Modern.az

Razi Nurullayev: “AXCP Cəmil Həsənliyə kart-blanş vermişdi ki, istədiyini etsin” - MÜSAHİBƏ

Razi Nurullayev: “AXCP Cəmil Həsənliyə kart-blanş vermişdi ki, istədiyini etsin” - MÜSAHİBƏ

17 Fevral 2014, 11:23

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Razi Nurullayevin Modern.az-a müsahibəsi: 

- Xeyli vaxtdır siyasi arenada görünməməyinizin səbəbi nədir? 

- Görünməməyimin səbəbi sağlamlıq durumumla bağlı idi. İndi hər şey yaxşıdır. Martdan gec olmaraq, fəaliyyətimi bərpa etmək niyyətindəyəm. 

- Ölkədə seçkidən sonrakı ictimai-siyasi durumu necə qiymətləndirirsiniz? 

- Əvvəlki illərlə müqayisə etsək, dəyişikliklə bağlı danışmaq tez olar. İstənilən halda, əvvəlki illərə nisbətən siyasi fəallıq əmələ gəlmişdi. Düzdür, prezident seçkisindən sonra siyasi fəallıq bir qədər səngiyib, amma 2013-cü ilə qədər olan dövrdə kifayət qədər siyasi fəallıq olmuşdu. Əlbəttə, o siyasi fəallığı da 2005, 2003, 2000-ci ilə  qədər olan illərlə də müqayisə etmək olmaz. Çünki o dərəcədə aktivlik yox idi. Amma  2010-cu ilin sonlarında başlayan ərəb inqilabları ilə Azərbaycanda da müəyyən siyasi aktivlik başlandı. Belə deyək, bu müddət ərzində müxalifət xalqla təmas qura bildi. Siyasi fəallığın aşağı düşməsinin səbəbi Milli Şurada baş verən proseslər oldu. Amma məsələni tam buna bağlamaq olmaz. Azərbaycanda siyasi fəaliyyətlə məşğul olmaq üçün ciddi meydan yoxdur. Ciddi meydana inanıb, siyasi fəaliyyət göstərib nəyəsə nail olmaq da qeyri-real görünür. Bütün bunlara baxmayaraq, partiyalar var, onlar fəaliyyətlərini davam etdirirlər. Xalqın təzyiqi olarsa, siyasi aktivlik arta bilər. Azərbaycanda və dünyada siyasi aktivlik yüksələn xətlə gedəcək. 2005-2010-cu illər ərzində dünya siyasətində durğunluq dövrü oldu. Bu durğunluq artıq arxada qalıb. Dünyada baş verən siyasi proseslərin Azərbaycana təsir göstərməsi də realdır. 

- Müxalifət partiyalarının əksəriyyəti Milli Şuraya qoşuldu. Bəs niyə beynəlxalq dəstək ala bilmədi? 

- Beynəlxalq dəstək deyəndə, bəzən insanların gözünün qarşısına Ukrayna gəlir. Mənə elə gəlir ki, Azərbaycana qədər olan yolun üzərində Ukrayna, Gürcüstan var. Bu yolun üzərində həm də ərəb inqilablarından sonra dünyada yaranmış geosiyasi vəziyyətin yoluna qoyulması problemi mövcuddur. Digər bir məsələ isə hələ də dünya ictimaiyyətinin və Avropa Birliyinin Azərbaycanda tədricən islahatların keçirilməsi və demokratikləşmənin baş verməsi ümidi dayanır. Bunlar olmayana qədər Ukraynaya verilən dəstəyin Azərbaycana da verilməsi real görünmür. Çünki Azərbaycan birmənalı olaraq, dünya ictimaiyyəti ilə əməkdaşlıqdan imtina etməyib. Beynəlxalq aləm Azərbaycana kifayət qədər dəstək göstərib. Heç bir ölkə Azərbaycana gəlib xalqın, siyasi partiyaların yerinə dəyişiliklik etməyəcək. Bu, mümkün deyil. Xalq dəyişikliyi tələb etməlidir, siyasi partiyalar da xalqın önündə getməlidir. Bu güc olandan sonra “ərb də dəstək göstərə bilər. Bu gün o ciddi siyasi fəallıq yoxdursa, beynəlxalq aləmin də birmənalı olaraq hansısa liderə dəstək olması real görünmür. Bunun üçün ölkədə ciddi siyasi proses və onun önündə gedən siyasi lider olmalıdır. Azərbaycanda buna doğru addımlar atılır, amma real nəticə görünmür. 

- Cəmiyyət niyə siyasi proseslərə biganədir? 

- Azərbaycanda siyasi məsələlərə biganəliyin bir neçə göstəriciləri var. Başlıcası, cəmiyyətdə ciddi inamsızlığın olmasıdır. İnsanlar gələcəyə inamlı deyil və Azərbaycanda seçkilər vasitəsilə dəyişikliyə nail olacaqlarına da inamlarını itiriblər. Təbii ki, xalqı buna görə qınamaq olmaz. İndiyə qədər keçirilən seçkilərdə - 2013-cü il seçkisi istisnadır, çünki bu seçkidə ciddi şəkildə xalqa “dəyişəcəyik”, “gəlirik” kimi vədlər verilmədi. AXCP sədri Əli Kərimli tərəfindən belə bir vəd səsləndirilməmişdi. Bunu tam məsuliyyətimlə deyirəm - “gəlirik”, “dəyişəcəyik” deyirdik, bu da xalqın inamını itirmişdi. İnamsızlığın olması birinci faktordur. İkinci faktor insanlara siyasi təzyiqin olmasıdır. Azərbaycanda insanlar siyasətə qoşulan zaman bir çox şeylərini itirməli olurlar. Üçüncü faktor isə Azərbaycanda orta biznes təbəqəsinin olmamasıdır. Yəni, tam müstəqil şəkildə pul qazanan, hakimiyyətdən asılı olmayan təbəqə yoxdur. Bu təbəqə varsa da özünü qorumağa çalışır. Orta biznes təbəqəsi olmayan cəmiyyətlərdə dəyişiklik çox ağrılı baş verir. Dördüncü faktor da siyasi proseslərə təsir edə biləcək, xalqın, liderlərin vahid güc kimi qəbul etdiyi siyasi liderin olmamasıdır. Bunun üçün bizim partiya çox ciddi çalışır. Burada söhbət təkcə Əli Kərimlidən getmir. AXCP Milli Şura səviyyəsində Cəmil Həsənlisinin lider kimi hamıdan öndə olmasına çalışdı. Deyək ki, buna müəyyən məqamda nail ola bildik. Bu prosesi ləngitməyə çalışan insanlar oldu. Bu gün Cəmil Həsənli lider kimi mövqeyini itirməyib, amma siyasi partiyalar və qüvvələr arasında həmin o mexanizm pozulub. 

- Milli Şuradakı istefalara münasibətiniz necədir? 

- İki aya yaxındır ki, Milli Şuranın sessiyalarına qatıla bilmirəm. Amma prosesləri mərbuatdan izləyirəm, daim analiz edirəm. Prosesi tam anlamaq üçün onun içində olmaq lazım deyil. Hesab edirəm ki, Milli Şura yaxşı format idi. İsətnilən halda ad hər şeyi həll etmir. Məzmun kifayət qədər uğurlu idi. Yenə də məsələnin kökündə dayanan problem oldu. Birincilik, kiminsə lider olması davasımı, yaxud boş səhrəda alma ağacı axtarmaqdanmı söhbət gedirdi? Belə bir situasiya yarandı. Bunun bütün məsuliyyətini siyasi liderlik funksiyasını üzərinə götürən xalqa vədlər verən şəxslər daşıyırlar. Milli Şuradan istefalar çox oldu. Cəmiyyətin Milli Şuraya ümidləri çox idi, müəyyən mənada bu ümidlər sarsıldı. Bunun fonunda AXCP və Müsavat arasında uzun sürən bir dartışma oldu, hər kəs nəyisə saxlamadan sözünü dedi. Bu da cəmiyyətə çox mənfi təsir göstərdi. Müəyyən insanlar var ki, haqlı tərəfin kim olduğunu müəyyən edə bilir. Amma çox insanlar üçün analiz aparmaq o qədər əhəmiyyətli deyil. Həmin insanlar xəbərin başlığını oxuyur və öz qənaətinə gəlir. Hansı onlayn medianın 100 min izləyicisi varsa, onun 80 mini başlıq oxuyanlardı. Yəni, o insanlar yazının içini oxumurlar. Onlar belə qənaətə gəlirlər ki, müxalifətdəkilər YAP-la mübarizə aparmaq əvəzinə bir-birlərilə mübarizə aparırlar. Bütün bunlara baxmayaraq, Milli Şura yaşayır, yaşamalıdır. Heç nəyin olmamasındansa, Milli Şuranın olması daha yaxşıdır. Qarşıdan bələdiyyə, parlament seçkiləri gəlir. Hesab edirəm ki, Milli Şura formatında seçkilərə qatılmaq heç də uğursuz variant deyil. Hazırda - prezident seçkisindən sonra siyasi proseslərdə geriyə getmə dövrü başlayıb, cəmiyyətdə bir süstlük yaranıb. Bunun da məsuliyyətini biz daşıyırıq. Bu durğunluğu aradan qaldırmaq üçün ciddi addımlar atılmalıdır. Çalışmalıyıq ki, xalqın qırılmış inamını qaytaraq. 

- Milli Şuranı tərk edən qüvvələr özünəməxsus arqumentlər gətirdilər. Bu arqumentlər bəhanə idi, yoxsa Milli Şurada çatışmayan nələrsə var idi? 

- Milli Şuranın daxili müzakirələrində partiya rəhbərləri iştirak ediblər. Desəm ki, gedən söhbətlərdən agah olmuşuq, yalan olar. Partiyanın İdarə Heyətində bu məsələləri müzakirə etmişik, amma pərdə arxasında danışılanlarla sessiyada danışılanlar arasında müəyyən fərqlər olur. Deyə bilmərəm ki, onlar bəhanə axtarıb və ya hansısa qüvvələrin təsiri ilə qurumu tərk ediblər. Bir quruma girmək üçün ciddi şəkildə düşünmək lazımdır. Milli Şura ilə bağlı ciddi düşünüldü, qurum yaranana qədər çox böyük bir proses getdi. Quruma daxil olduqdan sonra oranı tərk etmək düzgün deyil. İndiyə qədər xeyli qurum yaranıb, dağılıb. Biz bundan sonra xalqı necə günahlandıra bilərik ki, siyasi proseslərə dəstək vermirlər. Şəxsi qənaətim bundan ibarətdir, siyasi birliklər yaratmaq lazım deyil. Azərbaycan siyasətində, cəmiyyətində siyasi birliklər işləmir. Bu, təkcə siyasi partiyalara aid deyil, eyni zamanda qeyri-hökumət təşkilatları, vətəndaş cəmiyyətləri də koalisiyalarda birləşir, 1 ildən, maxsimum 2-3 ildən sonra dağılırlar və bir-birlərinə qarşı ittihamlar irəli sürürlər. Azərbaycandakı birliklərdə kimlərsə qurumdan çıxmaq istəyir, kimlərsə də, onu saxlamaq üçün mübarizə aparır. Yəni, əsas hədəfdən yayınaraq, biz gücümüzü ona yönəldirik. Baxın, seçidən sonra Müsavat Milli Şuranı tərk etmək istəyirdi, AXCP rəhbərliyi tam olaraq Müsavatı orada saxlamaq üçün bütün qüvvəsini sərf etdi. Sonra digərləri getmək istədi, onları saxlamaq üçün də çabalar göstərildi. Deməli, hansısa qurum yaradılırsa, bir müddətdən sonra növbəti seçkilərlə bağlı heç bir müzakirə aparılmır, partiyaların qurumu tərk etməməsi üçün çabalar göstərilir. Təbii ki, bu, uğur formulu deyil. Bu gün hədəf hakimiyyətə gəlməkdirsə, xalqın inamını qaytarmaqdırsa, indi müzakirə olunan məsələlər çox xırdadır. Biz o qədər xırda məsələrlə məşğul oluruq ki, böyük məsələlər yadımızdan çıxır. Bu məsələlər mənim üçün əhəmiyyətli deyil, ona görə də belə məsələlərdə tərəf ola bilmərəm. 

- İstefa verənlər Cəmil Həsənlini regionçuluqda və AXCP-yə tərəf olmaqda ittiham edirlər. Deyilənlər nə dərəcədə həqiqətəuyğundur? 

- Doğrusu, bunun şahidi olmamışam. Əvvəllər AXCP-nin İdarə Heyətində, Rəyasət Heyətində ağrılı müzakirələrimiz keçib. Orada partiyanın fəalları ciddi şəkildə iradlarını bildiriblər ki, Cəmil Həsənli AXCP-yə qarşı ayrı-seçkilik aparır. O, seçki kampaniyasında digər partiyaların təmsilçilərinə yer verirdi. Bu işlərdə AXCP ciddi şəkildə çalışmışdı. Cəbhəçi gənclər də narahat olurdular ki, onların adları çəkilmir. Cəmil Həsənli sədr aparatını təyin edəndə də AXCP üzvü təmsilçiliyə düşə bilmədi. AXCP rəhbərliyində təmsil olunan şəxslər Cəmil bəyi başa düşürdü. Bilirdik ki, onu AXCP-yə yaxın olmaqda günahlandırırlar. Buna görə də belə məsələlərə son qoymaq üçün bu addımları atırdı. Cəmil bəy bunu Milli Şuranın monolitliyinin qorunması üçün edirdi. Cəmil Həsənlinin AXCP-yə yaxın olmasına, regionçuluq mövqeyindən çıxış etməsinə inanmıram. AXCP Cəmil Həsənliyə kart-blanş vermişdi ki, istədiyini etsin. Çünki bizim iddiamız yox idi, çalışırdıq ki, monolitliyimiz qorunsun. Buna görə də mən bu iddialara qoşulmuram. Cəmil bəy seçkiyə qədər kifayət qədər dözümlülük göstərdi. Amma sonra bəzi məsələlərdə öz mövqeyini ortaya qoydu. Çünki o da insandır, onun da hissləri var.  

- Doğrudanmı, Rüstəm İbrahimbəyovu “rus projesi” adlandıranlar Milli Şura rəhbərliyində təmsil olunub? 

- Siyəsət elə bir meydandır ki, orada hər şeyi yüz faiz ürəyin istəyən kimi həll edə bilməzsən. Bəzən siyasi koalisiyalar yaranır, hətta elə olur ki, hakimiyyətin bölüşdürülməsi zamanı bir-birinə tam əks qütbdə dayanan qüvvələrlə razılığa gəlməli olursan. Düzdür, həmin hakimiyyətlər uzun yaşa bilmir. Amma böhrandan çıxmaq üçün 1-2 il bir yerdə fəaliyyət göstərməli olurlar. Bu, Türkiyənin, Almaniyanın, İngiltərənin tarixində olub. Ona görə də dünən kimsə Rüstəm İbrahimbəyovu “rus projesi” adlandırıbsa, bu gün orada təmsil oluna bilməz, kimsə mənə nə vaxtsa “pis adamsan” deyib, mən də onu dışlamalıyam kimi məsələləri qəbul etmirəm. Bəzən monolitliyin qorunması üçün qeyri-populyar addımlara da getməli olursan. Bunları da o cür qəbul edək. Meydan varsa, keçmiş məsələləri unutmaq lazımdır. Çünki başqa cür siyasət yürütmək olmaz. 

- Milli Şura yaranan gündən niyə strukturlaşa bilmədi? 

- Ümumiyyətlə, hansısa birliklər yaranan zaman komissiyaların, qurumların yaradılmasının tam əleyhinəyəm. Yadımdadır, Milli Şuranın bir neçə sessiyası komissiyaların yaradılmasına sərf olundu və bütün bunların hamısını mənasız fəaliyyət kimi dəyərləndirirəm. O sessiyada oturub, komissiyaların yaradılması səhnəsində itirdiyim vaxta heyfislənirəm. Seçkiyə hazırlaşmaq əvəzinə komissiyalarda kimin təmsil olunacağı, kimin sədr olması davası gedirdi. Bütün bunlar hər kəsi bezdirirdi. Bundan sonra da baş verəcəksə, yenə bezdirici olacaq. Komissiyalarin yaradılması vacibdir, amma hər bir fəaliyyəti bunun üzərində qurmaq, sessiyalara sərf etmək, insanları bezdirmək də düzgün deyil. Bu baxımdan strukturlaşdırma daha çox praktik aksiya yönümlü olmalıdır. Bu, praktik olaraq, gözlə görünə biləcək, insanlarda inam yarada biləcək böyük məsələlərə hesablanmalıdır. Böyük tədbirlər, konfranslar təşkil oluna bilər. Bu işlər görülməlidir ki, fəaliyyət hiss olunsun. Komissiyalar yaradılacaqsa, lazımsız bir sənədi hazırlayacaqlarsa, bunun heç bir əhəmiyyəti olmayacaq. 2005-2010-cu illərdə hazırlanan konsepsiyalar indi də keçərlidir, həmin dövrdən sonra Azərbaycanda heç nə dəyişməyib. sadəcə, həmin sənədlərin üzərində müəyyən dəyişiklik edilməlidir. İndi böyük çabalar göstərib, strukturlaşmağa isti yanaşmıram. Bu baxımdan Milli Şura güc olaraq meydana çıxıb. Qurumun güc olaraq meydana çıxmasını strukturlaşmada görmürəm. Qurum strukturlaşdıqca mürəkkəbləşir, iddialar çoxalır və siyasi iddialı şəxslərin də sayı çoxalır, hər kəs söz demək, öndə oturmaq istəyir, bunlar da problem yaradır. Azərbaycanda bu cür sistem işləmir, piramida işləyir. Yəni, vahidlik olmalıdır, vahid sədr, aparat də işləyir. Kənardan qeyri-demokratik görünə bilər. Bu da demokratik idarəçilik formasıdır. Amma tam oturuşmuş cəmiyyətlərdə bu cür strukturlaşma aparıla bilər. Azərbaycanda isə bu, alınmır. 

- Milli Şura parlament seçkilərinə qədər qala biləcəkmi? 

- Milli Şura çətin bir sınaqdan keçdi. Bilirsiz ki, Müsavat Partiyası Milli Şuradan ayrıldı. Müsavat da böyük güc idi, bu, Milli Şura üçün böyük itki oldu. Digər siyasi çəkisi olan insanların da bəziləri qurumdan getdi, bu da itki idi. Əlbəttə ki, onların getməsini istəməzdik. Bütün bunlara baxmayaraq, Milli Şura fəaliyyətini davam etdirdi. Əgər bu sınaqdan məhv olmamış çıxdısa və yaxın 2-3 ay ərzində də tab gətirib, güclənmə yolunu seçə biləcəksə, təbii ki, Milli Şura yaşayacaq. 

- Müxalifət parlament seçkilərinə hansı formatda getsə uğurlu olar?  

-Təbii ki, təkbaşına hakimiyyətə gəlmək mümkün olmur. Dünyada belə proseslər çox azdır. Deyək ki, Türkiyədə AKP artıq 2 dəfədir ki, hakimiyyətə təkbaşına gəlir. Təkbaşına hakimiyyətə gəlmək nə demokratik cəmiyyətlərdə, nə də avtoritar cəmiyyətlərdə mümkün olur. Azərbaycanda da öz gücünə hakimiyyətə gələcək qüvvə yoxdur. Ona görə də birliklər lazımdır. Seçkilərdə də müxalifətin müxtəlif namizədləri gedib səsləri parçalamaqdansa, birlik yaradıb namizədlər irəli sürmək daha yaxşıdır. Belə olan halda həm xalqın inamı qayıdar, həm də uğur qazanmaq mümkün olar. 

- Eynulla Fətullayevin bu günlərdə yaydığı siyahıda aparıcı müxalifət liderlərinin hakimiyyətə işlədiyi iddia olunur. Həmin siyahıda adı keçən şəxslərin əksəriyyəti oradakı faktları təkzib ediblər. Onlar Xədicə İsmayılı AXCP-yə tərəf olmaqda ittiham ediblər... 

- O siyahıda AXCP-nin ikinci adamının adı çəkilib. Nədən bu məsələni Cəbhəyə tərəf yönləndirmələrini başa düşə bilmirəm. O siyahıya sarkazmla yanaşıram. Siyahının üzərində ciddi təhlillərin aparılmasını ciddi qəbul etmirəm. Eynulla Fətullayev də həmişə insanların başını qatmağı sevir, bu dəfə də bacardı. Fətullayev sabah yazsa ki, müxalifət liderləri gizlincə ayda görüşüblər, bu, da ciddi müzakirə mövzusu olacaq. Bu baxımdan belə məsələlərə ciddi yanaşmıram. 

- Cəmiyyəti narahat edən məsələlərdən biri ölkədən Suriyaya döyüşməyə gedənlərdir. Sizcə, bunun kökündə nə dayanır? 

- Bunun kökündə ciddi bir problem axtarmaq lazım deyil. Suriyaya təkcə Azərbaycandan getmirlər, digər ölkələrdən də gedirlər. Burada əsas dini-etiqad məsələsidir. Bir çox insanlar siyasi qurumların təsiri altındadır, onların oxuduğu ədəbiyyat fərqlidir. Elə insanlar var ki, onlar öz varlıqlarından çox cənnət və cəhənnəmə inanırlar. Onların bəzilərinin Suriyaya getməsi inanclarından irəli gəlir. Amma bəziləri də müəyyən pul müqabilində gedirlər. Həmin insanların Suriyaya üz tutması Azərbaycanda siyasi proseslərdəki çatışmazlıqla bağlı deyil. Bu, təbii prosesin axarıdır. Amma insanların orada ölümü gözə almaları təhlükəli məsələdir. Bu gün hansısa insan Suriyaya gedib ölmək istəyirsə, o, sabah da Azərbaycanda bu addımı ata bilər. Bu, eyni zamanda Azərbaycanın terror təhlükəsi ilə üzləşməsinə rəvac verə bilər. Belə insanların meydana çıxması cəmiyyət üçün qorxuludur. 

- Ölkədə dəyişikliklər zamanı radikal dini qruplaşmalar önə keçə bilərmi? 

- Təbii ki, Azərbaycanda dini faktor mövcuddur. Dini faktorun da siyasiləşməsi göz önündədir. Hazırda bu, real olmasa da, amma gələcək aylar və illər üçün reallıq kifayət qədər güclənə-güclənə getməkdədir. Dinlə millətçiliyi eyniləşdirən insanların da sayı artır. Azərbaycanda siyasi fəaliyyət demokratik şəraitə uyğun olsaydı, bir neçə il ərzində ölkədə dini-siyasi cərəyanlar tam olaraq önə keçməyə problem görməzdilər. 

- Ötən ay Azərbaycan və Ermənistan xarici işlər nazirləri görüşdülər. İndi də prezidentlərin görüşü planlaşdırılır. Bu görüşlərin nəticəsi olaraq, Qarabağ məsələsi həll edilə bilərmi? 

- Təbii ki, Qarabağla bağlı müsbət nəticənin əldə edilməsinə inanmıram. Bu proses, artıq 1994-cü ildən davam edir. İndikindən daha münbit şəraitlərin olduğunu da bilirik. Bir neçə dəfə münbit şərait olub, hamısı fiaskoya uğrayıb. Ermənistan hələ də iddialarından kənara çəkilməyib. Həmsədr ölkələr Ermənistana təzyiq göstərmək iqtidarında deyillər. Bunu heç istəmirlər də. Həmişə məsuliyyət Ermənistan və Azərbaycanın üzərinə qoyulur. Ermənistan bu cür vəziyyəti saxlamağa çalışır. Nazirlər, prezidentlər səviyyəsində görüşlər keçirilir və bunun da nəticəsi olmur. Bu arada da hərbi ritorika hər iki tərəfdən davam edir. Belə bir şəraitdə böyük sülh müqaviləsinin imzalanmasını real görmürəm. Danışıqlardan ciddi nəticə gözləmirəm. Ermənistanın indiki prezidenti düşünür ki, sülh danışıqlarına gedərsə, 5 rayonun boşaldılması ilə bağlı razılaşarsa, ölkədəki siyasi güclər onun istefasını tələb edəcəklər. Yəni, Levon Ter- Petrosyanın taleyini o da yaşa bilər. Böyük sülh danışıqlarına nail olmaq üçün həm Azərbaycan, həm də Ermənistana ciddi siyasi zəmanətlər verilməlidir. Bu siyasi zəmanətlər olmayana qədər prezident öz hakimiyyətinə risk qataraq danışıqlara getməyəcək. Azərbaycan tərəfi torpaqların itirilməsi ilə razılaşa bilməz, çünki bu, YAP-ın nüfuzuna böyük zərbə vura bilər. Ermənistan tərəfi də torpaqları azad edərsə, bunun müqabilində ciddi siyasi divident qaza bilməzsə, hazırkı hakimiyyət gedə bilər. Real analiz edəndə bu danışıqların, sadəcə, danışıqlar üçün olduğu üzə çıxır. Ciddi nəticənin olacağı da mümkün deyil. Bu danışıqları diplomatik gediş, oxumaq üçün bir mövzu, həmsədrlərin yaxşı otellərdə qalması kimi dəyərləndirirəm.

- Qarabağ məsələsinin həllini Avrointeqrasiya və Gömrük İttifaqı fonunda necə görürsüz. Hansı ittifaq Qarabağın geri qaytarılması üçün səmərəli iş görə bilər? 

- Ukraynada baş verən prosesləri analiz edəndən sonra belə nəticəyə gəldim ki, bu qurumlar Qarabağ məsələsi üçün bir şey edə bilməzlər. Çünki Ukrayna Avropa Birliyindən pul tələb edirdi, amma Avropa bu pulu vermək istəmirdi. Yəni, Ukraynaya bu münasibətin göstərilməsi düzgün deyildi. Bu, prezident Yanukoviçə ciddi manipulyasiyalar etməyə əsaslar verirdi. Nəticədə Rusiya ilə 15 milyard dollarlıq müqavilə imzalandı və Ukrayna cəmiyyətinin ikiyə parçalanmasının əsasını qoydu. Stefan Füle Almaniyanın Münhen şəhərində keçirilən konfransda da bu məsələyə toxundu. Qeyd etdi ki, assosiativ üzvlük dövlətlərə o qədər də böyük vədlər vermir və həmin ölkələr gələcəkdə Avropa Birliyinin üzvlüyünə qəbul ediləcəyi deyil. Ukrayna kimi müharibə belə etməyə hazır olan ölkəyə heç bir imkan tanımayan Avropa Birliyi Dağlıq Qarabağ üçün nə edəcək? Hesab etmirəm, Birlik nəyinsə xatirinə Ermənistana təzyiq edərək, Qarabağı Azərbaycana qaytaracaq. Bu, gülməli məsələdir. Rusiyanın Qarabağı azad etməsi üçün Azərbaycanın Gömrük İttifaqına da qoşulması da düzgün addım olmazdı. Amma Rusiya Ermənistanı bir neçə rayon azad etməyə məcbur edə bilər. Bu da Azərbaycanı şirnikləndirmək üçün ola bilər. Avropa Birliyi Ermənistana hansı vasitə ilə təzyiq göstərə bilər? Bəs ABŞ Ermənistana təzyiq göstərmək istəyirmi? Xeyir. Bu baxımdan Azərbaycanın nə Avropa Birliyinə, nə də Gömrük İttifaqına qoşulması üçün Azərbaycana əsas görmürəm. Azərbaycan özü Qarabağı azad edə bilər. Bunun üçün güclü siyasi iradə lazımdır. Bunun da yolu Avropaya inteqrasiya olmalıdır. Azərbaycan kənarda nə demokratikləşə, nə azad bir cəmiyyətə çevrilə bilməz. Sonrakı dövrlərdə Avrasiya İttifaqı ilə də əməkdaşlıq edə bilməz. Bunlar bir-birinə mane olmamlıdır. Hesab etmirəm ki, Azərbaycan müxalifəti də Rusiyaya düşmən gözü ilə baxır. Biz hər bir məsələnin ölçülüb-biçilməsinin tərəfdarıyıq. Biz Avropaya inteqrasiyanı daha məqbul sayırıq. 

- Hakimiyyət nə zamana qədər bu ittifaqlardan kənarda dayana biləcək? 

- Bunu bir neçə il davam etdirə biləcək. Çünki Avropa İttifaqı və Rusiya Ukrayna cəbhəsində döyüşür. Artıq, bu döyüşə ABŞ da qoşulub. Növbəti cəbhənin Azərbaycanda açılması real görünmür. İlham Əliyev çıxışında da qeyd etdi ki, Avropa Birliyi ilə saziş imzalamaq fikri yoxdur. O, bunu açıq-aşkar bunu dedi. Bu da onu göstərir ki, növbəti Şərq Tərəfdaşlığı Sammitində bu müqavilədən imtina edəcək. Təbii ki, Avropa İttifaqı da geri çəkilmək fikrində deyil. Bu, Ukraynada özünü göstərdi. Yəqin ki, Azərbaycanla da bağlı analoju qərarlar qəbul oluna bilər. Ola bilər ki, Ukrayna məsələsi bitəndən sonra növbə Azərbaycana çatsın. Çünki Gürcüstan tərəfində problem yoxdur, məsələ həll olunub. Moldova ilə bağlı da problem yoxdur. Belarusun mövqeyi aydındır.  Ermənistanda mövqeyini aydınlaşdırdı. Bu isə onu deməyə əsas verir ki, Ukraynadan sonra növbə Azərbaycana çatacaq. 

İlkin PİRƏLİ

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi