklənir. OPEC-in Baş katibi Haysam Əl-Qays “Baku Energy Forum” 2025-in iştirakçılarına salamlama məktubu ünvanlayıb. Məktubda forumun qlobal enerji sektorunda dialoq və əməkdaşlıq üçün mühüm platforma olduğu vurğulanır.
“Baku Energy Forum”da Azərbaycan Respublikasının Energetika Naziri Pərviz Şahbazovun sədrliyi ilə “Dayanıqlı və davamlı enerji gələcəyi naminə qlobal əməkdaşlıq” mövzusunda plenar sessiya keçiriləcək. Forum çərçivəsində baş tutacaq “Liderlərin çıxışları: Dayanıqlı enerji ekosisteminə aparan yol” adlı sessiyada əsas məruzəçi Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf olacaq.
Builki forum enerji sektorunun aktual çağırış və imkanlarını əhatə edən geniş və çoxşaxəli gündəmlə keçirilir. "Enerjidə Rəqəmsallaşma: Məlumat və Texnologiyanın Gücü", "Geoloji Kəşfiyyat – resursların aşkar olunmasında innovativ texnologiya üsulları", "Hasilat və Əməliyyatlar – innovasiya və dayanıqlıq ilə səmərəliliyin artırılması", "COP29 nəticələri — Dayanıqlı gələcəyə aparan yol", "Yaşıl enerji – Xəzər regionunda potensialının reallaşdırılması", "Qaz Bazarı – istehsalçı, nəqliyyatçı və istehlakçılar üçün yeni struktur", "Neft və Qaz kəmərləri – etibarlı infrastruktur vasitəsilə enerji təhlükəsizliyinin təmin edilməsi" kimi mövzular forumun əsas istiqamətlərini təşkil edir.
Forum çərçivəsində aparılacaq müzakirələr enerji sahəsində innovasiyaların tətbiqi, regional və qlobal əməkdaşlığın gücləndirilməsi, həmçinin dayanıqlı və çevik enerji sistemlərinin qurulması baxımından mühüm əhəmiyyət kəsb edir. Bu tədbir həm də Azərbaycanın enerji siyasətinin strateji prioritetlərini və Xəzər regionunun yaşıl enerji potensialını beynəlxalq ictimaiyyətə təqdim etmək baxımından vacib platformadır.
Forum gələcəyi formalaşdıran ideyalarla tanış olmaq üçün unikal imkan yaradır. Təşkilatçıların dəvəti ilə dünyaca tanınmış qlobal biznes eksperti, məruzəçi, isveçli iqtisadçı, futuroloq və beynəlxalq “bestseller” kitabların müəllifi Kyel A. Nordström 30-cu Yubiley Bakı Enerji Forumunda iştirak edəcək. İyunun 4-də Bakı Konqres Mərkəzində tanınmış məruzəçinin xüsusi çıxışı olacaq. Müasir dövrün ən parlaq mütəfəkkirlərindən biri olan Nordström Azərbaycanda ilk dəfə olaraq qlobal iqtisadiyyatın gələcəyi, enerji bazarlarının transformasiyası və oyun qaydalarını dəyişəcək innovasiyalarla bağlı fikirlərini bölüşəcək.
Gələcəyi proqnozlaşdırmaq kimi unikal bir bacarığı ilə seçilən Kjell A.Nordström dünyanın ən sevilən və tələb olunan natiqlərindən biridir. Transmilli təşkilatlar üzrə ekspert olan Nordström 1990-cı illərdən bəri şirkətlərin, hətta bütöv cəmiyyətlərin inkişaf və böhran dövrlərindən uğurla çıxmasına yardım edib. Onun peşəkarlığı, detallara iti baxışı və dərin təcrübəsi çıxışlarını təsirli edir və auditoriyasında demək olar ki, heç kəsi laqeyd buraxmır.
Nordströmün Bakı Enerji Forumunda çıxış etdiyi sessiya gələcəyin iqtisadiyyatı, yeni yanaşmalar və enerji sahəsində qlobal tendensiyalara həsr olunmuş maraqlı bir diskussiya olacaq. Bu sadəcə bir çıxış deyil, eyni zamanda, artıq bu gündən fəaliyyətə ilham verən ideyalarla dolu unikal bir görüşə çevriləcək.
Ekoloji problemlər və bu problemlərin Yer kürəsi üçün yaratdığı təhlükələr, onların qarşısının alınması yolları, eləcə də yaşıl enerji kimi mövzular Bakı Enerji Həftəsi çərçivəsində keçirilən tədbirlər proqramında xüsusi yer tutacaq. Artıq bir neçə ildir ki, forum çərçivəsində tullantıların qarşısının alınmasına yönəlmiş prinsiplər toplusu olan “Zero Waste” layihəsi həyata keçirilir. Bu layihənin məqsədi ekoloji cəhətdən düzgün həllərin praktiki tətbiqi, o cümlədən tədbirlər zamanı karbon izinin və tullantıların azaldılmasıdır. Ötən illərdə olduğu kimi, bu il də Bakı Enerji Forumu zamanı çap vasitələrindən istifadə minimum səviyyəyə qədər azaldılaraq, əsasən elektron vasitələrə üstünlük veriləcək. Beynəlxalq “Zero Food Waste” təşəbbüsünü dəstəkləyərək, forum zamanı qidadan optimal istifadə prinsipi də tətbiq ediləcək.
Forumun keçirildiyi məkan da təsadüfi seçilməyib. Tədbirin keçiriləcəyi Bakı Konqres Mərkəzi ekoloji konsepsiya əsasında inşa edilib. Belə ki, mərkəzin damında quraşdırılmış günəş enerjisi panelləri vasitəsilə kifayət qədər enerji toplanması sayəsində enerji istehlakına sərf olunan xərclər azaldılır.
Ənənəvi olaraq, Bakı Enerji Həftəsi çərçivəsində baş tutacaq tədbirlər zamanı ikitərəfli işgüzar görüşlər (B2B və B2G) keçiriləcək. Burada yerli və xarici şirkətlərin nümayəndələri üzbəüz formatda əməkdaşlıq və gələcək tərəfdaşlıq yollarını müzakirə edə biləcəklər. Müxtəlif dövlət qurumları və beynəlxalq şirkətlərin təmsilçiləri üçün ayrıca görüş otaqları təşkil olunacaq. Forum çərçivəsində sponsor qismində çıxış edən “INTI” tərəfindən “INTI Texnologiya Günü” adlı seminar keçiriləcək və bu seminara giriş sərbəstdir.