Millət vəkili Ülvi Quliyev bu gün evlərinin söküntüsü zamanı ödənilən kompensasiyadan narazı qalan “Sovetski” sakinləri ilə görüşəcək.
Deputatın Modern.az-a verdiyi məlumata görə, mütəmadi olaraq İcra Hakimiyyəti, “Sovetski” nin köçürülməsi ilə bağlı yaradılan komissiya üzvləri ilə əlaqə saxlayır.
“İnsanları narahat edən problemlər qaldırılır. Son zamanlar ərazinin köçürülməsi ilə bağlı həm telefon vasitəsilə əlaqə yaradırıq, həm də görüş keçiririk. İnsanların narazılığına səbəb olan məsələləri ümumiləşdirib aidiyyatı orqanlara çatdırırıq”.
Ü. Quliyev bu gün keçirəcəyi görüşdə sakinləri narahat edən məsələlərə diqqətlə qulaq asıb səlahiyyəti çərçivəsində onun həllinə çalışacaq.
“Bu günə kimi bir nəfəri belə, müqavilə bağlanmadan, razılığı olmadan köçürməyiblər. Yəni sakinlərin incidilməsi məsələsi olmayıb. Sadəcə olaraq sakinlər kompensasiyanın onlara yetməməsindən narahatdırlar. Hələ ki müəyyən olunan kompensasiya verilir. Yəqin ki, kompensasiyada nə isə yenilik olacaq, İcra Hakimiyyəti də bu məsələ ilə bağlı rəhbərliyə müraciət edəcək. Yəni elə etməliyik ki, vətəndaş narazı qalmasın”.
Qeyd edək ki, artıq Bakının “Sovetski” adlanan ərazilərində etirazlara baxmayaraq söküntülərə başlanılıb. N. Nərimanov heykəlinin yaxınlığında kompensasiya almış bir qrup əhali evlərini tərk edib. Söküntünün getdiyi ərazidən köçürülən sakinlərə evlərinin hər kvadratmerti üçün 1500 manat kompensasiyanın verildiyi bildirilir.
Bakının “Sovetski” adlanan ərazisində yaşayan sakinlərin böyük əksəriyyəti hər kvadrata 1500 manat kompensasiya verilməsinin əleyhinədir. Veriləcək kompensasiyaya etiraz olaraq ilk böyük kütləvi etiraz aksiyası fevralın 16-da keçirilib. Aksiyada sakinlər hər kvadrata 4000 manat istəyiblər.
Gültəkin ƏLƏSGƏR