Azərbaycanda radikal dini sekta nümayəndələrinin aktivliyini təsdiqləyən faktlardan biri də vətəndaşlarımızın Suriyadan gələn qara xəbərləridir.
Əslində SSRİ-nin dağılmasından sonra Azərbaycana idxal olunan ifrat təmayüllü dini və ya təriqətçilik ideyalarının təhlükəli tendensiya həddinə yüksəlməsi də zaman-zaman müzakirəyə çıxarılıb. Bu təhlükə Suriya məsələsində (söhbət Suriyada gedən vətəndaş müharibəsində tərəf kimi iştirak edən Azərbaycan vətəndaşlarından gedir) daha qabarıq şəkildə özünü göstərdi. Ancaq məsələni təkcə Suriya ilə məhdudlaşdırmaq da düzgün deyil. Çünki bu vaxta qədər də dini qruplaşmaların ölkədə təxribat yaratmaq, dövlət çevrilişlərinə hesablanmış addımları barədə hüquq-mühafizə orqanlarının açıqlamaları olub.
Radikal vəhhabi (onlar özlərinə “sələfi” deyirlər), nurçu, siyasiləşmiş şiəlik cərəyanlarının Azərbaycanda şəriət dövləti yaratmağı qarşılarına məqsəd qoyduqları haqda müzakirələr davamlı olaraq təkrarlanıb.
Hətta Azərbaycanda “Əl-Qaidə” və “Hizbullah” kimi terrorçu qruplaşmaların özəklərinin olması barədə iddialar da səsləndirənlər az deyil.
Burada ən əsas məqamlardan biri radikal qrupların cəmiyyətdə doğurduğu reaksiyalardır. Daha doğrusu, cəmiyyətin bu dini kəsimləri necə qəbul etməsi maraq doğurur.
Cəmiyyətin dindar kəsimi və radikal dini qruplar
Azərbaycan dünyəvi dövlət olduğundan Konstitusiyaya görə hər kəsin istədiyi dinə etiqad etmək hüququ var. Ancaq istisnalar da mövcuddur. Belə ki, insan ləyaqətini alçaldan, sülhpərvərlik və insanlıq əleyhinə yönələn dini ideyaların təbliği və yayılması qanunla qadağan edilir (Konstitusiyanın 18-ci maddəsi).
Məhz Azərbaycan ictimaiyyətinin böyük bir hissəsi Ana Yasamızın tələbləri çərçivəsində dini baxışlarını ifadə edir. Lakin bu, cəmiyyətin müəyyən qisminin radikal dini qruplaşmalara qoşulması proseslərinə də əngəl ola bilmir. Təxribatçı fəaliyyətlərə cəlb olunan Azərbaycan insanı tərkibində olduğu və ya təmsil etdiyi cərəyanın ideyalarını reklam edir və az qala hamını onlar kimi olmağa çağırırlar.
Konstruktiv dindar kəsim, yalnız öz ibadəti ilə məşğul olub, dinə baxışlarını cəmiyyət içərisinə daşımayan və ya hər hansı məqsəd güdmədən dini baxışlarını dar çərçivədə təbliğ edən vətəndaşlarımız da əslində “əqidə yoldaşları”nın fikirlərini bölüşmürlər.
Bir sözlə, Azərbaycan toplumu radikal dini qrupların “şəriət dövlətləri” nə qarşıdır. Ən azından sosial şəbəkələrdə, videolarda, televiziya kanallarında şəriət dövlətlərində hökm sürən vəhşi qayda-qanunları görənlər heç vaxt “Əl-Qaidə” və ya “Hizbullah” özəklərinin Azərbaycanda fəallaşmasını istəməz.
Amma Azərbaycan təkcə yuxarıda sadaladığımız qruplardan ibarət deyil. Ölkədə ateistlər, dini tənqid mövqeyi seçən vətəndaşlar da var. Bundan əlavə liberallar, sağçılar, kommunistlər, sosial-demokratlar da radikal dindar qrupların fəallaşmasından haqlı olaraq narahatlıqlarını bildirirlər. Yalnız İranın, Səudiyyə Ərəbistanının himayə etdiyi qruplar bəzi vətəndaşları öz tərəflərinə çəkə bilib “beyinlərini yeyirlər”. Ancaq bir neçə nəfərin timsalındakı bu amil heç vaxt Azərbaycan cəmiyyətinin teokratik quruluşa hazır olduğu anlamına gələ bilməz. Azərbaycan insanı nə İranın qatı şiəlik ideyalarını qəbul edir, nə də vəhhabilərin təxribatına uymaq kimi bir addımı alqışlayır.
Dövlətin güc strukturlarının vaxtında apardığı əməliyyatlar da radikal dini qruplaşmaların ideyalarının yayılmasının qarşısının alınmasında aparıcı rol oynayıb.
Açığını demək lazımdır ki, 70 illik sovet rejimində yaşamış Azərbaycan xalıq bu gün ümumilikdə dini kəsimlə razılaşa bilmir, ya da bəzi hallarda rəğbət bəsləmir.
Azərbaycanda gerçək möminlər göründüyü qədər də çox deyil.
Buna görə də Azərbaycan cəmiyyəti hələ də şəriət qaydalarının bərqərar olmasına qarşıdır. Bununla yanaşı, dindar kəsimin inancına hörmət etməklə, onların dini hökümlərinə birmənalı münasibət də göstərilmir. Azərbaycan toplumu radikal dini qruplaşmaları isə qəti şəkildə rədd edir.
Aqşin Kərimov