"İnsanlar öz doğma ocaqlarına başqa necə bağlana bilər ki… Sosial-mədəni mühit olmasa, "hamınız kəndə, rayona qayıdın" demək içiboş şüardan başqa bir şeyə yaramaz".
Modern.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Fazil Mustafa insanların paytaxtdan regionlara qayıdışına nail olmaq üçün həmkarı Zahid Orucun irəli sürdüyü təklifə münasibət bildirərkən deyib. O, Zahid Orucun təklifini dəstəkləyib:
"Yalnız Qarabağa qayıdış yetərli deyil, bütün Azərbaycana qayıdış baş verməlidir. Millət vəkili Zahid Oruc deyib ki, regionlarda komunal xərcləri üç dəfə azaltmalıyıq ki, insanlar Bakıdakı sıxlıqdan qurtulub rayonlara dönsünlər. Dəstəkləyirəm. Bunu zəruri bir strategiya kimi işləyib gerçəkləşdirməliyik!"
Xatırladaq ki, Milli Məclisin komitə sədri Zahid Oruc dünən parlamentdəki ictimai dinləmədə sərhədyanı kəndlərdə elektrik və qaz tariflərinin 3 dəfə azaldılması təklif edib. O, bunun əhalinin paytaxta axının qarşısı almağa, kəndlərə böyük qayıdışı təmin etməyə kömək edəcəyini bildirib:
"Bakının 2040-cı il Baş planında demoqrafik vəziyyətlə bağlı göstərilir ki, əhalinin sayı 15 il sonra paytaxtda 3.17 milyon nəfər olacaq...
...Biz təklif edirik ki, əhalinin paytaxta axının qarşısı almaq, kəndlərə böyük qayıdışı təmin etmək üçün bütün sərhədyanı ərazilərdə elektrik və qaz tariflərini 3 dəfə azaldaq".
A.Qorxmaz