Bu gün “Şərq” qəzetinin baş redaktoru, mətbuat tarixi üzrə araşdırmaçı Akif Aşırlının 45 yaşı tamam olur. Uzun müddətdir ki, jurnalistika sahəsində çalışan Aşırlı həm də Azərbaycan mətbaut tarixini iki cilddə sistemləşdirən ilk araşdırmaçıdır.
Modern.az saytı 45 yaşı tamam olan baş redaktorun doğum günü təəssüratı və gələcək fəalliyyəti barədə açıqlamasını sizlərə təqdim edir:
“45 yaşım tamam oldu. Artıq hiss edirəm ki qocalıram. Əvvəlki halımdan əsər-əlamət qalmayıb. Problemləri çox sakit və rahat şəkildə həll etməyə çalışıram. Hazırda əsas işim “Şərq” qəzetinin fəalliyyətini həyata keçirməkdi. Bilirsiniz ki, indi çap mətbuatının xeyli problemləri var və biz də çalışırq ki, o problemləri həll edək.
“Şərq” qəzetinin əməkdaşlarının çoxu gənclərdən təşkil olunub. Məqsədimiz də həmin gənclərə nəyisə öyrətmək, mətbuata töhfə verməkdir.
Hazırda Əli bəy Hüseynzadəyə aid “Turan elçisi” adlı bir kitabı bitirmək üzrəyəm. Onun təkcə Azərbaycan deyil, bütün türk dünyası ilə əlaqələri fəaliyyəti barədə bir kitab yazıram. Gələn həftənin axırlarına kitab bitməlidir. Əli bəy Hüseynzadənin dili qəliz, fikirləri çox dərin fəlsəfi yükə sahib olduğundan, o, bizim cəmiyyyətə tanış olduğu qədər də naməlumdur. Ona görə də Əli bəy Hüseynzadənin kitabını daha asan, daha anlaşıqlı şəkildə hazırlamaq qərarına gəldim. Bundan əlavə, mühacirət mətbuat tariximizə aid iş görürəm. Artıq əlimdə bir xeyli materiallarım var.
Özümlə bağlı bir də onu deyə bilərəm ki, bu il elmi işimi müdafiə etməliyəm”.
Elmin Nuri