“Müsavat Partiyasında başqanlıq uğrunda mübarizə gedir, bir neçə nəfər başqanlığa iddialıdır. Bu, normal prosesdir. Bunun hər bir partiyada baş verməsi arzuolunandır. Əlbəttə, bir nəfərin uzun müddət partiya rəhbərliyində qalması düzgün deyil. Partiya seçkilər zamanı subyektiv səbəblərdən qələbə qazana bilmirsə, deməli, dəyişiklikliyə ehtiyac var. Müsavat da bu dəyişikliyə gedir”.
Bunu Modern.az-a “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, analitik Elxan Şahinoğlu Müsavat Partiyasındakı başqanlıq uğrunda mübarizəni şərh edərkən deyib.
Onun sözlərinə görə, bu məsələdə önəmli olan mübarizədə partiyanın monolitliyinə zərbə dəyməməsi, bütövlüyün qorunmasıdır: “Bəzən elə olur ki, yeni sədr seçilir, bəzi qruplar onu qəbul etmirlər və fərqli bir platforma ortaya qoyurlar. Səsvermədən narazı qalanlar olarsa, əlbəttə, bu, partiyadan qopmalara gətirib çıxarar”.
E.Şahinoğlu Müsavat Gənclər Təşkilatında (MGT) baş verənlərə də münasibət bildirib: “Əgər sədrlik uğrunda bu cür üsullardan istifadə edirlərsə, bu, partiyanın imicinə zərbə vura bilər. Mətbuatda gedən məlumatlara görə, Gənclər Təşkilatında baş verənlər araşdırılır. Partiya rəhbərliyi buna münasibət bildirməyib. Kimsə sədrlik uğrunda mübarizədə qeyri-demokratik üsullardan istifadə edəcəksə, bu üsullarla rəqiblərini neytrallaşdırmağa çalışacaqsa, bu, Müsavata başucalığı gətirməyəcək. Sağlam rəqabət şəraitində seçilən sədrə hörmət ola bilər”.
Ekspert şanslı namizədin seçki vaxtı bilinəcəyini qeyd edib: “Müsavatın rayon təşkilatları var, başqanlığa namizədlər rayonları gəzib, tərəfdarlarını inandırmağa çalışmalıdırlar. Məncə, bu prosesdə Arif Hacılı irəlidə görünür, o, artıq təbliğata start verib. Digər namizədlər isə təbliğata başlamayıblar”.
Qeyd edək ki, Müsavat Partiyasi mayın 24-də qurultay keçirməyi planlaşdırıb.
İlkin