Modern.az

Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı növbəti açıq müsabiqə elan edilir

Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı növbəti açıq müsabiqə elan edilir

Təhsil

15 Fevral 2014, 10:17


Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından Modern.az-a verilən məlumata görə, Ədliyyə Nazirliyinin kadr korpusunun layiqli gənc mütəxəssislərlə komplektləşdirilməsi istiqamətində mütəşəkkil qaydada işlər davam etdirilir. Müsabiqə Komissiyası hazırda onuncu müsabiqə üzrə test imtahanında uğur qazanmış namizədlərlə fərdi qaydada söhbət keçirməklə yanaşı növbəti açıq müsabiqə elan edir. Nazirliyin icra xidmətində, regional ədliyyə və qeydiyyat şöbələrində, həmçinin digər ədliyyə sahələrində olan vakant vəzifələrdə çalışmaq üçün "Ədliyyə orqanlarında qulluq keçmə haqqında" Qanunun tələblərinə cavab verən ali hüquq təhsilli Azərbaycan Respublikası vətəndaşları müsabiqəyə dəvət olunur.

Müsabiqənin birinci mərhələsində - test imtahanında iştirak etmək arzusunda olanların yalnız müvafiq formada ərizə ilə müraciət etməsi kifayətdir (ərizə formasını Ədliyyə Nazirliyinin internet səhifəsindən və ya nazirliyin aparatından - Bakı şəhəri, İnşaatçılar prospekti, 1 ünvanından götürmək mümkündür). Qaydalara əsasən test imtahanından uğur qazanmış namizədlərin digər sənədlərinin toplanması və yoxlanılması bu mərhələdən sonra həyata keçiriləcək və qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab verən şəxslər ikinci mərhələyə - söhbətə buraxılacaqlar. Müsabiqədə iştirak etmək üçün ərizələr 2014-cü ilin fevral ayının 15-dən etibarən yuxarıda göstərilən ünvanda qəbul olunur (əlavə məlumat internet səhifəsi və ya 538-01-62, 538-08-15 nömrəli telefonlar vasitəsilə almaq olar).

Hazırkı müsabiqədə iştirak edən hüquqşünaslar üçün də test imtahanına və söhbət mərhələsinə mükəmməl hazırlaşmalarına və yüksək nəticələr əldə etmələrinə köməklik məqsədilə Müsabiqə Komissiyası Ədliyyə Akademiyasında müvafiq hazırlıq kursunun təşkilini nəzərdə tutub. Test imtahanının və hazırlıq kursunun vaxtı və yeri barədə əlavə məlumat veriləcək.

 

 

Modern.az  
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU