Modern.az

“Litva ilə Azərbaycanın əlaqələri yüksək səviyyədədir” - DEPUTAT

“Litva ilə Azərbaycanın əlaqələri yüksək səviyyədədir” - DEPUTAT

Təhsil

16 Fevral 2014, 17:10

“Azərbaycan Respublikasının müstəqilliyini ilk tanıyan dövlətlərdən biri Litvadır. Azərbaycanla Litva arasında ənənəvi döstluq əlaqələrinin inkişafı və möhkəmlənməsi iki ölkənin marağındadır".

Bu sözləri Azərbaycan-Litva parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri, deputat Fuad Muradov 16 fevral- Litvanın Müstəqillik Günü ilə bağlı təbrikində qeyd edib.

  Deputat qeyd edib ki,  Azərbaycan və Litva iqtisadi əlaqələrin genişləndirilməsinə, kapital qoyuluşuna və müxtəlif iqtisadi və humanitar sahədə birgə layihələrin həyata keçirilməsinə xüsusi əhəmiyyət verir.

“Bu əlaqələrin inkişafında da təbii ki, iki ölkə başçılarının rəsmi və işgüzar səfərləri mühüm əhəmiyyət daşıyır”-deyə 2007-ci il sentyabr ayının 13-də Azərbaycan Prezidenti İlham Əliyevin Litvaya rəsmi səfərini xatırladan F.Muradov vurğulayıb. Onun sözlərinə görə, həmin səfər  çərçivəsində iki ölkə arasında imzalanan  birgə bəyannamə bu baxımdan əlaqələrin inkişafında mühüm töhfələrini verir.    

İki ölkə parlamentləri arasında yüksək səviyyəli əlaqələrin olduğunu deyən deputat vurğulayıb ki, azərbaycanlı və litvalı deputatların qarşılıqlı görüşləri  bu əməkdaşlıqın bariz nümunələrindən hesab oluna bilər.  

İşçi qrupunun rəhbəri qeyd edib ki, Azərbaycanla Litva arasında yalnız ikitərəfli deyil, həmçinin BMT, ATƏT, Avropa Şurası və digər beynəlxalq təşkilatlar, eləcə də regional təşkilatlar  çərçivəsində çoxtərəfli qarşılıqlı faydalı əməkdaşlıq da mövcuddur.

“Azərbaycan Avropa  İttifaqının “Şərq Tərəfdaşlığı” Proqramı çərçivəsində də Litva ilə sıx əməkdaşlıq edir. Bu proqram çərçivəsində qanunvericilik bazasını təkmilləşdirir, Avropa standartlarına uyğunlaşdırır. Litva parlamenti ilə “Tvinninq” layihəsi çərçivəsində həyata keçirilmiş əməkdaşlıq bu baxımdan xüsusi əhəmiyyətə malikdir”.

F.Muradovu sözlərinə görə, Litva Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində sülh yolu ilə həll edilməsinin tərəfdarıdır. Rəsmi Vilnüs  Cənubi Qafqazda dondurulmuş münaqişələrin bu regionun inkişafına mane olduğunu anlayır. Litva ATƏT-də sədrlik edən dövrdə Cənubi Qafqaz regionunda münaqişələrin tənzimlənməsinə köməyini göstərib.

Litva dövləti Azərbaycanla ticarət və iqtisadi əməkdaşlığını inkişaf etdirir və investisiyaların təşviqi də daxil olmaqla bütün növ biznes fəaliyyətləri üçün əlverişli şəraitləri təmin etməkdə maraqlı olduğunu bəyan edib.
“Əlaqələrin inkişafı ətraf mühitin mühafizəsi sahəsində, gənclər və tələbələr mübadiləsi, kütləvi informasiya vasitələri, mədəniyyət, elm, təhsil, səhiyyə və sosial müdafiə sahələrini də əhatə edir”-deyə F.Muradov bildirib.

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU