İranın ali lideri Ayətullah Əli Xamenei ABŞ-ın nüvə təklifini rədd edib.
Moderna.z xəbər verir ki, məlumatı İranın "Mehr" agentliyi yayıb.
İranın ali rəhbəri ABŞ-ın təklifini milli suverenliyə təhlükə adlandırıb və İranın uranı zənginləşdirməyə davam edəcəyini vurğulayıb.
"ABŞ-nin birinci tələbi odur ki, İranın nüvə sənayesi olmasın. Amerikanın absurd iddialarına cavabımız aydındır: onlar bununla bağlı heç nə edə bilməzlər. Nüvə sənayesi bizim ana sənayemizdir. Atom sənayesi bir çox elmi sahələrə təsir göstərir. Uran zənginləşdirilməsi nüvə məsələsinin açarıdır və düşmənlərin diqqəti zənginləşdirməyə yönəlib".
ABŞ prezidenti Donald Tramp bəyan edib ki, Vaşinqtonun İranla mümkün razılaşması heç bir şəkildə uranın zənginləşdirilməsini nəzərdə tutmur. ABŞ prezidenti belə bir bəyanatla Vaşinqtonun təklifinin Tehrana məhdud zənginləşdirmə aparmasına imkan verdiyi barədə geniş yayılmış xəbərlərdən sonra çıxış edib.
Xatırladaq ki, İran və ABŞ Omanın vasitəçiliyi ilə İranın nüvə problemi ilə bağlı beş raund danışıqlar aparıb. Sonuncu mayın 23-də Romada baş tutub. Danışıqlardan sonra xarici işlər naziri Abbas Arakçi bəyan edib ki, Omanın təklif etdiyi mexanizmlər danışıqlarda irəliləyişə maneələrin aradan qaldırılmasına kömək edə bilər.
Eyni zamanda, beşinci raunddan əvvəl tərəflər arasında ziddiyyətlər daha da kəskinləşmişdi. Danışıqlardan əvvəl ABŞ İrandan uranın zənginləşdirilməsindən imtina etməsini tələb etmişdi, lakin İran tərəfi bu tələbi rədd edərək bildirmişdi ki, ABŞ Tehranın zənginləşdirmə texnologiyasından imtinasında israr etsə, tərəflər razılığa gələ bilməyəcək.