Modern.az

“Dövlətqaçqınkom” sədri məmurları dələduzluqda itttiham etdi

“Dövlətqaçqınkom” sədri məmurları dələduzluqda itttiham etdi

19 Fevral 2014, 13:54

“Bu günlərdə Gəncədə bir məcburi köçkün mənzil əldə etmək üçün binanın damına çıxıb intihara cəhd etmək istəyib. Mənzil əldə etmək üçün özünü yandırmaq kimi meyllər ortaya çıxıb. Mən bir daha xəbərdarlıq etdim ki, bu yolla mənzil almaq mümkün deyil. Bizdə siyahılar var və biz bilirik ki, orda 20 il yaşayanlar kimdir”.

Modern.az saytı xəbər verir ki , bu barədə jurnalistlərə açıqlamasında baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov son vaxtlar ölkənin bəzi bölgələrində, həmçinin Bakıda dələduzların peyda olması və onların məcburi köçkünlərə istiqamətlənməsi barədə danışarkən deyib.

O, misal kimi kəlbəcərli köçkünün işğaldan bir neçə il əvvəl Azərbaycanın digər bölgəsinə gəlib yaşamasını göstərib:

“Bir il bundan əvvəl Kəlbəcər rayonu İcra Hakimiyyətinin bəzi işçiləri qanunsuz yolla bu şəxsi qeydiyyata salırlar ki, ev alsın. Bu yaxınlarda qəbuluma məcburi qaçqın olan qadın gəlib və bildirib ki, 44 nəfər məcburi köçkündən dələduzlar 370 min manat toplayıb. Bunların hamısı Ağdamdan olan məcburi köçkünlərdir. Bəlli olanda ki, bu iş dələduzluqdur, həmin şəxs pulun 170 min manatını qaytarıb, qalan pulu ödəyə bilmədiyindən Türkiyəyə qaçıb. Bu cür halların hamısına son qoyulacaq”.

Ə.Həsənov 7-8 rayonda məcburi köçkünlərin evlə təmin olunması üçün tikinti işləri aparıldığını söyləyib: “Ağdamda çox böyük bir qəsəbə tikilir. Bundan başqa, Göygöl, Beyləqan, Saatlı, Füzuli rayonlarında da tikinti işləri davam etdiriləcək. İlin sonuna 4 min ailə, 20 mindən çox məcburi köçkün yeni mənzillərə köçürüləcək. Bakı və Abşeron ərazisində 2 il müddətində tikinti olmayacaq. Qobu bələdiyyəsindən 500 hektar ərazi götürmüşük, gələcəkdə 80 minə yaxın əhali ora yerləşəcək. Gələn il onun sosial-texniki infrastrukturunu hazırlayacağıq. 2016-cı ildə artıq orda yaşayış binaları tikilməyə başlanacaq”.

O, Ermənistan, Azərbaycan-Dağlıq Qarabağ məsələsinə də toxunaraq bildirib ki, Ermənistan Azərbaycan torpaqlarını işğal altında saxlamaqdan heç nə qazanmayıb. Baş nazirin müavini bildirib ki, Azərbaycan prezidentinin xarici siyasətinin istiqamətlərdən biri bütün ölkələrlə, ilk növbədə qonşularla dostluq, mehribanlıq şəraitində əməkdaşlıq etməkdir.

“Bizim də ətrafımızda Türkiyə İran, Rusiya və Gürcüstan kimi dost, qardaş qonşu ölkələr var. Bu gün düşmən mövqeyində olan Ermənistan da Azərbaycanın qonşusudur. Azərbaycanla Ermənistan qonşuluq etməyə məhkumdur. Biz bunu dərk edirik, amma çox təəssüflər olsun ki, Ermənistan rəhbərliyi bunu dərk etmir. Biz bilirik, erməni xalqı səbirsizliklə gözləyir ki, bu münaqişə nə vaxt qurtaracaq və onlar da bir ağ günə çıxacaqlar. Ermənistanın təcavüzkar, faşist rejimi işğaldan əl çəkmir, çünki onlar bu problem üzərində öz kapitallarını formalaşdırıblar və bu problemdən əl çəkən kimi onların da hakimiyyətinin sonu çatacaq”.

Aytən Əliyeva 

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi