Heydər Əliyev Fondunun vitse-prezidenti, Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci il mayın 8-də elan edilən "Xocalıya ədalət!" Beynəlxalq təbliğat və məlumatlandırma kampaniyası davam edir. "Xocalıya ədalət!" əslində "Azərbaycana ədalət!" deməkdir. Bu kampaniyaya qoşulmaq isə Vətənini, xalqını sevən hər bir azərbaycanlının borcudur.
Yazıçı-publisist, əməkdar jurnalist Vasif Səmədov və tanınmış alim Rövşən Vəlizadənin bu yaxınlarda çapdan çıxmış "Leyla Əliyeva: "Xocalıya ədalət!" (Beynəlxalq erməni terroruna qarşı yeni strateji model)" ikicildliyi müəlliflərin gərgin araşdırmaları, yorulmadan apardıqları tədqiqatlar nəticəsində ərsəyə gələn dəyərli mənbədir.
Modern.az saytı AzərTAc-a istinadən xəbər verir ki, "CBS Polyqrafic production" nəşriyyatında nəfis tərtibatla çapdan çıxmış bu kitablar hazırlanarkən Respublika Baş Prokurorluğunun, Milli Təhlükəsizlik və Daxili İşlər nazirliklərinin birgə yaratdıqları istintaq qrupunun materiallarından və AzərTAc-ın fotoarxivindəki şəkillərdən istifadə edilib.
Kitablar "Xocalıya ədalət!" Beynəlxalq təbliğat və məlumatlandırma kampaniyasının 5 illiyi münasibətilə nəşr olunub.
Bu nəşrlərdə beynəlxalq terrorizmin bir qolu olan erməni terror təşkilatlarının Azərbaycan torpaqlarında tarixin müxtəlif dövrlərində, xüsusilə ötən əsrin son illərində Ermənistan silahlı birləşmələrinin və onların havadarlarının köməyi ilə işğal olunmuş Dağlıq Qarabağ ərazisində, o cümlədən Xocalı şəhərində törətdikləri kütləvi qırğından, vəhşilikdən, soyqırımından bəhs edilir.
İkicildlikdə "Xocalıya ədalət!" kampaniyası çərçivəsində beynəlxalq aləmdə həyata keçirilən təqdirəlayiq tədbirlərdən söhbət açılır. Zəngin fakt və sənədlərlə, sübutlarla əhatələnmiş bu kitab dünyada terrora və zülmə, işgəncəyə və amansız qətliamlara qarşı mübarizədə tarixi həqiqətlərin önəmli bir toplusu kimi oxucuların diqqət mərkəzində olacaq.
Müəlliflərin araşdırmalarına xüsusi rəyin və nəşrə "Ön söz"ün müəllifi, Milli Məclisin deputatı, Avropa Şurası Parlament Assambleyasındakı Azərbaycan nümayəndə heyətinin üzvü, AMEA-nın müxbir üzvü, filologiya üzrə elmlər doktoru, professor Rafael Hüseynovdur.
Müəlliflərin məqsədləri Xocalı faciəsinin əsl mahiyyətini, cinayətkarları və onların havadarlarını dünyaya bəyan etmək, ikili standart mövqeyində dayanmış ayrı-ayrı dövlətləri, bəzi beynəlxalq təşkilatları haqqın səsinə səs verməyə çağırmaq, onları beynəlxalq qurumların bu faciə ilə əlaqədar və eləcə də insan hüquqları və azadlıqları haqqında qəbul edilmiş qərarlarına, müraciətlərinə hörmətlə yanaşmağa çağırmaq, həm beynəlxalq hüquq normaları çərçivəsində, həm də əxlaqlı, saf siyasi yanaşma yolu ilə Xocalı faciəsinə hüquqi və siyasi qiymət vermək istəyidir.
Kitabın mahiyyəti göstərir ki, "Xocalıya ədalət!" çağırışı beynəlxalq terrora qarşı mübarizədə humanizm dəyərləri üzərində köklənmiş güclü və yeni strateji modeldir. Şübhəsiz, təqdim edilən kitabları oxuyan və obyektiv təhlil edən hər kəs bu modelin böyüklüyünü və əhəmiyyətini dərk edəcək və gələcək mübarizəmiz, qələbəmiz üçün lazımi nəticələr çıxaracaq.
İkinci cilddə Xocalı soyqırımı qurbanlarının, ümumilikdə, həmçinin azyaşlı, yetkinlik yaşına çatmayanların, rayonun qəsəbə və kəndləri üzrə qətlə yetirilənlərin, diri-diri yandırılanların, faciədən sonra indiyədək itkin düşənlərin və digər istiqamətlərdə konkret siyahılar da yer alıb.
Kitablarda Azərbaycan, ingilis, türk və digər dillərdən olmaqla yüzlərlə mənbələrdən, eləcə də internet resursları da daxil olmaqla, ümumilikdə, 350-dək mənbədən istifadə edilib.