Azərbaycanda insanların gəlir mənbələri müxtəlifdir və bu mənbələr onların yaşadığı əraziyə görə ciddi şəkildə fərqlənir. Modern.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata əsasən, şəhərlə kənd arasında gəlir strukturu baxımından əhəmiyyətli fərqlər var.
Ölkə üzrə ümumi gəlirlərin ən böyük hissəsi – 37,6 faizi muzdlu işdən, yəni maaşdan əldə olunur. Lakin bu göstərici şəhərlərdə 45,8 faiz, kəndlərdə 26,9 faizdir. Şəhərlərdə insanlar daha çox rəsmi işlərdə çalışır, kənd əhalisi isə əsasən qeyri-formal və ya fərdi məşğulluqla dolanır.
Kənd yerlərində yaşayan əhali daha çox özünüməşğulluq yolu ilə gəlir əldə edir. Ümumilikdə ölkə üzrə özünüməşğulluqdan gəlir 32,7 faiz təşkil edir. Şəhərlərdə bu rəqəm 24,4 faiz olduğu halda, kəndlərdə 43,5 faizə çatır.
Kənd təsərrüfatı məhsullarının satışından gələn vəsait də kəndlər üçün mühüm gəlir mənbəyidir. Bu göstərici kənd əhalisinin ümumi gəlirinin 21,4 faizi qədərdir. Şəhərlərdə bu göstərici cəmi 1,9 faizdir.
Əmlakdan – məsələn, ev və ya obyekt kirayəsindən gələn gəlirlər Azərbaycanda çox az paya malikdir. Bu cür gəlirlər ümumilikdə cəmi 0,4 faiz təşkil edir və şəhərlə kənd arasında ciddi fərq müşahidə olunmur.
Əhalinin gəlirlərinin bir hissəsi də dövlətdən və ya başqalarından aldıqları vəsaitlərdir. Buraya pensiyalar, sosial müavinətlər və digər yardımlar daxildir. Ümumilikdə bu növ gəlirlər əhalinin ümumi gəlirinin 20,1 faizi qədərdir.
Pensiyalar şəhərlərdə daha çox – 17,8 faiz, kəndlərdə isə 15,9 faiz təşkil edir. Maraqlıdır ki, sosial müavinətlər kəndlərdə (4 faiz), şəhərlərlə müqayisədə (2,2 faiz) daha yüksəkdir.
Kənd yerlərində yaşayanların bir qismi dolanışıq üçün xaricə üz tutur. Statistikaya görə, xaricdən göndərilən pul vəsaitləri ümumi gəlirin 1,7 faizini təşkil edir. Lakin kəndlərdə bu göstərici bir qədər yüksəkdir – 2 faiz. Ölkə daxilindəki digər ailələrdən alınan pullar isə 7,5 faizlik paya malikdir.