2025-ci ilin yanvar-iyun aylarında İrəvandan Bakıya və əks istiqamətdə iki dövlət reysi yerinə yetirilib.
Modern.az xəbər verir ki, bu barədə "Sputnik Ermənistan"a Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyindən bildirilib.
"Bu il İrəvan-Bakı marşrutu üzrə bir, əks istiqamətdə isə bir reys həyata keçirilib. Hər iki halda təyyarədə xarici dövlətlərin rəsmiləri olub", - nazirlikdən bildiriblər.
Qeyd edilib ki, dövlət uçuşlarına icazə Ermənistan Xarici İşlər Nazirliyi tərəfindən verildiyi üçün əlavə məlumatı yoxdur.
Əvvəllər bildirilmişdi ki, 2020-ci ildən etibarən İrəvan-Bakı-İrəvan marşrutu üzrə aviadaşımalar yalnız beynəlxalq nümayəndə heyətlərinin daşınması üçün dövlət reysləri formatında həyata keçirilir. "Sputnik Ermənistan" xəbər verir ki, marşrut açılandan indiyədək 68 belə uçuş həyata keçirilib.
O da məlumdur ki, İrəvan-Bakı marşrutu üzrə uçuşlar iki trayektoriya üzrə həyata keçirilir.