Modern.az xəbər verir ki, yazıçı-publisist Camal Zeynaloğlunun “Talelər dünyası” kitabı işıq üzü görüb. Bu yazıçının sayca 10-cu kitabıdır. Bundan əvvəl müəllif “Tanrı cəzası”, “Nakam məhəbbət”, “Ölüm doğmalığı”, Aqata Kristinin “Baş nazirin oğurlanması” adlı tərcümələr toplusu kitabları ilə oxucularının görüşünə gəlib.
“Talelər dünyası”nda ictimai həyatımızda baş verən hadisələr müəllifi həm bir vətəndaş kimi, həm də qələm əhli kimi gözgörəsi narahat edir. Xalqımızın ən öyünməli, ən güvənməli cəhətləri olan milli dəyərləri – ailə məsələləri, qadın ləyaqəti, qadın şərəfi, isməti mənəvi, əxlaqi, etik baxımından təhlükə qarşısında olduğunu cəmiyyətə mesaj verir. Bütün bunlar Camal Zeynaloğlunun narahat ürəyindən keçib özünün, eləcə də oxucuların sinirlərinə, varlıqlarına sirayət edir. Əsərlərdə səhifələri çevirdikcə C. Zeynaloğlunun milli-mənəvi dəyərlərə bağlılığı üzə çıxır, onun narahat qəlbinin döyüntüsü eşidilir. Əsər boyu yazıçı mentalitet təəssübkeşi kimi qarşımıza çıxır, oxucunu insan ləyaqətinin böyüklüyünə inandırmağa çalışır. Azərbaycan ailəsi müəllifin yaradıcılığında qırmızı xətlə keçir. C. Zeynaloğlu bu cür həssas mövzulara müraciət edəndə, həyat təcrübəsi ilə ədəbi təfəkkürünü birləşdirib, ortaya maraqlı ədəbi nümunə çıxara bilir.Qadın dünyasına yaxından bələd olan müəllif sizləri uğurlu-uğursuz qadın taleləri ilə baş-başa buraxır, eyni zamanda bilməyərəkdən hisslərinin əsirinə çevrilmiş, sevgi və məhəbbətdə uğursuzluğa düçar olmuş, yanlış yollara varmış qızlarımıza doğru yol göstərərək, həyatda bu yanlışlarını düzəltmək üçün onlara daha bir şans verir.
Modern.az