“Hələ ki, Mətbuat Şurasında o barədə müzakirə getməyib. Amma mən düşünürəm ki, bunun üçün əvvəlcə prinsiplər müəyyənləşməlidir. Çünki saytların sayı çoxdur və onlar müxtəlif formalıdır. Ona görə əvvəlcə müəyyənləşməlidir ki, söhbət hansı saytlardan gedir”.
Bunu Modern.az-a açıqlamasında Mətbuat Şurasının internet mediası üzrə komissiyasının üzvü Vüsalə Mahirqızı saytlara dövlət maliyyəsi ayrılması məsələsindən danışarkən deyib.
V. Mahirqızının sözlərinə görə, yalnız ciddi qaydaların tətbiqindən sonra saytlara belə yardım ayrılmaq olar: “Tutaq ki, bu gün fəaliyyət göstərən saytların hətta, media qurumu kimi fəaliyyət göstərən saytların əksəriyyətinin nə redaksiyası, nə xüsusi bir heyəti var. Bir nəfər oturur, önündə bir kompüter var və başqa saytlardan yığılan materiallar, sosial şəbəkələrdən hazırlanan xəbərlər əsasında sayt fəaliyyət göstərir. Bu səbəbdən mən hesab edirəm ki, əgər KİVDF saytlar üçün də yardım ayıracaqsa, o zaman birinci növbədə prinsiplər çox ciddi müəyyənləşməlidir. Çox ciddi qaydalar tətbiq olunmalıdır. Məncə, o vəsaitin ayrılması ancaq bunun əsasında həyata keçirilə bilər. Açığı, biz indiyə kimi bu barədə müzakirə aparmamışıq. Yəni mən bilirəm ki, belə bir niyyət var. Amma hələ ki, elə bir müzakirə başlanılmayıb”.
Qeyd edək ki, çap mediası kimi Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) saytlara da yardım ayırması müzakirələrə səbəb olsa da, hələ ki, bu reallaşmayıb.
Misranə Həsənzadə