Modern.az

Beynəlxalq təşkilatlarda ermənilər niyə üstünlük qazanır? - Deputatlarımız bununla razılaşmırlar

Beynəlxalq təşkilatlarda ermənilər niyə üstünlük qazanır? - Deputatlarımız bununla razılaşmırlar

Təhsil

17 Fevral 2014, 16:22


Azərbaycan müstəqillikdən sonra bir çox beynəlxalq təşkilatlarda təmsil olunur. Ermənistanın da təmsil olunduğu bu təşkilatlarda onların aktivliyi daha gözə çarpır. Son vaxtlar Azərbaycan parlament nümayəndələri müzakirələr zamanı erməni həmkarlarını susdurmağı bacarsalar da, bütün hallarda düşmən tərəf azərbaycanlı deputatlardan ən azı sayca üstün olur. Üstəlik, erməni parlamentariləri daha çox dilbilmə qabiliyyəti, natiqlik bacarığı ilə fərqlənməsi onların təsadüfi adamlar olmadığını isbatlayır. Odur ki, azərbaycanlı deputatlarla müqayisə apararkən isə tam fərqli mənzərə müşahidə olunur.

6 nəfərlə təmsil olunduğumuz Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatında (ATƏT) ölkəmizi təmsil edən Eldar İbrahimli Modern.az-a açıqlamasında bildirib ki, bütün dövlətlərdə olduğu kimi Azərbaycandan da seçilən nümayəndə heyəti kifayət qədər savadlı və təcrübəlidirlər. “Nümayəndə heyətimiz 6 nəfərdən ibarətdir. 3 əsas və 3 ehtiyat deputat. Ermənilərin nümayəndə heyəti isə 4 nəfərlə təmsil olunurlar. 3 nəfər əsas bir nəfər isə ehtiyat heyətidir. 1996-cı ildən bu təşkilatın üzvüyəm. Təbii ki, bu illər ərzində kifayət qədər təcrübə qazanmışam. Eləcə də digər həmkarlarım”.

Millət vəkili onu da bildirdi ki, çox təəssüflər olsun ki, ATƏT-in və digər beynəlxalq təşkilatların bir icraedici mexanizmi yoxdur ki, danışıqlarımızı nəzarətə götürüb onu icra etsinlər. “Biz danışırıq, onlar da danışır. Hesab edirəm ki, Azərbaycan nümayəndə heyəti ermənilərin nümayəndə heyətini susdurmaq imkanındadır. Müzakirələr aparanda, çıxışlar olanda fikir veririk ki, reaksiyalara baxırıq, ermənilər danışanda gülürlər, biz danışanda isə ciddi qulaq asırlar qeydlər aparırlar. Məsələn, Azərbaycan, Gürcüstan, Rusiya ilə sülh müqavilələri bağlayıblar, konvensiyalara qoşulublar, Ermənistan tərəfi isə bu konvensiyaya qoşulmayıb”.

Azərbaycan Avropa Şurası Parlament Assambleyasına 12 nəfər nümayəndə heyəti ilə təmsil olunur. AŞPA-nın Azərbaycan təmsilçilərindən biri millət vəkili Rövşən Rzayev sözügedən təşkilatda ermənilərin say tərkibi ilə azərbaycanlılardan 4 nəfər az olduğunu deyir. “Ermənistanın 8 nəfər nümayəndə heyəti ilə getdiyi AŞPA-da ermənilərin hər biri ayrı-ayrılıqda Azərbaycan nümayəndə heyətinin üzvlərindən zəifdirlər”. Deputat hesab edir ki, ermənilər digər dövlətlərdə erməni lobbiçiliyinin hesabına öz işlərini apara bilirlər. “Məsələn, AŞPA-da Ermənistan nümayəndə heyətinin bir dəfə də tutarlı fikir səsləndirdiyinin şahidi olmamışam. Amma eyni zamanda bəzi dövlətlərin deputatları kifayət qədər ermənilərin mövqeyinin dəstəkləyirlər. Bunların hamısının canlı şahidiyəm. O ki qaldı dil probleminə, məndən başqa AŞPA-nın Azərbaycan nümayəndə heyətinin hamısı ingiliscə sərbəst danışır. Mən də rusca təhsil aldığımdan bu dildə danışmaq mənə asandı, amma ingilis dilini də bilirəm”.

Rövşən Rzayev deyir ki, AVRONEST Parlament Assambleyası çərçivəsində ermənilərin heç bir uğuru olmayıb. Onun sözlərinə görə, onların bütün çıxışları da, böhtan, obyektivlikdən kənar fikirlər olub. “Avropa deputatlarından biri mənə deyir ki, siz niyə dialoqdan qaçırsınız. Ona başa saldım ki, dialoq Azərbaycan tərəfinin təşəbbüsüdür. Bax belə uydurma, yalanlar vasitəsilə öz işlərini görürlər. Bundan başqa, erməni lobbisinin güclü olduğu dövlətlərin deputatları tərəfindən dəstəklənən məsələlər var ortalıqda. Bütün bunlara baxmayaraq, BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü Azərbaycan seçilir. Azərbaycanın xarici siyasətinin gücü, uğuru ondan ibarətdir ki, bir belə təzyiqlərin qarşısında bu kimi uğurlar əldə edib. Vaxtilə BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi qəbul olunub və son iki ildə Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib. Budur, Azərbaycanın xarici siyasətinin uğurları. Eyni zamanda AŞPA-nın 25 yanvar 2005-ci il tarixində qəbul etdiyi 1416 nömrəli qətnamə var. Həmin qətnamədə Azərbaycanın ərazi bütövlüyünün bərpası və bu kimi məsələlər öz əksini tapıb. Sözügedən qətnamədə ədalətli mövqe AŞPA tərəfindən dəstəklənib, qəbul olunub və beynəlxalq hüquq çərçivəsində bütün məsələlərə qiymət verilib, aydınlıq gətirilib. Odur ki, ermənilərin beynəlxalq təşkilatlarda Azərbaycanlılardan daha fəal olmasını demək olmaz”.

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü Musa Quliyev də iradlarla razılaşmır. Millət vəkili parlamentarizmin ilk illərində, beynəlxalq təşkilatlara yeni qoşulanda hər hansı beynəlxalq təşkilatlarda ermənilərin əlaqələrinin Azərbaycandan daha güclü olmasını etiraf etsə də bu gün bunun mümkünsüz olduğunu deyir. Onun sözlərinə görə, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatında ölkələrin nümayəndə heyətinin say tərkibi həmin ölkənin əhalinin sayına görə müəyyənləşdirilir. Yəni bu təşkilatın nümayəndə heyətinin say tərkibi ilə bağlı kvota var. “Adından göründüyü kimi ölkələr arasında iqtisadi əməkdaşlığın təmin olunması, üzv ölkələr arasında iqtisadiyyat, nəqliyyat, mədəniyyət, ekologiya məsələlərində ümumi razılığa gəlinməsi üçün yaradılan təşkilatdır. Bu təşkilatda ölkələrin nümayəndə heyətinin say tərkibi əhalinin sayına görə müəyyən olunur. Məsələn burada bir limit var ki, 5 milyona qədər əhalisi olan ölkələrdə 4 nəfər deputatla, 10 milyon əhalisi olan ölkələr 5 deputatla təmsil olunur. Odur ki, Azərbaycanın 5, ermənilərin isə 4 deputatı təmsil olunurlar”.

M. Quliyev erməni deputatların hər hansı beynəlxalq təşkilatda Azərbaycan deputatlarından daha ağıllı, daha fəal, və ya daha çox kommunikabelli olması fikri ilə razılaşmır. Onun sözlərinə görə, Parlamentarizmin ilk illərində, Azərbaycanın beynəlxalq təşkilatlara yeni qoşulanda hər hansı beynəlxalq təşkilatlarda ermənilərin əlaqələri daha güclü ola bilərdi. Amma indi bunu demək olmaz. “Yəni erməni diasporlarının güclülüyü nəticəsində digər ölkələrin deputatlarına təsir edə bilirlər. Amma indi ermənilərin hər hansı beynəlxalq təşkilatda Azərbaycandan və azərbaycanlılardan üstün olması, Azərbaycanın müzakirə etdiyi məsələyə mane olması faktı yoxdur. Əksinə, ermənilərin təcavüzkar dövlət olmaları və Azərbaycan torpaqlarını işğal etmələri, ermənilərin Qafqazda sülhə ciddi maneə olmasını və terrorçuluqla məşğul olmalarını dəfələrlə qaldırmışıq. Ona görə də ermənilərin hər hansı üstünlüyündən söz gedə bilməz”.

Gültəkin ƏLƏSGƏR

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU